SEÇMƏ

Deportasiya olunduqdan sonra həbs edilən AXCP fəalı azadlıqda

Yayımlandı: 24 Noyabr 2022 17:04

Ziya İbrahimli məhkəmənin qərarı ilə həbsdən buraxılıb

Almaniyadan Azərbaycana deportasiya ediləndən dərhal sonra öncə inzibati qaydada həbs edilən, daha sonra barəsində cinayət işi başlanan Ziya İbrahimli noyabrın 24-də azadlığa çıxıb. O, Biləsuvar Rayon Məhkəməsinin qərarıyla həbsdən buraxılıb.

Ziya İbrahimli aliment öhdəlikləriylə bağlı məhkəmə qərarını icra etməməkdə ittiham olunurdu. Bu ittihamla da onun haqqında öncə Biləsuvar Rayon Məhkəməsinin qərarıyla 30 günlük inzibati həbs qərarı çıxarılıb. Ardınca Cinayət Məcəlləsinin 306.1 (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsilə cinayət işi başlanıb.

Ziya İbrahimlinin vəkili Elçin Sadıqov bildirib ki, ittihamda bəhs olunan məhkəmə qərarı üzrə öhdəliklər (toplanmış aliment məbləği) tam icra olunduğuna görə  məhkəmə cinayət işinə xitam verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Biləsuvar rayonundakı fəallarından olan Ziya İbrahimli 2018-ci ildə prezident seçkisindən sonra ölkəni tərk edərək, Almaniyaya gedib. O, siyasi mühacir kimi, oturum almaq üçün müraciət etsə də, Almaniyanın müvafiq qurumlarından “yox” cavabı alıb. Bir müddət sonra isə onun haqqında deportasiya qərarı çıxarılıb.

Ziya İbrahimli 2022-ci ilin mayın 19-da Azərbaycana qaytarılandan dərhal sonra həbs edilib.

Son bir il ərzində Almaniyadan deportasiya edilən ictimai-siyasi fəallardan 6 nəfər həbs edilib. Onların əksəriyyətinə narkotik, birinə isə xəsarət yetirmə ittihamı verilib. Həbs olunanlar əsasən, Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbuslarla bağlı Almaniyada keçirilən etiraz aksiyalarında iştirak edən şəxslərdir.

Onlar ittihamların saxta olduğunu, Almaniyada Azərbaycan hökumətinə qarşı etirazlarda iştiraklarına görə cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.

Meydan TV

Gözdən qaçırmayın:  Təhsil nazirinin açıqlamasına etiraz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button