Loading...
Loading...
SEÇMƏ

Dərsliklər: qarışıq suallar, çətin misallar, ağır terminlər və eyni müəlliflər…

“İbtidai sinif dərslikləri qarışıq və diqqət yayındırıcıdır”

2021-2022-ci ilin tədris ili arxada qaldı. Artıq dərsliklər də təhvil verilib. Tədris ilinin nə dərəcədə uğurlu olub-olmaması isə müəyyən suallar yaradıb. Məsələn, bir çoxları düşünür ki, xüsusən ibtidai sinif dərslikləri azyaşlı uşaqlar üçün qarışıq və anlaşılmazdır.

Valideynlər şagirdlərdən daha çox əziyyət çəkir…

Valideyn Yasəmən Şahverdiyeva övladları Selcan və Aliyə üçün narahatdır. Dərsliklər onu qane etmir, bu azmış kimi, təhsil sisteminin yaratdığı ağırlıq da valideyn olaraq, onun üzərinə düşür. Ona görə də uşaqlarını repetitor yanına göndərmək məcburiyyətində qalır.

Amma o, tək deyil. Deyir ki, son illər dərsliklərin ağır yüklü informasiyası səbəbindən çox sayda uşaq 4-5 yaşından hazırlığa getmək məcburiyyətindədir:

“Mən övladlarımın təhsili ilə ciddi məşğul olan valideynəm. İki qız övladım var: 2-ci və 4-cü sinifləri bitirdilər. Hər ikisi əlaçıdır, amma müəllimlə yanaşı, özüm də onların üzərlərində çalışır və hətta yay tətilində də hazırlığa göndərirəm. Çünki ibtidai siniflərdə təhsil alan şagirdlər üçün tərtib olunan dərsliklər çox qarışıq və diqqət yayındırıcıdır. Tərtibatçılar sanki uşaqların beyin inkişafına qarşıdırlar. Beyin inkişafının heç bir norması gözlənilmir”.

Onun sözlərinə görə, mətnlər, çalışmalar o qədər qarışıqdır ki, öncə böyüklər diqqətini toplayıb həll etməyə çalışmasa, uşaq üçün çox çətin olar:

“Məsələn, bir vaxtlar yuxarı siniflərdə “Anatomiya” dərsliyində öyrəndiyimizi indi 4-cü sinif dərsliyinə salırlar. Axı insanın daxili orqanlarının funksiyalarının 4-cü sinif şagirdinə keçilməsi anlaşılan deyil. Planetlər, Günəş sistemi, yerin cazibə qüvvəsi, qarışıq texnoloji bilgilər və onların qəliz dildə izahı yolverilməzdir. Məcbur olub yay tətilində uşaqları hazırlığa qoyuram”, – Yasəmən Şahverdiyeva deyir.

“İbtidai sinif dərsliklərinin mənimsənilməsi çətindir”

Pedaqoq və təhsil eksperti Ağalar Qəribov deyir ki, dərsliklər daha çox indiki hakimiyyətin təbliğat ruporudur:

“Dərsliklər tədris prosesinin ən vacib hissələrindən biridir. Dərsliklərin keyfiyyəti isə tədris prosesinin ümumi keyfiyyətini müəyyən edən amillərdəndir. Amma indiki dərsliklər daha çox mövcud hakimiyyətin təbliğat ruporu, ideoloji əsasları ilə razılaşacaq kütlə yetişdirmək məramı güdür”.

O, fikrini dərsliklərdəki konkret nümunələr əsasında izah edir: “Məsələn, 3-cü sinfin “Həyat bilgisi” dərsliyinin 87-ci səhifəsində şagirddən

Foto: Ağalar Qəribovun Twitter səhifəsindən

“Venn diaqramı” vasitəsilə maddi və mənəvi dəyərləri müqayisə etmək tələb olunur. Təxmin edirəm ki, bizi oxuyan auditoriyanın böyük əksəriyyəti “Venn diaqramı” anlayışı ilə ilk dəfə məhz burada qarşılaşmış olacaq. Bir çox hallarda 3-cü kurs universitet tələbələri belə, bu suallara cavab verməkdə çətinlik çəkirlər. Deyəsən, dərsliklərimizin müəlliflərinin tanıdığı 3-cü sinif şagirdləri müstəqil şəkildə formal məntiqi əməliyyatları həll edə bilən kiçik dahilərdir”.

