2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Delta Telekom” baş verən problemdə məsuliyyətinin olmadığını deyir

Osman Gündüz: “Rəsmi prosedurlara əməl olunmadan qapadılmanın aparılması qanunvericiliyin tələblərinin pozulmasıdır”

Martın 27-dən başlayaraq Azərbaycan daxilindən azadliq.info veb saytına giriş kəskin şəkildə aşağı düşüb. Virtualroad.org internet azadlığı qurumu bu barədə məlumat verib. Xatırladaq ki, Azadliq.info veb saytı trafikin 70 faizini Azərbaycandan qəbul edir və martın 27-i bu trafik 30-40 faiz aşağı düşüb. Eyni vaxtda təşkilatın sensorlarından biri ölkə daxilində bir neçə provayderdən gələn “qısa sessiyalar” (“short sessions”) və “trafiki sıfırlama”nın (“reset traffic”) qəfil artdığını müəyyən edib. Azərbaycandan daxilolmalar qəfil dayandırılıb.
Martın 27-i axşam oxuculardan problemin olduğunu göstərən skrinşotlar əldə edilib. RST trafiki qəbul edən brauzerlər “ERR_CONNECTION_RESET” xəta mesajını göstərib.
Təşkilat bildirir ki, xüsusi avadanlıq yerləşdirilərək veb trafikə aktiv olaraq müdaxilə edilir. Trafik müdaxilələrə məruz qalan bütün provayderlər yoxlanıb və onların Avtonom Sistem Adları (“Autonomous System Names”) müəyyən edilib.
Məlumata görə, müxtəlif marşrutizasiya cədvəllərinə baxılaraq müdaxilə olunan trafikin ümumi tranzit provayderi kimi AS29049 (Delta Telecom) müəyyən edilib.
Ekspert Osman Gündüz baş verən problemin detallarıyla bağlı Azadliq.info-ya açıqlama verib. Ekspert söyləyir ki, bir müddət öncəyə qədər olan qanunvericiliyə görə, Azərbaycanda məhkəmə qərarı olmadan saytlara girişin bağlanması qadağan idi:
“Yəni bu məsələ yalnız məhkəmə qərarıyla ola bilərdi. Amma hazırda bizdə informasiyaların mühafizəsi haqqında qanuna olan dəyişikliklər artıq təsdiqlənib. Mövcud qanunvericiliyə görə, qanunvericiliyin tələbləri pozulubsa, məhkəmə qərarı olmadan da saytlara giriş bağlana bilir. Lakin bunun bəlli bir prosedurası var. Hökumət tərəfindən rəsmi olaraq bu saytlara giriş bağlanıbsa, qanunvericiliyin tələblərinə uyğun olaraq xəbərdarlıq olunmalıdır. Yəni üç istiqamətə – sayta, domen ünvanın sahibinə və resursun saxlandığı provayderlərə xəbərdarlıq olunur. Qanunvericiliyin tələblərini pozan məlumat varsa, o, 8 saat ərzində saytdan yığışdırılmalıdır. Xəbərdarlıq olunandan sonra buna əməl olunmayıbsa, onda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin səlahiyyəti var ki, məhkəmənin qərarı olmadan sayta girişi bağlayır və məhkəməyə müraciət edir.
Sayta girişi bağlamaq o deməkdir ki, qurum 3-cü, 4-cü instansiyaya, provayderlərə rəsmi müraciət edərək qanunvericiliyin müvafiq maddəsinə görə, resursun xəbərdarlığa əməl etmədiyindən qapadıldığını deyir. Provayder də buna əməl etməlidir. Xəbərdarlıq və ondan sonra atılacaq addımlar budur”.
O.Gündüz deyir ki, Azərbaycana interneti gətirən “DeltaTelekom”la “Azərtelekom”dur. Yəni bütün provayderlər interneti ancaq bu qurumlardan ala bilər. Ekspert söyləyir ki, bağlanan resurslar onlara müraciət edərək bu barədə rəsmi göstərişin olub-olmamasını öyrənməlidirlər.
Ekspert məsələylə bağlı xarici təcrübədən də bəhs edir. Misal üçün, Rusiyada, Qazağıstanda və digər ölkələrdə belə vəziyyət yaranıbsa və hansısa sayt rəsmi olaraq bağlanıbsa, bu qərar orda görünməlidir. Yəni resursu açmaq istəyəndə istifadəçi məhkəmə qərarıyla saytın baglandığını görür. Bir sözlə, insanların bunu bilmək haqqı var:
“Lakin bizdə müvafiq qurumlar tərəfindən bu prosedurlara əməl olunmadan qapadılma aparılıbsa, bu artıq qanunvericiliyin tələblərinin pozulmasıdır”.
Baş vermiş problemdə “Delta Telekom”un adı hallandığı üçün qurumla əlaqə saxlayıb vəziyyətə aydınlıq gətirdik. Qurumun sözçüsü Əli Hüseynov müvafiq şöbələrlə məsələnin aydınlaşdırıldığını dedi:
“Sizin sayt “Delta Telekom”un serverində yerləşmir. Ona görə də sayta girişin bağlanmasında təmsil etdiyimiz qurum məsuliyyət daşımır”.

Saytların yığılması Saytlarin yigilmasi

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button