Now Reading:
Çingiz Abdullayev: Onu məndən soruşmayın…

”Mən heykəl qoymuram, heykəli hökumət qoyur”

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Meydan TV-yə müsahibə verib.

– Ölkə Prezidenti Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam verdi. Bi ili “Cümhuriyyət ili” elan etdi. Buna münasibətiniz?

– Sərəncama münasibətim çox yaxşıdır, çünki bu, Azərbaycanın tarixidir. Azərbaycan müsəlman şərqində ilk respublika olub və ilk dəfə Şərqdə qadınlara seçki hüququ verilib. Hətta Amerikadan da qabaq olub, bu. Düzdür, indi deyəndə heç kim inanmır, amma həqiqətdir. Bu, bizim tariximizdə maraqlı bir mərhələdir və mən bunun qeyd olunmasını dəstəkləyirəm.

– Sərəncam verilib, amma cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadənin büstləri sökülür, Bakının mərkəzində ona heykəl qoyulmur…

– Onu məndən soruşmayın, xahiş edirəm. Mən heykəl qoymuram, heykəli hökumət qoyur.

– Amma siz ziyalısınız, münasibət bildirməyiniz normaldı…

– Bəli, görünür ki, sonra olacaq. Nizaminin abidəsi də min ildən sonra oldu. Hətta sonra qoyulan abidəni bəyənib, ziyarət də ediblər. İnanıram ki, abidələrin hamısı vaxtında qoyulacaq. Narahat olmayın, mən inanıram ki, yüzillikdə də olacaq.

– Fuad Poladov müsahibəsində demişdi ki, mədəniyyət sahəsində olan islahatlar ölkədə də gedirsə, deməli, Azərbaycanın gələcəyinə ümid yoxdur. Siz necə düşünürsüz?

– Fuad Poladov mənim filmlərimdə iştirak edib, ona böyük hörmətim var. Amma mən belə düşünmürəm. Çünki bizim mədəniyyətimiz çox inkişaf edir. İndi tanınmış insanlarımız var. Görün musiqiçilər hansı pillələrə çıxıblar. İndi onları Avropa da tanıyır. Düzdür, onu başa düşürəm, çünki teatr, filmlər, kitablarla bağlı bizim çoxsaylı problemlərimiz var. Mən bunların həll olunacağına ümid edirəm.

– Yazıçılar Birliyi ətrafında yaranan kafe qalmaqalının aqibəti necə oldu?

– Yazıçılar Birliyinin 1800 üzvü var, ən azı 2000 nəfər də üzv olmaq istəyir. Əgər belədirsə, niyə bu qədər tanınmış adam üzv olmaq istəyir? Həm də danışanda hörmətlə yanaşmaq lazımdır. 11 yazıçının uşaqları müharibə vaxtı Qarabağda həlak olub. Mənim digər təşkilatlara hörmətim var, amma yazıçılar həqiqətən də öz uşaqlarını müharibəyə göndərmişdilər. Onların arasında xalq şairi Xəlil Rza Ulutürkün, Sabir Əhmədovun oğulları şəhid olub. Hələ 20-dən çox jurnalist, yazıçı şəhid olub. Ona görə də bu təşkilatdan danışanda hörmət eləmək lazımdır. Əgər bu təşkilat olmasaydı, Azərbaycan dilli dövlət olmazdı.

– Amma Hacıbala Abutalıbov buna hörmət eləmədi…

– Mən buna şərh vermək istəmirəm.

Siz nədənsə bəzi sualları cavablandırmaqdan yayınırsınız?

– Yox, mən sizin bütün suallarınızı cavablandırdım. Sağ olun.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.