Pedaqoq bildirir ki, dərslik müəllifləri 3-cü sinif şagirdlərini debat klublarında peşəkarlaşmış şəxslər kimi qiymətləndirir deyə, hətta sualın bu cür qoyuluşuna baxmayaraq, onların fərqli cavab verəcəyini gözləyirlər.

Onun sözlərinə görə, 4-cü sinif “Musiqi” dərsliyinin 42-ci səhifəsində verilən sual və tapşırıqlar da xüsusi maraq doğurur:

“4-cü sinif şagirdlərindən “Mazurka”, “Tarantella”, “Xota” kimi rəqslərin hansı ölkələrə aid olduğunu bilmək tələb edilir. Kitabda Rimski Korsakovun yaradıcılığında hansı janrların üstünlük təşkil etməsi, “Aida” operasındakı “Marş”da əsas mövzunun hansı alətlə səslənməsi, Çaykovskinin “Şelkunçik” baletində hansı xalqların musiqi nümunələrindən istifadə olunması tipli 4-cü sinif şagirdinin dünyagörüşünə həddindən artıq uyğun olan suallar da var. Həmin dərslikdə 47-ci səhifədə “Aida” operasındakı “Marş”da əsas mövzunun hansı alətlə səslənməsi ilə bağlı sualda “operasındaki” sözünün yazılışı göstərir ki, keyfiyyətlə bağlı problemlərin dairəsinə orfoqrafik səhvləri də əlavə edə bilərik”.

Milli mentalitet dərsliyə salınıb siyasiləşdirilir”

Ekspert digər faktlara da diqqət çəkir. Deyir ki, məsələn, 3-cü sinfin “Azərbaycan dili” dərsliyi üzrə “İş dəftəri”nin 41-ci səhifəsində “Qulaq dərmanı” adlı ibrətamiz hekayə verilməyib, ancaq ondan çalışma salınıb:

“Hekayəni tapıb oxumaq mümkündür. Ancaq çalışmadakı “halal süd əmmiş” ifadəsi diqqət çəkir. Hələ bu azmış kimi, ona sinonim olaraq “namuslu” ifadəsi də işlədilib. Bu ifadələr hekayənin məzmun cavabı olmasa da, onu 8-9 yaşlı şagirdin beyninə yeritməkdə məqsəd nədir? “Namus”la “qorxmaz”ın arasında ciddi məna fərqi var və hekayənin əsas ideyası da həqiqəti deyə biləcək cəsur şəxsin qorxmazlığıdır. Anlaşılan budur ki, milli mentalitet dərsliyə salınıb siyasiləşdirilir. Əks halda, təhsil vasitəsilə “namus” siyasi alətə çevrilməz. Bu tip çalışmalarla qorxmazlıq namusla assosiasiya edilərək şagirdləri kor edir”.

“Həmin dərsliyin 31-ci səhifəsində isə dərsə yeni başlayan şagirddən Əli Kərimin “Adam” şeiri əsasında “İnsan ilk növbədə öz vicdanı qarşısında məsuliyyət daşımalıdır” kimi dərin düşüncə tələb edilir. Bu yaşda uşaqlardan vicdana dair dərin düşüncələr tələb etmək isə absurddur”, – deyə Ağalar Qəribov vurğulayır.

Onun fikrincə, eləcə də, 1-ci və 2-ci sinfin “Riyaziyyat” dərsliyində yer alan cədvəl, piktoqram, diaqrama aid misallar, informatikasındakı alqoritm, qeyri-müəyyən mülahizə, kompüter, onun hissələrinin detallı izahı şagirdin beyin inkişafına ziddir:

“Riyaziyyat” dərsliyinin 138-ci səhifəsindəki “Piktoqram” və “Barqraf” sözləri haqqında 3-cü sinif şagirdinin məlumatlı olması faktını kənara qoysaq, “Heops piramidası” və “Biq Ben” kimi abidələrin ona tanışlığı, bu abidələrin yüksəkliyi barəsində informasiyaya sahib olması faktı belə çox qəribə görünür. 2-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş “İnformatika” dərsliyinin müəllifləri şagirdlərdən alqoritmi, digər mövzularda isə qrafik redaktor, mətn redaktoru, mətnin formatlanması və bu kimi bənzər mövzular üzərində düşünməyi tələb edirlər”.

