2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Çatışmayan şey tənqiddir

Gündəmimizi işğal edən əsas mövzu dolanışıq olanda incəsənət adətən lüks kimi qalır.
Əkin-biçinlə məşğul olan kəndlilər, ofisiant, şofer işləyən cəmiyyətin alt-təbəqələri üçün incəsənət adətən bir tipdə və kəskin (brutal) olan sənətdir.
Hər dəfə taksiyə minəndə çox zövqsüz mahnılar eşidib narahat olurdum, amma fikirləşirdim ki, “onun maşınıdır da. 2 manat pul verib bu boyda yol gedirəm, hələ onun zövqünü də mühakimə etməliyəm?” Amma bir gün dözmədim, sual verdim ki, “həqiqətən dinləyirsiniz belə şeylər?”
Sürücü mənə baxıb güldü ki, “yox, sadəcə səssizlikdir, dedim başın qarışsın. Həmişə belə edirəm. Hamı belə edir.”
Dedim “bəs özünüz nəyi bəyənirsiniz?” Bardaçokdan Rusiyadan gətirilmiş Miles Davis diskini çıxarıb pleyerə qoşdu. Bundan sonra ağzım nədi bir şey deyim?
Schopenhauer düşünürdü ki, əsl incəsənət adamı dünyadan uzaq olur. Çünki “elə şeylər var ki, onlara baxmaq gözəldir, amma onlardan biri olmaq tam ayrı təcrübədir”.
Schopenhauer-in “dahi”si Vincent van Gogh kimi rəssamlar və ya Ian Curtis kimi musiqiçilər idi. Onlar həyata nə bəxş etdiklərini bilmirlər, onlar özlərini ifadə edirlər, “nəsə” edirlər, amma bunu incəsənət kimi qavrayanlar bizik. Van Gogh-un psixoloji əzabları, xəstəliyi bizə rəsm kimi gəlib çatır, Ian Curtisin epilepsiyası bizə Joy Division qrupunun musiqisini bəxş edib.

Saytların yığılması Saytlarin yigilmasi

Əsas klassik incəsənət növləri ədəbiyyat, rəssamlıq, musiqi, heykəltaraşlıq/arxitektura olub. Texnologiyanın inkişafı isə bizə özü ilə birlikdə film sənətini gətirib. Filmdə ədəbiyyat ssenari simasında, rəssamlıq görüntü simasında, memarlıq film setinin inşası, musiqi isə personajların keçirdiyi hiss-həyəcanı bizə ötürən alət simasında özünü göstərib. Qısaca desək, daha yaxşısı kəşf olunanadək ən yaxşısı budur.
İncəsənət mesaj daşıyan bir kimliyə malikdir. Söz demədən ideyanı beyinə yeridə bilməkdir. Məhz buna görə də “dövlət himnləri” adlı anlayış mövcuddur. Yəqin ki, gələcəkdə “dövlət filmləri” adlı bir şey də yaranacaq. Çünki film, ədəbiyyatın və ya musiqinin əksinə hələ pop kulturada müzakirə oluna bilmir.
Lakin inkar etmək olmaz ki, Azərbaycan da son zamanlar bu baxımdan çiçəklənir – xüsusilə ədəbiyyat sahəsində. Tanımaq istəmədiyimiz qədər şair, yazar və müəlliflər şəbəkələşirlər. Elə mən özüm də istəmədiyim qədər müəllif tanıyıram və bir nöqtədən sonra təkcə bir növün bombardmanına qalmaq məni sıxır. Amma bu, nə mənim, nə də digər yazarların problemi deyil.
Çatışmayan şeyi deyim? Tənqidçilik. Hazırkı tənqidçilik səviyyəsi arzuolunan deyil və müəyyən çevrələrə sıxışıb qalıb. Bir ara mən də hər dəfə yeni serial çıxanda bloqumda rəylər verirdim. Özümü elə də professional saydığımdan yox, sırf bu təcrübənin yayılması üçün.
Ölkəmizdə Aygün Aslanova kimi film tənqidçiləri var, amma ixtisası çevrədən çıxa bilmir və media orqanlarımız da nədənsə onları gündəmə gətirməkdə maraqlı deyillər. Çoxu Game of Thrones kimi müasir seriallara və ya ən son filmlərə baxır, amma rəyləri “yaxşı” və ya “pis”dən o tərəfə keçmir. Düşünürəm ki, tənqidçilik həm də gələcəyin rejissorlarını, aktyorlarını ortaya çıxarmaqda faydalı ola bilər.

