2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Dəyişdirilən qədər – Botsvana

Ötən ilə aid korrupsiya indeksində Botsvana 35-ci yeri tutur

Belə bir deyim var ki, coğrafiya qədərdir. Əksəriyyət bununla razılaşır, amma etiraz edənlər də var. İkincilər iki Koreyanı, Yaxın Şərqdə yeganə demokratiya olan İsraili əks-arqument kimi göstərirlər. Mənim fikrimcə, coğrafiya həqiqətən qədərdir, amma mütləq deyil, dəyişdirilməsi mümkün qədərdir. Belə nümunələrdən biri də Afrikanın cənubunda yerləşən Botsvanadır.

Ölkə 2021-ci ilin demokratiya indeksində 10 ballıq şkala üzrə 7,73 bal toplayaraq dünyada 30-cu yeri tutub. Ondan yuxarıda Çexiya, aşağıda isə İtaliyadır. 2022-ci ilə aid hesabatda göstərici dəyişməz qalıb. Ötən ilə aid korrupsiya indeksində Botsvana 35-ci yeri tutur. 

Saytların yığılması Saytlarin yigilmasi

Bəs necə olub ki, adı çəkiləndə ağıla ilk növbədə diktatura, çevriliş, hərbi xunta, korrupsiya gələn Afrikada belə bir dövlət formalaşıb?

***

İndi Bostvana adlanan ölkənin yerləşdiyi ərazidə məskunlaşan tsvana tayfalarının rəhbərləri XIX əsrin sonlarında xarici təhdidlər qarşısında Böyük Britaniyaya müraciət edərək himayə altına alınmalarını istədilər. Nəticədə 1885-ci ilin martında Beçuanalend protektoratlığı yaradıldı. Qurum müstəmləkə deyildi, amma 1891-ci ildən Cənubi Afrikanın ali komissarı tərəfindən idarə edildiyindən müstəqil sayılmırdı. Paytaxtı Mafikenq şəhəri idi.

Protektorat sonradan iki yerə bölündü: şimal hissəsi elə protektorat kimi qaldı, cənub hissəsi isə Mafikenq şəhəri ilə birlikdə Kap koloniyasına birləşdirildi. Buna baxmayaraq, Beçuanalend yenə Mafikenqdən idarə olunurdu. Beləliklə, maraqlı vəziyyət yaranmışdı ki, protektoratın paytaxtı öz ərazisində yerləşmirdi.

Məhz Beçuanalend kimi qalan şimal hissəsində 1966-cı ildə müstəqil Botsvana Respublikası yaradıldı (cənub hissə Cənubi Afrika Respublikasının tərkibindədir). Özü də bu zaman hər hansı silahlı mübarizəsi olmadı, ola bilər, dövlətin ilk xoşbəxtliyi də bundadır. Adətən silahlı mübarizə qəhrəmanları ölkəyə hərbi qənimət kimi baxırlar.

İkinci xoşbəxtliyinin adı isə Seretse Khama idi. 1921-ci ildə anadan olan bu adam üç əsas tsvana tayfalarından biri olan bamanqvato tayfasının hökmdarının nəvəsi idi. Cənubi Afrika Birliyində (gələcək Cənubi Afrika Respublikası) və Böyük Britaniyada hüquq təhsili almışdı.

Şahzadənin 1948-ci ildə Londonda Rut Uilyams adlı ağdərili qadınla evlənməsi həm bamanqvato daxilində, həm də beynəlxalq miqyasda gərginlik yaratdı. Birincisi daha tez həll oldu: Rutun Beçuanalendə gəlişi son illərin ən yağışlı mövsümünə təsadüf etdi. Tayfa üzvləri bunu yaxşı əlamət hesab edib gəlinin ağ olması ilə barışdılar.

Beynəlxalq gərginlik isə elə həmin 1948-ci ildə Cənubi Afrika Birliyində tətbiq edilən aparteiddən doğurdu. Cənubi Afrika hökuməti Britaniya hökumətindən bu nikahın pozulmasını istədi. O zaman özünün atom bombasını yaratmağa çalışan Londonun ucuz CAB uranına ehtiyacı vardı. Buna görə də müxtəlif irqə mənsub olmaları səbəbindən iki nəfərin evliliyinə mane olmaq kimi biabırçı mövqe tutdu.

Serestse Khama 1950-ci ilin martında danışıqlar aparmaq bəhanəsi ilə Londona çağırıldı və ona ölkəsinə qayıtmaq icazəsi verilmədi. 1951-ci il seçkilərindən sonra hakimiyyət dəyişsə də, vəziyyət dəyişmədi. Şahzadəni ölkəsinə buraxmadığına görə Ettli hökumətini tənqid edən Uinston Çörçill özü baş nazir olduqda da eyni cür davrandı. Yalnız Beçuanalendda getdikcə artan etirazlar nəticəsində Seretse 1956-cı ildə vətəninə döndü.

