24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür

Bakı/03.12.21 Rəsmi məlumata görə, bu il 51 minədək şəxsə əlillik təyin edilib. Ümumilikdə isə Azərbaycanda 600 mindən çox əlilliyi olan şəxs var.

Mehriban Məmmədova (soyad şərtidir) “Azadlıq” radiosuna deyib ki, işlə təmin olunmaq üçün yaşayış yeri üzrə məşğulluq idarəsinə dəfələrlə müraciət edib: «İkinci qrup əlilliyim var. İdarəyə müraciət edəndə mənə deyiblər ki, sənə uyğun iş yoxdur, heç vakansiyalar da olmur. Pensiya ilə dolanmaq olmur. Hazırda uyğun iş axtarıram».  

Dövlət Məşğulluğu Agentliyindən Turan-a bildirilib ki, ölkədə əlilliyi olan 400 minə yaxın şəxs əmək stajından asılı olaraq aylıq əmək pensiyası, qalanları, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar aylıq müavinətlə təmin olunurlar. Bundan əlavə, əlilliyi olan, amma əmək qabiliyyətli olan şəxslər işlə təmin olunurlar. 2019-cu ildə işlə təmin edilən əlilliyi olan şəxslərin sayı 2800, 2020-ci ildə 2900 olub. Bu ilin 9 ayında işlə təmin edilən əlilliyi olan şəxslərin sayı 2646-dır.

Qurumdan qeyd olunub ki, bu proses növbəti aylarda da davam edəcək. Vurğulanıb ki, özünüməşğulluq proqramının, həmçinin ödənişli ictimai işlər proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir və həmin proqramlara cəlb edilənlərin bir hissəsi də əlilliyi olan şəxslərdir. Bu il özünüməşğulluq proqramı üzrə 1242 nəfər əlilliyi olan şəxs üçün ailə təsərrüfatları yaradılıb və bu say artmaqda davam edir. Ödənişli ictimai işlər proqramına cəlb olunanların 2 mindən çoxu əlilliyi olan şəxslərdir.

Qurumdan bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə icra olunan «Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması» layihəsi üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesinin qurulması işləri aparılır.

Agentlikdən vurğulanıb ki, əlilliyi olan şəxslərlə bağlı ayrılmış kvota dolubsa, bu zaman kvotadan əlavə iş yerləri üçün Dövlət Məşğulluq Agentliyi əməyin sığortası Fondunun vəsaiti hesabına həmin iş yerinin 100 faiz maliyyələşməsini həyata keçirir.

İnsan Hüquqları Komitəsinin üzvü Jalə Əhmədova bildirib ki, Azərbaycan 2006-cı ildə «Əlilliyi olan şəxslərin hüquqları haqqında» BMT Konvensiyasına qoşulub: «Azərbaycan əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların reabilitasiyası, sosial rifahının yaxşılaşdırılması, bir sözlə, tamhüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün lazım olan bütün tədbirləri görür».

O qeyd edib ki, Azərbaycanda əlilliyi olan şəxslərin rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət yetirdiyi əsas məsələlərdən biridir. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması, pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımlar bunun bariz nümunəsidir.

Lakin onun fikrincə, bu problem təkcə dövlətin deyil, bir vətəndaş olaraq bu qəbildən olan insanlara dəstək olmaq bizim də borcumuzdur: «İstər maddi, istər mənəvi, onların hər birimizə ehtiyacı var. Ən azından həmsöhbət olmaq, dərdləşmək də onlar üçün bir dəstək, qayğı deməkdir».

İqtisadçı Rəşad Həsənov isə bildirib ki, Azərbaycanda bu sahədə hüquqi baxımından müxtəlif alətlər formalaşdırılıb: «Əmək Məcəlləsi ilə kvota müəyyən edilib ki, 3 faizə qədər əlilliyi olan şəxslər müəssisələrdə işə götürülsün. Eyni zamanda son 5 ildə özünüməşğulluq proqramları çərçivəsində əlilliyi olan şəxslərin fərdi bizneslə məşğul olmaq imkanlarının genişləndirilməsi istiqamətində işlər görülür. Amma bununla yanaşı problemlər qalmaqdadır».

Onun sözlərinə görə, kvotanın icrasına nəzarət mexanizmi zəifdir: «Burada əsas problem ondan ibarətdir ki, məşğulluq idarələri tərəfindən göndərilən, həmçinin də öz müraciəti əsasında təcrübəyə cəlb edilən əlilliyi olan şəxslər sonradan hansısa formada işdən uzaqlaşdırılırlar. Belə olduğu təqdirdə hökümətin hər hansı bir sanksiyası olmur. Bundan da bizim sahibkarlar sui-istifadə edirlər».

Ekspert qeyd edib ki, buna baxmayaraq, müsbət trendlər var. «Xüsusilə də iri şirkətlərdə biz müəyyən qədər əlilliyi olan şəxslərin işə cəlb olunmasını müşahidə edirik. Xüsusilə də İkinci Qarabağ Müharibəsindən sonra həm özəl sektorda, həm iri dövlət müəssisələrində bu tendensiya artır».

İqtisadçı deyir ki, ölkədə 600 minə yaxın əlilliyi olan şəxs var və onların təxminən 45 faizi hər hansısa formada əmək fəaliyyətilə məşğuldur: «Amma bu fəaliyyətlərin çoxu hər hansı əmək hüququ, sosial təminatı olmayan illeqal fəaliyyətdir. Əlilliyi olan şəxslərin təxminən 50-55 faizi əmək bazarında konkret iştirak etmir».

O qeyd edib ki, əlilliyi olan şəxslərin 30 faizinin əmək qabiliyyəti çox məhduddur, onların 2 faizi ev şəraitində əl işləri və ya informasiya texnologiyaları sahəsində məşğul olurlar: «Elə şəxslər var ki, 20 dəfə məşğulluq idarələrinə müraciət etsələr də, işlə təmin olunmur. Bu da adətən əhalinin digər qruplarında olduğu kimi, əmək bazarında tanışlığın olmaması və ya rüşvət verməyə imkanın olmaması məsələsindən qaynaqlanır».-0—

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button