Bu yaxınlarda “Sudan” adlı qısa filmə rast gəldim. Hardasa üç il əvvəl çəkilmiş bu film bir qrup azərbaycanlı gəncin öz hesablarına çəkilibmiş. Brooklyn short film, Great Lakes və Palm Springs kimi festivallarda da çıxış edibmiş. Filmin baş qəhrəmanı İlyası Orxan Ata canlandırır. Hekayəsi əvvəlcə absurd gəlir, lakin simvolika ilə birləşdirəndə gözəl nüanslar üzə çıxır. Filmin açılış səhnəsi geniş planda ictimai çimərliklə başlayır. Yəni, baş qəhrəmanımız işçi sinifinə məxsus siravi vətəndaşdır. İlyasın tərəf müqabili Arturu ilk dəfə dəmir barmaqlıqlar arxasında görürük. Hekayə davam etdikcə öyrənirik ki, Artur özünü ətrafdakılardan izolyasiya edərək tək-tənha həyat yaşayır. İlyasın dənizdə itib başqa yerdə ortaya çıxması səhnəsi Tövratdakı İlyas peyğəmbərin dənizdə girdaba düşüb qeybə çəkilməsi hekayəsinə müasir yanaşmadır. Arturla İlyasın yemək səhnəsində Atanın performansı təqdirəlayiqdir. Çox rahat və dinamikdir. Onun aktyorluğundakı rahatlıq iki obraz arasında dil sərhədini aradan qaldırır. Vaxt ötdükcə belə bir təəssürat yaranır ki, guya Artur və İlyas həqiqətən də bir-birini başa düşür.
Qloballaşma movzusuna birbaşa istinadların olması həm də müəlliflərin həyatda yaşadıqları təcrübələri göstərir. Bu mövzularda təcrübələr yaşamış tamaşaçılar üçün isə bu tamam ayrı cür zövqlü olur. Çünki verilmək istənilən mesajı daha yaxşı başa düşürlər. İlyasın yemək səhnəsində danışdığı söhbət müharibə haqqındadır və yarımçıq qalır. Burda rejissor, bu tip söhbətləri nə qədər danışsan da bir yerə varılmadığını göstərir.
Filmdə Guy Ritchie və Edgar Wright stilindəki sıçralamalı kəsmə (jump cut) effektinə də rast gəlirik.
Baş qəhrəmanlar “İlyas” və “Artur” öz təbiətlərinin tələblərinə uyğun olaraq da rola bürünürlər. Artur bir almandan gözlədiyimiz rola bürünür – sönük, ruhsuz və təmkinli. İlyas isə qaynayıb qarışan, dominant ünsür – əsl azərbaycanlı kişisi. İlyasın geyiminin əsgər şortiki olması məxsus olduğu cəmiyyətə və həyat tərzinə istinaddır. İlk səhnədən İlyas təzyiq altındadır və sevgilisi onunla əmr tonunda danışır.
Aktyorluq, rola bürünmək dieta saxlamaq, idmana getmək kimi bir şeydir. Hamı öz yolunun ən yaxşı olduğunu hesab edir və ən böyük səhvlərdən birini edir. Çünki özünü ən çox rahat hiss etdiyi komfort zonasında yox, tamaşaçıların gözlərinə xitab edən zonada olmalısan. İlyas və Artur bunu gözəl bacarır – öz təbiətlərinə əks çıxırlar və tamaşaçıların onlardan gözlədiyini verirlər. İlyasın hərzaman pivə içməsini, rejissor obrazın həyat eşqi kimi simvolika edir.
Filmin ən gözəl yönü həqiqətin nə olduğunu ayırd edə bilməməkdir. İlyas məkanlararası səyahətmi etmişdi yoxsa sadəcə intihar etmişdi? Bəlkə də Pablo Picasso-nun sözləri ilə desək “xəyal edə biləcəyiniz hər şey həqiqətdir”.
Bu sadəcə bir film və onun haqqında rəy idi. Lakin filmləri səmərəli izləməyin yolu burdan keçir. Ard-arda film izləmək bizə zövqlü gəlsə də, onun haqqında oturub düşünmək və bir qırağa qeyd yazmaq daha estetik olardı. Bu həm də zövqümüzü inşa edir və oxucularımız arasında gələcəyin potensial kinematoqraflarının çıxmasına səbəb olur.
Odur ki, yazaq. Daim nə iləsə məşğul olaq. İncəsənət artıq təkcə sənətkarların yox, həm də tamaşaçıların işidir.

Cavid Ağa

(BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button