SEÇMƏ

Conson: “Fransa müharibəyə inanmır, Almaniya Ukraynanın qısa zamanda məğlub olacağını düşünürdü”

Yayımlandı: 23 Noyabr 2022 12:51

O deyir ki, Putinin hesablamaları yanlış çıxıb

Rusiya işğalı başlamazdan əvvəl Almaniya Ukraynanın tez bir zamanda məğlub olacağına ümid edirdisə, Fransa müharibəyə inanmırdı”.

Bunu Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson CNN telekanalına müsahibəsində deyib.

Consonun sözlərinə görə, Almaniya düşünürdü ki, əgər bu baş versə, fəlakət olacaq, onda hər şeyi tez bitirmək, Ukraynaya isə təslim olmaq daha yaxşı olar:

Fransa hakimiyyəti də silahlı münaqişənin başlanması ehtimalını son ana qədər inkar edib”.

B.Conson İtaliyanın keçmiş Baş naziri Mario Draqinin hökumətini tənqid edib:

“İtaliyanlar Rusiyanın enerjisindən “böyük asılılığa” görə Moskvaya təzyiqləri dəstəkləyə bilməyəcəklərini deyirdilər”.

Sabiq Baş nazir Rusiya barəsində də danışıb.

Deyib ki, Rusiya lideri özünü aldadırdı: “Guya Ukraynaya girəcək rus tankları gül-çiçəklə qarşılanacaq, bəzədiləcəkdi. Amma şəhərlər dağıdıldı, on minlərlə günahsız dinc sakin qəddar bombardmanlarda öldürüldü. Məktəblərə, uşaq bağçalarına və xəstəxanalara hücumlar oldu”.

“Putinin qoşunlarının geri çəkildiyi hər yerdə biz onun hərbi cinayətlərinin sübutlarını görürük: sistematik zorakılıq, işgəncə kameraları, minalar və onları tapan mülki şəxsləri şikəst etmək üçün hazırlanmış tələlər”, – deyə Conson bildirib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  “Kukla Teatrının direktoruna xəbərdarlıq edilməyib”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button