2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Dedilər ki, zərgərlik sahəsini MTN-də işləyən Füzuli Əliyev inhisara alıb''

Zərərçəkən: “Bu hadisədən sonra sarsıntı keçirən anam rəhmətə getdi”

Saytların yığılması Saytlarin yigilmasi

Martın 28-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə  S.Qurbanovun vəkilləri vəsatətlə çıxış ediblər. Onlar müdafiə etdikləri şəxsin səhhətində problem olduğunu deyiblər və onun müayinə və müalicəsinə şərait yaradılmasını istəyiblər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Zəng vuran şəxs dedi ki, MTN əməkdaşıyam

Daha sonra iclasda zərərçəkmiş şəxslərdən Rauf Həsənov ifadə verib. O, 2010-cu ildə qızıl alveri ilə məşğul olduğunu, Fizuli Əliyev və Yasin Məmmədov tərəfindən MTN-ə çağırıldığını, ondan 300 min manat pul tələb edildiyini deyib. O bildirib ki, borc aldığı 300 min manatı Y. Məmmədova verib.

Zərərçəkmiş qismində dindirilən Rauf Həsənov istintaq zamanı ifadəsində göstərib ki, əvvəllər Yasamal rayonunda yerləşən “Remtoçmex” deyilən müəssisədə zərgərlik məmulatları üzrə usta işləyib. 1995-ci ildən etibarən Mərkəzi Univermaqda zərgərlik fəaliyyəti ilə məşğul olub. Dubaydan və Türkiyədən gətirdiyi qızılları Bakıda icarəyə götürdüyü mağazada satıb. Bir müddət sonra Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 14-də kiçik zərgərlik emalatxanası açıb. Təxminən 2010-cu ildə zərgər yoldaşlarından eşidib ki, MTN-də yüksək vəzifədə işləyən Fizuli Əliyev vasitəsilə bu nazirliyin rəhbərliyi zərgərlik sahəsini inhisara götürüb, bu işə özləri nəzarət edirlər. Elə həmin ilin yay aylarında onun nömrəsinə Fizuli Əliyev zəng vuraraq “20 Yanvar” metrostansiyasına gəlməyi tapşırıb:

”Zəng vuran şəxs dedi ki, MTN əməkdaşıyam, gəl “20 Yanvar”da görüşək, mən də getdim. Onunla “Şamaxinka” ərazisində görüşdük. Orada hədə-qorxu gələrək qızıl qaçaqmalçılığı ilə məşğul olduğumu, məni həbs edəcəyini, sabah MTN-ə gəlməyimi tapşırdı. Ertəsi gün MTN-ə getdim. Füzuli Əliyev məni giriş qapısında qarşıladı, kabinetinə apardı. Xaricdən qaçaqmalıçılıq yolu ilə ölkəyə brilyant gətirməkdə təqsirləndirərək həbs olunacağımı dedi”.

R.Həsənov MTN əməkdaşına belə bir əməl törətmədiyini dedikdə “telefonlarına qulaq asılıb” cavabını alıb:

”Həmin ərəfədə Dubaydan özümə “Land Cruiser” markalı avtomaşın almışdım. Qayıdandan sonra adını xatırlamadığım bir nəfər zəng vurub Dubaydan ona brilyant qaşlar göndərildiyini dedi. Mən də “göndərib, gəlin, baxarıq” demişdim. Bu danışığı da Fizuligil izləyibmiş. Məhz bu danışığa görə Fizuli Əliyev məndən 100 min dollar tələb etdi. Heç bir ittiham, fakt irəli sürmədilər. Yaranmış vəziyyətdən qorxduğum üçün ona həmin pulu çalışıb verəcəyimi dedim ki, məni buraxsın. Amma o qədər pulu verməyə maddi imkanım yox idi”.
 
MTN-də aparılan bu sövdələşmədən sonra R.Həsənov evə buraxılıb. Bir neçə gün dost-tanışa ağız açsa da, sözügedən məbləği toplaya bilməyib. Təxminən 15-20 gündən sonra qohumlarından birinin dəfn mərasimindən ofisə qayıdarkən sexə çatmamış bir nəfər qarşısını kəsərək mobil telefonunu və açarları istəyib. R.Həsənov ondan kim olduğunu soruşduqda, həmin şəxs ona MTN-in Səbail rayon şöbəsinin binasını göstərərək ora getməyi tələb edib. Məcbur olub açarları və telefonu təhvil verib: “Onunla birlikdə piyada həmin şöbəyə getdim. Fizuli Əliyev orada idi. Onlar məni MTN-in İstintaq İdarəsinə gətirdilər. Orada Yasin adlı müstəntiq sənəd göstərib həbs olunduğumu, buraxılmağım üçün 500 min dollar gətirməyimi istədi. Günahsız olduğumu, o qədər pulum olmadığını söylədim. Əksinə, məbləği artırdılar, 600 min gətirəməyimi tələb etdilər. Nəhayət, hədə-qorxu, təzyiqlərdən sonra öz rəisləri ilə danışdıqlarını, 300 min dollara razılaşdıqlarını dedilər. Bununla belə, evimdə axtarış aparacaqlarını da söylədilər. Onlara dedim ki, anam xəstədir, belə şey etməsinlər. Mənə sənəd yazdırıb imza atdırdılar”.

