2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Cibimə narkotiki polislər özləri qoydular”

Pünhan Kərimli məhkəmədə neçə tutulmasından danışıb

Üç ilə yaxın Almaniyada mühacir kimi yaşamış, 2021-ci ilin noyabrında Azərbaycana deportasiya ediləndən sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimlinin işi üzrə məhkəmə istintaqı başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 1-də məhkəmə iclasında vəkili Pünhan Kərimlinin atası Vahid Kərimovun əlavə şahid qismində məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs tutulmamışdan öncə atası ilə görüşüb vergi idarəsinə gedib və oradan çıxanda saxlanılıb.

Vəkil həmçinin vergi idarəsindəki müşahidə kameralarının görüntülərinə baxış keçirilməsi haqda vəsatət qaldırıb:

“25 yanvarda Pünhan Kərimli tutulan yerdə – Nərimanov rayonunda vergilər orqanına necə girib çıxdığına dair kamera görüntüləri alınsın. Biz istintaqda da bu barədə vəsatət qaldırmışdıq, rədd olunmuşdu”.
Hər iki vəsatət baxılmamış saxlanılıb.

Daha sonra prokuror ittiham aktını elan edib. İddia olunur ki, AXCP üzvünün üzərindən iki bükümdə metamfetamin və heroin tapılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələrilə ittiham irəli sürülüb.

İttihama münasibət bildirən Pünham Kərimli özünü qətiyyən təqsirli bilmədiyini deyib. Daha sonra o ifadə verib. O bildirib ki, Bakı Slavyan Universitetində təhsil alıb. Universiteti bitirəndən sonra ictimai-siyasi fəaliyyətlə məşğul olub. 2016-cı ildən AXCP-yə üzv olub. Siyasi baxışlarına görə təzyiqlərə məruz qaldığına, işdən çıxarıldığına görə 2018-ci ilin oktyabrında Almaniyaya siyasi mühacirətə gedib:

“Orada da siyasi fəaliyyətlə məşğul olmuşam, aksiyalarda iştirak etmişəm. Sosial şəbəkələr üzərindən sivil şəkildə etirazımı bildirmişəm. 2021-ci ilin noyabrında deportasiya olunmuşam. 2022-ci ilin yanvarında taksi sürüb ailəmi dolandırmaq istəyirdim, ona görə VÖEN açdırmaq lazım idi. Vergilər Departamentinə getdim. Atamla gəlmişdim. Saat 1-ə işləmişdi. 10-15 metr getmişdim, 4 nəfər hücum etdi. Kamera görüntülərində var. Güc tətbiq edib, maşına basdılar. Dedilər, bilirsən niyə tutulursan, incitmə bizi, sən dövlətə, prezidentə qarşı çıxışlar eləmisən. Maşında döyürdülər məni. Başıma kurtkamı keçirmişdilər, boğulurdum. Nərimanov Rayon Polis İdarəsinə gətirdilər. Orada ciblərimi boşaldanda guya iki bükümdə narkotik çıxdı. Mənə dedilər ki, Rzayev Malik, Mütəllimov Oruc necə gedib, sən də elə gedəcəksən. Bu dövlətin yazılmamış qaydaları var. Mənə psixoloji və fiziki güc tətbiq elədilər. Mənə açıq şəkildə dedilər ki, buna görə həbs olunursan. Mənim cibimə narkotiki polislər özləri qoydular”.

Pünhan Kərimli əlavə edib ki, 2021-ci ilin noyabrında Bakıya qayıdandan sonra 1 həftə Altetlər kəndində saxlanılıb. Bu müddətdə telefonu yoxlanılıb, nə işlə məşğul olduğu araşdırılıb.

İndiyədək Almaniyadan deportasiya edilən 6 nəfər həbs olunub. Onlardan 5-i haqqında cinayət işi başlanıb, 1 nəfərə isə inzibati həbs qərarı kəsilib.

Onların hamısı şərləndiklərini deyirlər. Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button