Azərbaycan dili” dərsliyinə salınan hər biri 2-3 səhifəlik nağıllar, onlar əsasında tələb olunan hekayə xəritələri, Conni Rodarinin “Görünməz Tonino” hekayəsinin əsasında yazılan “Məktəbdə bir gün”, “İsgəndər”, “2500 yaşlı xalça”, “Anaya məktub” adlı hekayələrin həm 2-ci, həm də 3-cü sinifdə təkrarlanması, salınan qrammatika, qəliz terminlər çətin həzm olunur. Yazının bu yerində 3-cü sinif “Azərbaycan dili” dərsliyinin 119-cu səhifəsinə nəzər salaq: 7 nömrəli çalışmadakı terminləri çətin ki, müəllim anlaya, o ki qala, şagird. Eyni ağır terminlər “İş dəftəri”nin 86-cı səhifəsində 4 nömrəli çalışmada da var”, – deyə pedaqoq bildirib.

“Dərsliklərin təsadüfi müəlliflərini nə biz tanıyırıq, nə də şagird”

Ekspert deyir ki, Ləman Həsənli, Zahid Xəlil, Rafiq İsmayılov, Dilruba Cəfərova, Gülşən Orucova kimi eyni müəlliflərin əsərlərinin daha çox yer alması, bəzi əsərlərin rus müəlliflərindən, bəzilərinin isə müəllifsiz verilməsi də diqqət çəkir:

“Nağıl, hekayə və şerlərdə isə təhsilə, elmə aid məqamlar az, daha çox nağıl dili ilə xəyalpərəst, mücərrəd, mifik və utopik məqamlara toxunulub. Şagirdləri reallıqdan uzaq salmaqda məqsəd nədir?!”

“Dərsliklərə çətin terminlər salırlar”

35 ildir ki, sinif müəllimi kimi çalışan Məlahət Abdullayeva bu il birinciləri yola salıb.

Gözdən qaçırmayın:  Pensiyası kəsilən Mingəçevir sakini: “Bu, əlillərə işgəncə mexanizmidir”

Onun sözlərinə görə, son illər dərsliklər nəinki şagirdləri, bir müəllim kimi onu da yorur, çünki dərsliklərə çətin terminlər salırlar:

“Birinci sinif dərsliyində çizgi filmləri, kosmosla bağlı çətin sözlər var. Əvvəlki illərdə dərsliklərin dili daha rahat idi. İzah etmək, mənimsəmək müəllimə də, uşağa da asan olurdu. Anlayıram, xarici yazarların, şairlərin əsərlərinin salınmasını, əhatəli mövzulardan bəhs etmək hardasa normaldır. Ancaq bu uşaq beyininə, qavramına uyğun şəkildə verilsə, yaxşı olar”.

“Əvvəlki yazar və şairlərin uşaqlar üçün yazdığı əsərlərə rast gəlmək olmur. Abdulla Şaiq, Abbas Səhhətdən niyə vermirlər, məgər bizlər onların əsərləri ilə böyümədikmi? Yoxsa N. F. Biz nə bilək bu müəllif kimdir? Daha çox söz yığınına bənzəyir, dilə də yatmır. Riyaziyyatda isə ardıcıllığı gözləmirlər. Bu il uşağa 100 illik kvadrat keçdim, güclə mənimsədilər. Qiymətləndirmə testləri də az qala gündə dəyişir. Düzgün deyil axı”.

Müəllim deyir ki, hətta ibtidai siniflərə keçilən mövzular magistratura səviyyəsindədir:

“3-cü sinif “Riyaziyyat” dərsliyində üçrəqəmli ədədlərin təkrəqəmli ədədlərə vurulması, bölünməsi ilə yanaşı, həndəsi fiqurların, çoxbucaqlının perimetri, tənliklər, hissələr və kəsrlər, fəza fiqurlarının açılışı, simmetriya və koordinat şəbəkəsinə dair misallar var:

“Məsələlərin həlli zaman və valideyn köməyi tələb edir. Məsələn, 3-cü sinif “Riyaziyyat” dərsliyinin 60-cı səhifəsindən 75-ci səhifəsinədək, eləcə də 131-ci və 135-ci səhifəsindəki tapşırıqları şagird müstəqil şəkildə həll edə bilməz. Həmin misallar daha çox magistratura imtahanına düşür”.

