Gündəm

Cümhuriyyəti yadplanetlilər yaradıb

Rəsulzadəyə qarşı qısqanclıq ölkə başçısının sərəncamında da özünü göstərdi

Heç kimə sirr deyil ki, mövcud hakimiyyət demokratiya, azadlıq, insan haqları, şəffaf seçki kimi anlayışlara nifrət edir. Məhz buna görə də dəyərləri yaşadan, təbliğ edən, azadlıq carçısına çevrilən, insanların qəlbinə yol tapan adamları cəmiyyətdən təcrid edirlər. Bu münasibət təkcə bugünlə bağlı deyil, əsrlər öncə yaşamış, xalqın sevgisini qazanmış şəxsiyyətlərə qarşı da eyni münasibət var. Bu mənada Məhəmmədəmin Rəsulzadəyə qarşı qısqanclıq, paxıllıq, düşmənçilik daha aydın şəkildə görünür. Rəsulzadənin adı Universitetdən götürüldü, dərsliklərdən çıxarıldı, abidəsinə çuval keçirildi, Rəsulzadə yolçularına divan tutuldu və.s

Azərbaycanın ən şərəfli tarixini yaratmış, bütün ömrünü Azərbaycançılığa həsr etmiş bir şəxsiyyətin, yalnız doğulduğu Novxanı kəndində abidəsi var. Əlacları olsa, o abidəni də götürüb, yerində hansısa məmurun şəklini qoyarlar.

Amma bu qədər anti-Rəsulzadə təbliğatı, tarixi yaddaşlardan silmək cəhdi effektsiz oldu, xalqın qəlbindən Rəsulzadə sevgisini, Cümhuriyyət qurucularına rəğbəti azaltmaq mümkün olmadı. Ona görə də hökumət bütün məsələlərdə olduğu kimi, Cümhuriyyətə münasibətdə də imitasiya yolunu tutub. Belə ki, ölkə başçısı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Belə bir sərəncamın imzalanması müsbət haldır, amma mənfi hal budur ki, sərəncamda Cümhuriyyət qurucularının adı hallanmır, ümumi fikirlər səsləndirilir. Sanki, Cümhuriyyət eramızdan əvvəl yaradılıb və qurucular haqqında dəqiq məlumat yoxdur. Yaxud, elə təəssürat yaranır ki, Cümhuriyyəti yadplanetlilər yaradıb. Geniş sərəncamda Rəsulzadənin və digərlərinin adının çəkilməməsi, qeyri-səmimiliyin göstəricisidir. Amma Cümhuriyyətin 100 illiyi ilə  bağlı verilmiş sərəncamda da Heydər Əliyevin fəaliyyətinə işıq salınır, onun xidmətləri yüksək qiymətləndirilir:

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı-deyə sərəncamda bildirilir.

Göründüyü kimi Cümhuriyyətlə bağlı sərəncamda da əsas diqqət Heydər Əliyevin üzərinə yönəldilir. Cümhuriyyət dövrünün qəhrəmanlarının izi itirilir, Rəsulzadə məqsədli şəkildə xatırlanmır.

Yəni, Cümhuriyyətin 100 illiyinin “təəssübkeşlər”i, Cümhuriyyət qurucusunu 1 dəfə xatırlamaq ehtiyacı duymayıb. Hansıki, hakimiyyət təmsilçiləri də Azərbaycanla bağlı müsbət  nümunələr axtaranda, məhz Cümhuriyyət düvrünə ekskurs etmək məcburiyyətində qalırlar. Çünki, mövcud hakimiyyətin dövründə ortaya çıxarılacaq hər hansı müsbət nümunə olmayıb.

Müxtəsər, ölkə başçısının sərəncamında Rəsulzadə və tərəfdaşlarının adı çəkilməsə də, “Cümhuriyyət” deyəndə “Azərbaycan” deyəndə bu dahi öndərlər xatırlanır. Yəni, Cümhuriyyətin yadplanetlilər tərəfindən deyil,  qürurla xatırlanan , dərin rəğbət bəslənilən şəxsiyyətlər tərəfindən yaradıldığı danılmaz faktdır.  Ona görə də hökumətin qeyri-müəyyənlik yaratması, tarixə adsız ekskurs etməsi əbəsdir.

Samir

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button