2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Dəyənəklə böyrəklərimə, cinsiyyət orqanıma zərbələr endirdilər”

”Alt paltarında tualeti təmizlətdirib, kameraya çəkirdilər…”

Saleh Rüstəmli: ”O məqamda desəydilər ki, Bin Ladeni sən maliyyələşdirirsən, boynuma götürəcəkdim”

Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin qardaşı oğlu Vidadi Rüstəmli də əmisinin onun vasitəsilə AXCP sədri Əli Kərimliyə 700 min pul göndərməsi haqda ifadəyə imza atmaq üçün dəhşətli işgəncələrə məruz qaldığını bildirib.

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə keçirilən məhkəmədə Vidadi Rüstəmli bu barədə ətraflı danışıb.

1993-cü il təvəllüdlü V.Rüstəmli bildirib ki, mayın 8-də əmisinin həbs xəbərini eşidib, Rusiya səfirliyinə gedib. Lakin onu nə qəbul edən, nə də telefon zənglərinə cavab verən olub. Mayın 10-da özü də izləndiyini hiss edib. Əvvəlcə qaçıb gizlənmək istəsə də, sonra düşünüb ki, heç bir cinayətə yol verməyib, gizlənməsinə də ehtiyac yoxdur. Həmin vaxt yeni dünyaya gəlmiş övladının 20 günlük olduğunu deyən V.Rüstəmlinin sözlərinə görə, o, yaxınlarını narahat etmək istəməsə də, dostlarına izlənməsi haqda xəbər verib. Onu kafeyə getdiyi yerdə tutublar:

Saytların yığılması Saytlarin yigilmasi
“Adımı çağırdılar, çevriləndə dörd nəfər üstümə tökülüşüb qollarımı burdular, qandalladılar.

Məni və maşınımı “banditizm”ə gətirdilər. Həyətdə düşürüb, əllərim qandallı vəziyyətdə təxminən 15 dəqiqə saxladılar. Guya maşınıma baxış keçirirdilər. Həmin vaxt maşınıma narkotik atdılar. Cibimdən pulumu götürəndə cibimə də atdılar. Guya sonra baxış keçirib, maşınımdan iki, cibimdən də bir büküm heroin tapdılar”.

V.Rüstəmlinin sözlərinə görə, bundan sonra işgəncələr başlayıb:

“Mənə dəhşətli işgəncə verdilər. Həyətdə narkotiki atıb götürəndən sonra gözlərimi bağlayıb, binaya gətirdilər, liftlə yuxarı qaldırdılar. Bir otağa salıb soruşdular ki, Əli Kəimliyə nə qədər pul ötürmüsən? Dedim, belə atmosferdə danışmaq olmaz axı, vəkil istədim. Çox pis ifadələr işlətdilər. Əllərim qandallı idi, elə o vəziyyətdə də ayaqyoluna apardılar. Orada dəyənəklə böyrəklərimə vururdular. Sonra cinsiyyət orqanımdan zərbələr endirdilər. Sözlə deyiləsi deyil. Dedilər ki, yəqin bilirsən, əmin də burdadır, istəyirsən ona da bunları eləyək? Dedim, əmimlə işiniz olmasın”.

Bundan sonra otağa aparıldığını deyən V.Rüstəmli bildirib ki, orada bir vəkil görüb. Həmin vəkil onun müdafiəçisi olmasa da, idarədən çıxandan sonra qohumlarına zəng edib, Vidadinin orada təzyiqlərə məruz qaldığını xəbər verib.

V.Rüstəmli deyir ki, idarədəkilərə heç bir cinayət törətmədiyini izah etməyə çalışıb. Təsdiqləyib ki, siyasi məhbus ailələrinə yardım məqsədilə, 300, 500 dollar olmaqla, bir neçə dəfə AXCP üzvlərinə pul çatdırıb. Ən böyük məbləğ 1000 dollar olub. Onun sözlərinə görə, bu ifadə ilə razılaşmayıblar: “Məni yenidən yuxarı qaldırdılar. 7-8 nəfər olardı, dayanmadan döyürdülər. Özümdən getmişdim, oyananda su istədim. Soyuq suyu başımdan ayağıma qədər tökdülər. Sonra aparıb toka verdilər. Tokun təsirindən yıxıldım, təpiklə ağzıma elə vurdular ki, dişim düşdü”.