Pulun bir hissəsini anam qohum-əqrabadan yığmışdı

MTN əməkdaşları sahibkara səhər tezdən banklar açılan kimi 300 min dollar kredit götürüb onlara gətirməyi “məsləhət görüblər”. Onun da qorxusundan deyilənlərlə razılaşmaqdan başqa çarəsi qalmayıb. Bundan sonra sahibkarı sərbəst buraxıblar.

Həmin gecə bütün qohumlardan, dostlardan pul toplayıb və ertəsi gün MTN-ə aparıb: “Pulun bir hissəsini anam qohum-əqrabadan yığmışdı. Bu hadisədən sonra sarsıntı keçirən anam rəhmətə getdi. Pulun 20 min dollarını isə dostum Rizvandan almışdım. Pulu Füzuliyə Mərkəzi Klinik Xəstəxananın yanında vermişəm. Füzuli sellofan torbadakı 300 min dolları alıb məni sərbəst buraxdı və bu barədə heç kimə heç nə deməməyi tapşırdı”.
 
Sahibkar evə qayıdandan sonra ona yenidən zəng vurub pulun üstündən 200 dollar çatmadığını deyiblər. Yenidən MTN-ə qayıdaraq həmin məbləği də verib.
 
Daha sonra iclasda zərərçəkmiş şəxslərdən Mübariz Paşayev ifadə verib. Mübariz Paşayev isə hər hansı zərər çəkmədiyini, istintaq zamanı ifadəni oxumadan imzaladığını deyib.

Proses martın 30-da davam edəcək.

Xatırlatma

Zərərçəkmiş şəxs Paşayev Mübariz Qurban oğlu istintaq zamanı ifadələrində göstərib ki, 2008-ci ildən zərgərlik məmulatlarının alveri ilə məşğul olmağa başlayıb, Hindistandan və Dubaydan brilyant daş-qaş alıb Bakıya gətirərək, Bakı Mərkəzi və “Moskva” univermaqlarında icarəyə götürdüyü ticarət məntəqələrində satışını həyata keçirib.
  
Bildirib ki, 2010-cu ilin təxminən noyabr ayında növbəti dəfə daş-qaş almaq üçün təyyarə ilə Dubaya gedib oradan 580.000 ABŞ dolları dəyərində brilyant daş-qaşlar alıb: “Həmin daşlar 2000 karat olmaqla əksəriyyəti xırda və ucuz, orta şəffaflı daşlar idilər. Bu işlə mütəmadi məşğul olduğum üçün hindistanlıların firmasında etibar qazanmışdım. Bu səbəbdən də 580.000 ABŞ dolları dəyərində brilyant daş-qaşları nisyə vermişdilər ki, Bakıda satdırıb pullarını hissə-hissə ödəyim. Dubayda olan zaman orada yaşayan zərgərlik fəaliyyəti ilə məşğul olan Araz adlı şəxslə görüşərək, 580.000 ABŞ dolları dəyərində brilyantın rüsumunu ödəməyə gücüm çatmadığını bildirdim.
 
Araz təklif etdi ki, brilyantların bir hissəsini özüm aparım, qalan hissəsinin də Bakıya çatdıracaq. Dubaydan aldığım brilyant daş-qaşın 300.000 ABŞ dolları dəyərində olan hissəsini özümlə götürüb təyyarə ilə Bakıya gəldim.
 
Təxminən 20 gün keçəndən sonra axşam saat 23 radələrində özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim edən şəxs mənə  zəng edərək şam yeməyi yemək adı ilə küçəyə çağırdı. Həmin vaxt mən, Mərdəkanda, bağda idim. Fizulinin danışığından başa düşdüm ki, mənim yerimi dəqiq bilir. Belə ki, tam əminliklə mənə “biz trasda səni gözləyirik” dedi. Əvvəllər Fizuli Əliyevlə heç vaxt rastlaşmamışdım, lakin barəsində “zərgərlərin qan içəni” kimi eşitmişdim. Zəngdən sonra qaynım Nəzərov Ramin Şamil oğlu ilə birlikdə yola çıxdım. Yolda evimin qarşısında ağ rəngli “Toyota Prado” markalı avtomaşının dayandığını, avtomaşına yaxınlaşdıqda isə içərisində iki nəfər tanımadığı şəxsi gördüm. Sükan arxasında oturan, özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim etdi və şam yeməyi yemək üçün onlarla birlikdə getməyimizi istədi. Yolda gedərkən Fizuli Dubay şəhərində fəaliyyət göstərən Arazın işçisi Azər adlı şəxsi başqa bir şəxslə birlikdə brilyant gətirəndə metronun «Koroğlu» stansiyasının qarşısında tutduqlarını və ona görə də MTN-nə getmək lazım olduğunu bildirdi.
 