O, 1961-ci ildə Demokrat Partiyasının əsasını qoydu. Partiya 1965-ci ildə, hələ protektoratlıq dövründə keçirilən ilk seçkilərdə böyk uğur qazandı – parlamentdəki 31 mandatdan 28-ə yiyələndi. 1966-cı il sentyabrın 30-da Botsvananın müstəqilliyi elan olundu və Khama parlament  tərəfindən prezident seçildi. Elə həmin gün Konstitusiya qüvvəyə mindi.

***

Yeni müstəqil ölkənin perspektivləri heç də ürəkaçan görünmürdü. Botsvana dünyanın üçüncü ən kasıb ölkəsi sayılırdı. Onun ərazisinin 70 faizini səhralıq təşkil edir. Ölkədə 12 km asfalt yol, 22 ali savadlı və 100-dən az orta savadlı adam vardı. Hətta, dediyim kimi, paytaxtı yox idi. Yalnız 1965-ci ilə Qabarone kəndi yaxınlığında eyniadlı şəhər salmağa başladılar və müstəqillik qazanandan sonra paytaxt oldu.

Sənaye, demək olar, yox idi, kənd təsərrüfatı ibtidai səviyyədə idi. Su çatışmazlığı vardı, buna görə heyvandarlığa üstünlük verilirdi. Ölkənin dənizə çıxışı da mövcud deyildi. Əhali arxaik adlandırıla biləcək səviyyədə yaşayırdı. Adambaşına düşən ÜDM 90 dollara yaxın idi. Bu göstərici qonşu Zimbabvedə 277$, dünyada 627$ idi. Orta ömür həddi 53 il idi.

614 min adamın yaşadığı ölkədə 9 orta məktəb vardı. Əhalinin yalnız 2 faizinin ibtidai təhsilə malik idi. 1968-ci ildə 28 xəstəxana vardı. Yalnız 9 faizi şəhərdə yaşayan əhalinin 47652 nəfərinə bir doktor düşürdü. Müstəqilliyin ilk illərində dövlət xərclərinin 60 faizini beynəlxalq təşkilatların yardımı örtürdü.

Amma bütün bu handikapların əvəzində Botsvananın bir kompensasiyası vardı: hakimiyyətini deyil, dövlətini düşünən mütərəqqi görüşlərə malik prezident.

***

O zaman soyuq müharibə çərçivəsində SSRİ və Qərb dünyanın bütün nöqtələrində, o cümlədən Afrikada mübarizə aparırdılar. Yerli diktatorlar da bundan istifadə edirdilər. Bir adamyeyən diktator özünü marksist, məqsədinin sosializm qurmaq olduğunu elan edən kimi sosialist düşərgəsindən pul, hərbi və mülki texnika, yenə hərbi və mülki mütəxəssislər şəklində yardım alırdı. Digər adamyeyən diktatorun özünü antikommunist elan etməsi kifayət idi ki, həmin şeyləri Qərbdən alsın.

Seretse Khama isə diktatorluq yolunu tutmadı. Onun təsis etdiyi Botsvana Demokrat Partiyası (BDP) sosialistyönümlü olsa da, Afrikanın digər “sosialist”lərindən fərqli olaraq demokratiya yolunu tutdu. Ölkədə çoxpartiyalı sistem, müstəqil məhkəmə, azad mətbuat formalaşdı. Vətəndaş azadlıqları təmin edildi.

Prezident ağdərili əhaliyə qarşı repressiv siyasət yürütmədi. Halbuki belə siyasət digər Afrika ölkələri diktatorların ən populist addımlarından biri idi. Məsələn, XXI əsrin əvvəllərində Zimbabvedə Muqabe buna əl atdı, ölkəni ərzaqla təmin edən ağ fermerlərin torpaqları əllərindən alındı, nəticədə aqrar sektor çökdü. Muqabedən 30 il əvvəl İdi Amin hindliləri Uqandadan qovdu, nəticədə sənaye və ticarət sektoru çökdü. Khamanın isə belə populizmə ehtiyacı yox idi. Mavi fon üzərində qara və ağ zolaqların mövcud olduğu ölkə bayrağında belə barışcıl siyasət əksini tapmışdı.

Prezident iqtisadiyyatın inkişafı üçün bir sıra addımlar atdı. Bu tədbirlərin nə qədər effektli olacağı aydın deyil, əgər 1967-ci ildə yüksək keyfiyyətli almaz yatağı (Orapa) tapılmasaydı. Məşhur “De Beers” almaz şirkəti ilə Botsvana hökumətinin birlikdə yaratdıqları “Debsvana” şirkəti 1971-ci ildən Orapada almaz çıxarmağa başladı. Buradan gələn gəlir iqtisadi problemlərin həlli və sosial yardımlar üçün donor rolunu oynadı. 1975-ci ildə Latlhakane, 1982-ci ildə isə Cvanenq almaz yataqlarının istismarına başlanıldı (Cvanenq dünyada ən zəngin almaz yatağıdır; dördüncü yataq Damtşaa 2003-cü ildən istismar olunur).