V.Rüstəmli yaşadığı hadisələri xatırladıqca vahimələndiyini, qadın qohumlarının tutulacağıyla hədələndiyini bildirərək, məhkəmədə bunları danışdıqca ağlayıb:

“Əmim qızı Çilənayın adını çəkirdilər, başqa pis-pis şeylər danışırdılar. Bibimin yoldaşının maşınının nömrəsinə qədər deyirdilər”.

Bu işgəncələr altında ondan tələb olunan ifadəni imzaladığını, tələb olunanları kamera qarşısında söylədiyini deyən V.Rüstəmlinin sözlərinə görə, onu ertəsi gün həbs-qətimkan tədbiri seçmək üçün Nərimanov Rayon Məhkəməsinə aparıblar. Orada hakimə başına gələnləri danışıb:

“Hakimə dedim ki, mənim 20 günlük körpə uşağım var, məni şərləyirlər. Əhəmiyyət vermədi. Haqqımda dörd aylıq həbs qərarı seçildi”.

Vidadi Rüstəmlini məhkəmədən istintaq təcridxanasına aparmayıblar, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə qaytarıblar. Onun sözlərinə görə, yenə də işgəncələr davam edib:

“O qədər işgəncə verirdilər ki, dedim, ya öldürün məni, ya da əl çəkin. Mənə vəkildən imtina ərizəsi yazdırdılar. Tələb edirdilər, yazım ki, əmim hər ay 20-25 min dollar göndərib, mən də Əli Kərimliyə çatdırmışam. Şəxsən mənim özümə gələn pulları da AXCP-yə göndərilən pullar kimi qələmə verdilər. Mənə bir neçə qəbzə qol çəkdidilər ki, guya o pulları götürüb, AXCP-yə vermişəm. Çıxılmaz vəziyyətdə qalmışdım. Elə dəhşətli şeylər eləyirdilər. Təsəvvür edin, məni hamam adıyla kameradan çıxartdılar. Guya yuyunacaqdım, paltarlarımı çıxartdırdılar. Bir tək alt paltarında tualetə apardılar. Əllərində dəyənəklə döyə-döyə tələb elədilər ki, oranı təmizləyim. İmtina elədim. Dedilər ki, dəyənəyi artıq başqa cür istifadə edəcəyik. Əllərində də kamera ilə çəkirdilər. Məcbur olub o vəziyyətdə tualeti silib-süpürdüm, onlar da çəkirdilər. Düzü indiyə qədər bilmirəm ki, onu niyə çəkirdilər. Şantaj üçün, yoxsa nə məqsədləri vardı”.

Vidadi Rüstəmli xahiş edib ki, mayın 10-dan iyunun 6-na qədər Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində olan bütün kamera görüntüləri alınsın. Onun sözlərinə görə, görüntülər həqiqəti ortaya qoya bilər:

“Əmimin siyasi məhbus ailələrinə kömək məqsədilə göndərdiyi və mənim də çatdırdığım məbləğ ümumilikdə 6 min dolları keçməzdi. Çünki elə aylar olurdu ki, ardıcıl 300-500 dollar göndərilirdi, elə vaxt olurdu, 2-3 ay göndərilmirdi. Məsələn, biz mayda tutulmuşuq, amma axırıncı dəfə fevralda göndərilmişdi. Yazıblar ki, guya biz 700 min pul vermişik. Biz 500 dollar pul vermişik, başımıza bu zülmləri gətiriblər, 700 min versəydik, Nəsimi kimi dərimizi soyardılar, Babək kimi doğrayardılar”.

Məhkəmədə hakim həm Saleh və Vidadi Rüstəmlilərin həbs olunduqları ilk günlərdə imza atdıqları ifadələri də elan edib. Onlar bildiriblər ki, ifadələrə işgəncələrdən sonra imza atmaq məcburiyyətində qalıblar.

“Əgər desəydilər ki, Bin Ladeni sən maliyyələşdirmisən, o məqamda onu da boynuma götürəcəkdim”, – deyə Saleh Rüstəmli bildirib.

Məhkəmə yanvarın 29-na qədər təxirə salınıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Az24saat.org məhkəmə prosesini Meydan TV-yə istinadən xəbər verir

Maraqlı xəbərlər üçün FACEBOOK səhifəmizi izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button