AZ24SAAT.ORG

Now Reading:
Dərsliklər çap edən nəşriyyatın rəhbərinə 1.6 milyonluq suçlama

«Dəmirbank»ın «Bayıl» filialının müdiri, 32 yaşlı Fərəh Rəşadətli banka qoyulmuş üç milyona yaxın əmanəti mənimsəməkdə suçlanaraq mühakimə olunur. Amma onun özü də Təhsil Nazirliyinin sifarişi ilə dərsliklərin çapıyla məşğul olan «Təhsil Nəşriyyat-Poliqrafiya» MMC-nin rəhbəri Tural Axundovu ittiham edir. Tural Axundov isə bankda pulu batmış zərərçəkmişlər siyahısındadır…

«Dəmirbank»ın filial müdiri danışdı: «Əmanətləri o götürüb…»

«Dəmirbank»da əmanətlərin mənimsənilməsi ilə bağlı araşdırmalar bir ildən çoxdur davam edir. F.Rəşadətli istintaq dövründə ev dustaqlığında olub. Amma məhkəmənin elə ilk iclasında ev dustaqlığı qətimkan tədbiri ləğv olundu və o, həbs edildi. Sabiq filial müdiri üç aydır həbsdə olsa da, məhkəmədə ifadə vermirdi. Fevralın 20-də keçirilən məhkəmədə isə danışmaq qərarına gəlib.

Bu cinayət işi üzrə F.Rəşadətli ilə yanaşı, filialda xəzinədar olmuş 31 yaşlı Tamamgül Xanlarova və bankın daha bir əməkdaşı, 28 yaşlı Fariz Qarayev də məhkəmə qarşısına çıxarılıb. Onlar həbsdə deyil.

Rəşadətli və daha iki işçisi 8 əmanətçinin banka əmanət kimi qoyduğu pulların mənimsənilməsi, sənədlərə yalan məlumatlar yazılması, dələduzluq kimi əməllərdə günahlandırılır. Zərərçəkmişlərdən 7 nəfər də bir-biri ilə qohum olan iki ailənin üzvləridir. Bunlardan biri Təhsil Nazirliyinin sifarişi ilə dərsliklərin çapıyla məşğul olan «Təhsil Nəşriyyat-Poliqrafiya» MMC-nin təsisçisi və baş direktoru, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundovun özü və ailəsi, digəri isə Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün ailəsidir.

İttihama görə, «Dəmirbank»da əmanətlərin mənimsənilməsi nəticəsində Bəhruz Axundova 400 min, onun həyat yoldaşı Əzizə Axundovaya 1 milyon 155 min, qızı Pərvanə Əliyevaya 400 min, oğlu Tural Axundova 395 min, gəlini Gülnur Axundovaya 300 min ziyan dəyib.

Daha iki zərərçəkmişin biri – Sevda Xəlilova Gülnurun anası, Firəngiz Xəlilova isə bacısıdır. Onlar Xəlil Rzanın gəlini və nəvələridir. S.Xəlilova 300 min manat, qızı Firəngiz isə 150 min dollar ziyana düşüb.

B.Axundov 2017-ci ilin iyununda dünyasını dəyişib. Ardınca oğlu Tural Axundov «Təhsil Nəşriyyat-Poliqrafiya» MMC-nin baş direktoru olub.

F.Rəşadətli məhkəmədə ifadəsində deyib ki, Tural Axundov qohumlarından bəzilərinin adına olan əmanəti bankdan götürüb, öz biznesinə yatırıb və həmin pullar batıb. Bəzilərini isə ailə üzvlərindən alsa da, ümumiyyətlə, banka qoymayıb.

Təqsirləndirilən filial müdiri ilə T.Axundov həm sinif yoldaşı olublar, həm də uzaq qohumdurlar. Axundov Rəşadətlinin bacısının həyat yoldaşının dayısı oğludur.

«Fikirləşdim ki, qohumdular, məni həbs elətdirməzlər»
F.Rəşadətli deyir ki, 2011-ci ilin sonunda T.Axundov yanına gəlib, banka 150 min manat əmanət qoymaq istədiyini söyləyib. Bir müddət sonra isə bankdan iki arayış istəyib, bildirib ki, şirkət açıblar, ondan ötrü lazımdır: «Mən də hazırlatdırıb verdim. Arayışın biri anası Əzizə xanımın adına idi».

