Manşet

Dekabrın 10-da Bakıda parad keçiriləcək


Bu il dekabrın 10-da, Bakının Azadlıq Meydanında parad keçiriləcək.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yazılıb ki, vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir:

“Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək. 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.”

Paradda həmçinin, müharibə zamanı Azərbaycan ordusunun qarşı tərəfdən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin də nümayiş olunacağı bildirilir.Belə bir məsələni prezident İlham Əliyev çıxışlarının birində də qeyd etmişdi.

44 günlük savaş

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 3-də yaydığı açıqlamaya görə, 44 günlük savaşda bu ölkənin silahlı qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib.

Həmin savaşda 94 mülki şəxsin həlak olduğu, 400-dən çoxunun isə yaralandığı da açıqlanmışdı.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button