Bununla belə, Botsvanın dirçəlişini sırf almazlarla izah etmək doğru deyil. Afrikada faydalı qazıntılarla zəngin, amma əhalisi dilənçi kökündə yaşayan ölkələr az deyil. Bunun da səbəbi siyasi qeyri-sabitlik, tez-tez baş verən çevrilişlər və tüğyan edən korrupsiyadır. Amma Botsvanda bunların heç biri yox idi.

Prezident Khama korrupsiyaya ilə sərt mübarisə aparır, liberal iqtisadi siyasət yürüdür. Ölkədə seçkilər azad və ədalətli keçirilir. Beş il müddətinə seçilən parlament prezidenti seçir. Amma digər parlament respublikalarında fərqli olaraq, Botsvanada baş nazir postu yoxdur, icra hakimiyyətinin başçısı elə prezidentdir.

Əvvəlcə prezidentin təkrar seçilməsi ilə bağlı məhdudiyyət yox idi. Khama özü daha 3 dəfə prezident seçildi. Sonuncu seçkidən 1 il sonra, 1980-ci ildə vəzifəsində vəfat etdi. Onun yerinə keçən Kvett Masire 18 il prezident oldu. Amma Konstitusiyaya 1997-ci ildə edilən dəyişikliyə əsasən, yalnız 10 il prezident olmaq mümkündür.

Botsvana demokratiyasının müəyyən qədər qüsurlu cəhəti keçirilən bütün seçkilərdə BDP-nin qalib gəlməsidir. Hərçənd, bu, saxtakarlıqla əldə olunmur. Əhali həqiqətən də həmin partiyaya səs verir. Son dəfə 2019-cu ildə keçirilən seçkilərdə 52,65% səs toplayan BDP 65 nəfərlik parlamentdə 38 yerə malikdir. Əsas müxalifət koalisiyası olan Demokratik Dəyişikliklər Çətirinin 15 mandatı var.

Belə hal demokratik dövlət üçün arzulanan olmasa da, görünməmiş hal da deyil. Məsələn, İsveçdə sosial-demokrat partiyası 1936-1976-cı illərdə 40 il fasiləsiz hakimiyyətdə olub. Yaponiyanın liberal-demokrat partiyası 1955-ci ildə yaranandan bəri 1993-1994, 2009-2012-ci illər istisna olmaqla ya təkbaşına, ya da koalsiya ilə iqtidardadır.

Botsvananı digər Afrika ölkələrindən fərqləndirən cəhətlərdən biri də hərbi qüvvələrə xeyli az vəsait və diqqət ayrılmasıdır. Müstəqilliyin ilk illərindən Seretse Khama ordu əvəvzinə təhsilə və səhiyyəyə, inqtisadiyyata vəsait ayırmağa üstünlük verir. 11 il ərzində heç ordu yaradılmadı. Yalnız qonşu ölkələrdə gedən münaqişə iştirakçılarının bəzən ölkəyə soxulması səbəbindən 1977-ci ildə azsaylı hərbi qüvvələr yaradıldı.

Botsvana büdcəsinin əsas donoralarından biri də turizmdir. Ölkədə 4 milli park və 7 qoruq var ki, ölkə ərazisinin 17 faizini təşkil edirlər. ÜDM-də xüsusi çəkisi getdikcə artan turizmin inkişafında Botsvananın Afrikada ən təhlükəsiz ölkə olması xüsusi rol oynayır. Yəqin buradakı safari turlarının Afrikada ən bahalı olması da bununla bağlıdır.

Bütün bunlar “Botsvana iqtisadi möcüzəsi”nə səbəb oldu. 1966-1997-ci illərdə iqtisadi artım hər il orta hesabla 9,2% təşkil etdi. Yalnız 1997-ci ilin Asiya maliyyə böhranı bu artımı azaltdı. Son illərdə artım təxminən 5% təşkil edir. Büdcə ili çox vaxt profisitlə yekunlaşır. Müstəqillik dövründə Botsvanada ÜDM 1500% artıb və adambaşına 6,8 min dollar təşkil edib.

Orta ömür həddi 70 yaşa çatıb. Özü də bu göstərici Botsvananın QİÇS-dən ən çox zərər görə ölkələrdən biri olmasına rəğmən əldə olunub. Burada içməli su ehtiyacı tam təmin  olunub.

Botsvana problemlərdən də xali deyil. İqtisadiyyatın şaxələndirilməsi əsas vəzifə kimi qalır. İxracın 75 faizini almazlar təşkil edir. Büdcə gəlirlərinin yarısından çoxunu təmin edən bu sahədə elə də çox adam işləmir. Buna görə də ölkədə işsizlik səviyyəsi 2021-ci ildə 24,5 faizə çatıb. Ötən il Botsvana mətbuat azadlığı indeksində 57 pillə geriləyərək 95-ci yerə düşüb.

Amma bu və ya digər nöqsanlara baxmayaraq, Botsvana nümunəsi məqalənin əvvəlində ifadə etdiyim qənaəti bir daha təsdiq edir: coğrafiya dəyişməz qədər deyil.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button