Onun fikrincə, ən çox problemlər 3-cü və 4-cü sinif şagirdləri üçün hazırlanan “İnformatika”, “Texnologiya”, “Musiqi” və “Həyat bilgisi” dərsliklərindədir.

“İndiki dərsliklər bir qrup şəxsin əlindədir, monopoliya var”

Uzun illər həm ali, həm orta təhsil mərkəzlərində çalışan filologiya üzrə fəlsəfə doktoru Səkinə Bayramova da dərsliklərin sadələşdirilərək keçirilməsini vacib sayır.

O hesab edir ki, dərsliklər də monopoliyanın qurbanıdır:

“Əvvəlki illərdə Yəhya Kərimov az qala bütün dərslikləri zəbt etmişdi. İndiki dərsliklər də bir qrup şəxsin əlindədir, monopoliya var. Tədqiqatçısı olduğum Rəşid bəy Əfəndizadənin, Mirzə Ələkbər Sabirin, Abbas Səhhətin uşaqlar üçün əsərləri var, onları dərsliklərə salmaq olar. Mövzular əhatəli olsa da, dərsliklər məntiqə kökləndiyindən çox qəlizdir. İllərin pedaqoji fəaliyyəti olan bir müəllim kimi təklif edirəm ki, ibtidai sinif uşaqları üçün hazırlanan dərsliklərə nəzarət edilsin. 4-cü sinifdə niyə tabeli, tabesiz mürəkkəb cümlələr, sintaksis keçirilsin ki? Ağır mətnlər uşaqlarda əzbərçiliyə meyl yaradır”.

“Təhsil Nazirliyi tərəfindən dərsliklərlə bağlı treninqlər keçirilməli, şəffaf tenderlər elan olunmalı və monitorinqlər aparılmalıdır. Bu ilin 4-cü siniflər üzrə keçirilən imtahan monitorinqi buna misaldır. Onun nəticələri açıqlananda ibtidai sinif uşaqlarının durumu bəlli olacaq. Bu, özü də dərsliklərə öz təsirini göstərəcək”, – deyə Səkinə Bayramova qeyd edib.

Filologiya elmləri doktoru Yeganə Qəhrəmanova deyir ki, dərsliklərdə bayram günləri və tarixi hadisələr, 44 günlük müharibə ilə bağlı məlumatlar verilsə də, “Xocalı” hadisəsindən bəhs olunmur.

O, bunu məqbul saymır:

“Məncə, uşaqlar kiçik yaşlarından məlumatlandırılmalıdır. Onsuz da televiziya daxil, kütləvi informasiya vasitələrində uşaqlar bunu hər il eşidir, kadrları görür. Düzdür, nifrət, qorxu ruhunda deyil, tarixi, yaşanılmış fakt kimi vermək olar, necə ki 20 Yanvara dair məlumat verilir. Çünki öz tariximizi kiçik yaşlarından bilməliyik”.

“2-ci sinif şagirdləri üçün nəzərdə tutulan “Həyat bilgisi” dərsliyinin 36-cı səhifəsində bizi belə bir səhifə gözləyir: hərbi geyimli, əldə silah tutan uşaq və “Zəfər çələngi”nə dair şəkillər. 2-ci siniflərdə dərs alan şagirdlərin məruz qaldığı təbliğat bununla tamamlanmır. “Musiqi” dərsliyinin 54-cü səhifəsində göstərilir ki, vətənpərvərlik mahnıları məhz müharibə ilə əlaqəli məzmunu əks etdirməlidir; sülh, elm, insanların öz ölkəsində layiqli həyat uğrunda mübarizəsinə dair məzmunlar isə vətənpərvərliyə aid deyil. Şagirdləri pafoslu cümlələrlə vətənpərvərlik mövzusunda lazım olan qəliblərə salmaqla onlarda gələcəkdə tənqidi təfəkkürün formalaşmasının qarşısını almaq olmaz. Bu, həm də onlarda həqiqi ictimai münasibətləri düzgün dərk etməməyə və düşünməkdən məhrum olmağa gətirib çıxaracaq”, – deyir Ağalar Qəribov.

