2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Çingiz Baxşiyevlə bağlı həqiqətləri gizlətmək kimə lazımdır? –Açıq məhkəmənin qapalı davamı

Nəqliyyat nazirinin keçmiş müşaviri Çingiz Baxşiyevin külli miqdarda qızılını mənimsəməkdə ittiham edilən Rövşən Əhmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi bundan sonra da hökmün elan edilməsinə qədər qapalı keçiriləcək. Dünənki prosesdə hakim Rasim Sadıqov zərərçəkənnin vəkilinin vəsatəti əsasında belə bir qərar qəbul edib. Sayı-hesabı bəlli olmayan varidata hansı yollarla yiyələndiyi hələ də ictimaiyyətə qaranlıq qalan bir məmur haqqında həqiqətlərin gizlədilməsində, mətbuatım diqqətindən yayındırılmasında məqsəd nədir, anlaşılmır…

Vəsatət qaldıran vəkil inamsız və sönük çıxışında hüquqlarını müdafiə etdiyi Baxşiyevlərin məhkəmə prosesində hansısa “kommersiya və ailə sirləri”nin açılacağını əsas gətirib. Üstünə də əlavə edib ki, guya əvvəlki açıq iclaslarda söylənilənlər bəzi KİV-lərdə bu ailəyə qarşı böhtan xarakterli məlumatların yayılmasına səbəb olub… Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov cinayət işində hər hansı dövlət, kommersiya və ailə sirrindən söhbət getmədiyini, proses qapalı keçiriləcəyi halda cəmiyyətdə Çingiz Baxşıyevin öz imkanlardan istifadə edərək belə qərarın çıxarılmasına nail olduğu barədə təsəvvür yaranacağını bildirərək prosesin açıq keçirilməsinə tərəfdar çıxıb. Bu zaman Çingiz Baxşıyevin vəkili onun haqqında KİV-ə böhtan xarakterli məlumatlar ötürməkdə günahlandırması hakin R.Sadıqovun etirazına səbəb olub. Bununla belə, hakim zərərçəkən tərəfin vəsatətini təmin edib.
Beləliklə, Baxşiyevlər “qaranlıq otaqda olmayan pişiyin axtarılmasına” bənzəyən bu məhkəmə prosesində onlar üçün ən incə məqamın – “ailə sirləri”nin açılmasının icimaiyyətdən gizli saxlanılması üçün femidadan dəstək almağı bacardılar.  Əlbəttə, qanunvericilik hər bir vətəndaşın şəxsi və ailə həyatına hörmət hüqunu təmin edir. Ancaq bu hüquqdan sui-istifadə edərək, cəmiyyətin mənəviyyatını, digər şəxslərin hüquq və azadlıqlarını təhlükə altında qoymaq da yolverilməzdir.
Əgər külli miqdarda qızılı, “kondisioner karobkası”na yığılmış 30-40 milyon məbləğində xarici valyutanı özünün halal var-dövləti kimi evində və ya hansısa etibarlı bir bankda qoruyub saxlamaq əvəzinə, onu hardan və necə əldə edildiyi dəqiq bəlli olmayan, yaxud  oğurluq və ya haram mal kimi onun-bunun evinin künc-bucağında gizlətdirmək, sonra da əli boşda qalmaq “ailə sirri”dirsə, onu bu qədər açıb-ağartmağa nə lüzum vardı?
Əgər “olan-qalan” qızıl-zinət əşyalarını altı ay əvvəl üç yekə bankaya dolduraraq bir qohuma etibar edib, sonra həmin “bağlama”nı doğmaca qızının evinə aparmağı və əlbəəl kürəkənə təhvil verməyi tapşırıb, üstündən iki ay da keçəndən sonra həmin qohumu “mənimsəmə” ittihamı ilə tutdurub dama basdırmaq kommersiya sirridirsə, ta bu sirri qorumaqdan keçib… Çünki bütün cəmiyyət bu “sirr”dən agahdır…
Burda sirr varsa, o da  Çingiz Nərimanoviçin qızıllarının məhz ailə münasibətləri zəminində yoxa çıxması ehtimalıdır. Bu ehtimalı ötən açıq prosesdə müttəhim Rövşən Əhmədov birbaşa bəyan etmişdi: bu iş Baxşiyevin oğlu Nəriman, qızı Fatma və kürəkəni Ayazla, oğulla kürəkənin xaricdəki birgə biznesinin fəsadları ilə bağlıdır.
Əslində, ictimaiyyətə hələ də qaranlıq qalan məsələ bu qədər varidatın, qızıl-zinətin hansı yolla qazanılmasıdır… Çünki uzun illər dövlət məmuru kimi fəaliyyət göstərən bir şəxsin  rəsmi əməkhaqqından kənar bütün gəlirlərinin şəffaf olması şərtdir.  Çingiz Baxşiyevin xaricdə hansı fəaliyyətlə məşğul olması, hansı əməllər törətməsi ölkə ictimaiyyətini maraqlandırmasa da, onun dövlətimizin büdcəsindən maliyyələşən bir qurumda yüksək vəzifə tutarkən çoxsaylı əmlaka və mülkiyyətə necə yiyələnməsi diqqətdən kənarda qala bilməz. Bu məmurun fəaliyyətinin qanunauyğunluğunun araşdırılması indi, hətta, ictimai bir tələb kimi də ortaya qoyula bilər.
Hər halda, Çingiz Baxşiyevin qızıllarının necə qazanılması və yoxa çıxarılması məsələsi ötən əsrdə Amerikada çəkilmiş məşhur “Makkennanın qızılı” filminnin süjet xətti kimi qarışıq və mürəkkəbdir…
Bu tərəfdən ölkə femidasının təmsilçiləri məsələnin üzərinə “sirr pərdəsi” çəkməyi məsləhət bildilər.
Məhkəmin hökmünü gözləmək lazım gələcək. Elə zamanın da…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button