MTN-nə çatandan sonra qaynım Ramini geri qaytardılar. Mənim özümü isə girişdən sağda olan komendaturanın 2-ci mərtəbəsinə qaldırdılar. Orada Dubaydakı tanışım Arazın işçisi Azəri də gördüm. Məlum oldu ki, Dubaydan alıb Bakıya gətirmək üçün Araza verdiyim brilyantları Araz Azərə verib. O da Fizuli Əliyevin işçiləri tərəfindən saxlananda, həmin brilyantların mənə məxsus olduğunu bildirib. Fizuli, Natiq və Fizulinin adını bilmədiyim digər işçiləri izahatımı alanda məni həbslə hədələyirdilər, lakin məni döymədilər. Mən də onlara hər şeyi olduğu kimi danışdım. Həmin gecə məni komendaturanın bir otağında, Azəri isə başqa otaqda saxladılar. Gecə həyəcandan və qorxudan yata bilmədim, kabinetə saldıqlarından yatmağa şərait də olmadı. Ertəsi gün saat 09-10 radələrində Fizuli mənimlə təklikdə olan zaman sərbəst buraxılmağım üçün 1.000.000 ( bir milyon)  manat pul və Dubaydan gətirdiyi 580.000 ABŞ dollar dəyərində olan brilyant daşlarını verməyimi tələb etdi. Əks təqdirdə həbs olunacağımı və malların müsadirə ediləcəyini bildirdi. Ona bu məbləğdə maddi imkanım olmadığını söylədim, malları borca götürdüyümü dedim. Fizuli Əliyev otaqdan çıxıb rəhbərliklə məsləhətləşəcəyini deyərək bir müddət keçəndən sonra yenidən qayıtdı. Hər dəfə qayıdıb gələndə ona istədiyi məbləğdə pulu və brilyantları verməyimi deyirdi. Uzun müddət ərzində alver söhbəti apardıqdan sonra Dubaydan gətirilən 280.000 ABŞ dolları dəyərində brilyantın müsadirə olunması, özüm tərəfindən qanuni yolla gətirilmiş 300.000 ABŞ dolları dəyərində brilyantların da onlara verəcəyim təqdirdə buraxılacağım barədə razılaşdıq. Bundan sonra Fizuligil mənim işlədiyim, Kukla Teatrı ilə üzbəüz olan Bakı Univermağındakı ticarət obyektinə getdilər. Həmin ticarət obyektinin seyfində saxlanılan 300.000 ABŞ dolları dəyərində olan brilyantları Fizuliyə və yanında olmuş Natiq Alıyevə verdim. Həmin vaxt Fizuli kiminləsə telefonla danışdı və danışandan sonra seyfdən götürdüyü brilyantları geri qaytarıb çıxıb getdilər”.
 
Zərərçəkmiş Mübariz Paşayev bildirib ki, brilyantları Fizuli və Natiq əlindən aldıqları üçün pula ehtiyacı olduğundan sonrakı dövrdə adına olan, Nərimanov rayonu ərazisindəki 4 otaqlı evi 200.000 ABŞ dollarına tanımadığı müştəriyə satıb.

Məlumata görə, istintaq orqanına Dövlət Təhlükəsizliyi Xidmətindən göndərilən məktubda bildirilib ki, mütəşəkkil cinayətkar dəstənin üzvləri tərəfindən qanuni əsas olmadan MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə 4-cü Baş idarəsinin 1-ci idarəsinin sabiq rəisi Fizuli Əliyevin təşəbbüsü ilə Paşayev Mübariz Qurban oğlu barəsində 2010-cu ildə siqnal cinayət işi açılıb, lakin heç bir nəticə əldə olunmadığı üçün 18 dekabr 2010-cu ildə işin icraatı dayandırılıb.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
 
Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.
 
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov,Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
 
Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan əməkdaşlarının iş adamı Mübariz Paşayevi qanunsuz olaraq azadlıqdan məhrum edib, hədə-qorxu tətbiqi ilə ondan külli miqdarda pul aldıqları məlum olub.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button