Bundan bir müddət sonra mərhum Bəhruz Axundovun dəvətiylə onların şirkətində görüşüblər və başqa banklarda olan hesablarının «Dəmirbank»a köçürülməsi haqda razılığa gəliblər: «Bir qədər sonra Tural qayınanası Sevda xanımı gətirdi, onun və qızı Firəngizin adına əmanət qoyuldu. Əmanət qoyulanda Tural burada yox idi. Gələndə dedi ki, Sevda xanımgilin adına qoyulan pullar onundu. Pulu istədi, dedi ki, iş üçün ona lazımdır. Mən də məxaric edib Turala qaytardım. Bir müddət sonra Sevda xanım dedi ki, əmanətin faizi karta köçməyib. Bunu Turala dedim. Bildirdi ki, o pulu yol tikintisi ilə bağlı işə qoyub, Sevda xanımgil bilmir. Onların kartına hər ay özü faiz köçürürmüş, indi ödəyə bilmir. Xahiş elədi, Sevda xanıma deyim ki, faizlər bir müddət sonra birlikdə ödəniləcək. Qohumdur deyə, Turalı qayınanasıgilin yanında pis vəziyyətdə qoymaq istəmədim. Öz hesabımdan faizləri onların kartına ödədim, düşündüm ki, axırda Tural verəndə götürərəm. 2015-ci ilin oktyabrından mən də faizləri ödəyə bilmədim, onlar baş idarəyə şikayət etdilər. Tural mənə dedi ki, «sən kənara çəkil, biz pulu bankdan alacağıq». Nərimanov məhkəməsində proses gedəndə də bizlik iş yox idi. Sonra dedilər ki, işçilərin tutulacaq, onda hər şeyi öz boynuma götürdüm. Fikirləşdim ki, qohumdur, yəqin məni həbs elətdirməzlər».

«Qardaşı hakimdir, onun adıyla məni hədələyirdilər»
Sabiq filial müdirinin sözlərinə görə, ittihamda Pərvanə Əliyevanın adına banka 400 min əmanət qoyulduğu yazılıb, əslində isə heç 4 manat da qoyulmayıb, həyat yoldaşı Gülnur Axundovanın adına olan 300 mini də Tural özü götürüb.

«Tural gəlib dedi ki, pulu biznesdə batırıb, atası da tələb edir. Mənə təklif elədi ki, borc tapıb verim, yoxsa atası məndən prokurorluğa şikayət edəcək. Mən də çıxış yolu tapmaq üçün faizləri ödəyirdim ki, vaxt uzansın. Mən istintaqda deməmişəm ki, pulu özümə xərcləmişəm. Həmin vaxt hamiləliyimin son dövrü idi, uzun müddət otura, ifadə verə bilmirdim. Ona görə də müstəntiqə dedim ki, nə istəyirsən yaz, qol çəkim gedim», – F.Rəşadətli istintaqdakı ifadəsi ilə məhkəmədə söylədikləri arasında ziddiyyəti belə izah edib.

T.Axundovun qardaşı Toğrul Axundov Yasamal Rayon Məhkəməsinin hakimidir. F.Rəşadətli deyir ki, həmin hakimin adı ilə onu hədələyirdilər: «Toğruldan qorxduğum üçün sürücüm vasitəsiylə hər ay pul göndərirdim».

Banka qoyulmuş əmanətlərin hansı əsasla çıxarılıb T.Axundova verilməsinə gəlincə, F.Rəşadətli belə izahat verib: «Əmanətə görə imzalanan müqavilədə faizdə səhv var idi. Sənədi yenidən çap etdik və onu Tural imzaladı. Ona görə də məxaric edəndə Turalın imzası ilə çıxardıq. Mən Turala 1.6 milyon pul ödəmişəm».

T.Axundov öncəki məhkəmə iclaslarından birində zərərçəkmiş qismində dindirilərkən F.Rəşadətlinin söylədiklərini təkzib edib. Bildirib ki, özünün və yaxınlarının əmanətləri «Dəmirbank»a qoyulub. O, həmin əmanətlərdən bir manat da götürməyib.

«Dəmirbank»dakı əmanətlərlə bağlı məhkəmə martın 1-də davam edəcək.

(azadliq.org)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.