“Şəngülüm bir məmurun başqa bir Şüngülümlə əvəzlənməsi xilas yolu deyil”

Mütəxəssis monopoliyanın mövcudluğunu qeyd etsə də, əsas səbəb kimi hansısa maraqlı qüvvələrin keyfiyyətli təhsil sisteminin qurulmasına mane olmasını önə çəkir:

“Cəmiyyətə elmi-dialektik baxış göstərir ki, problemlərin həlli şəxsiyyətləşdirici yanaşma ilə mümkün deyil. Yəni ibtidai sinif dərsliklərini Əliqulu yox, Vəliqulu nəşr edəcəksə, mövcud situasiya köklü şəkildə dəyişməyəcək, çünki sifarişçinin – iqtidarın istəyi ilə hesablaşmaq zərurəti var və bu, istisnasızdır”.

“Yaxud məmur Şəngülümün başqa bir məmurla – Şüngülümlə əvəzlənməsi də bizi xilas edə bilməz. Çünki bütün bu məmurlar eyni maraqlar sisteminin yaratdığı şəxslərdir. Hesab edirəm ki, ictimai-iqtisadi münasibətlər kökündən dəyişdirilməlidir. Bu zaman şagirdlər insan üçün həqiqətən vacib olan dəyərlərləri əldə edə, birölçülü insana çevrilməkdən xilas ola biləcəklər”, – deyə o bildirib.

Azərbaycanda dərsliklərin məzmunu 2006-cı ildə təsdiq olunan qaydalarla tənzimlənir.

Təhsil Nazirliyi yeni dərsliklərin siyahısını öncə müəyyənləşdirir, daha sonra isə elan edir.

Nəşrdən öncə dərslikləri Təhsil Nazirliyinin nəzdində yerləşən, büdcədən maliyyələşməyən Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) nəzərdən keçirir. Ümumtəhsil məktəblərinin dərslikləri əsasən beş il müddətinə təsdiq olunur.

Nəşriyyatlar müsabiqədənkənar, kurikulum əsasında dərsliklər hazırlaya bilər. Bu halda naşirlər dərsliyin əlyazmasını və çap olunmuş nümunəsini DQŞ tərəfindən qiymətləndirilmək üçün nazirliyə təqdim etməlidir. Onun qüvvədə olma müddəti isə tədris planı və proqramdakı dəyişikliklər nəzərə alınmaqla müəyyənləşdirilir.

Qanunvericilikdə dərsliklərin məzmunu ilə də bağlı qeyd olunub ki, orada verilən məlumatlar şagirdlərin Azərbaycan xalqının milli, mənəvi dəyərləri ruhunda tərbiyə olunmasına xidmət etməlidir.

Dərslik onların öz ailəsi, xalq, vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hörmət etməsinə yönələn ideyalardan ibarət olmalıdır. Dərsliklər hazırlanarkən şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri də nəzərə alınmalıdır.

“Fənlərin sayının azadılması bizim gündəmimizdədir”

Təhsil naziri Emin Əmrullayev AZTV-nin efirində yayımlanan “Hədəf” verilişində tədrisin məzmunu və valideynlərin fənlərin çoxluğundan şikayəti ilə bağlı irada belə münasibət bildirib:

“Onların bu şikayətlərini haqlı hesab edirəm, təhsilin yükü ağırlaşdırılıb 17 fənnə qədər çıxıb. Şagirdlər yüklənir. Onlar üçün lazımlı fənlər saxlanılmalıdır, bunun üzərində işləyirik”.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov Meydan TV-nin mövzu ilə bağlı yazılı suallarını cavablandırmayıb.

Nazirin fənlərin azadılması ilə bağlı fikirlərinə gəlincə, dərsliklərdə mövcud problemlər, şəffaflıq, məzmun tələbləri yazıdakı faktlardan aydın görünür. Növbəti tədris illəri üçün bu istiqamətdə dəyişiklər isə Təhsil Nazirliyinin verəcəyi qərarlardan, atacağı addımlardan asılıdır.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button