2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Depressiyadan əziyyət çəkən gənclər

Depressiyanın yaranma səbəbləri müxtəlif olur. Kimisində bu proses az, kimisində çox çəkir.

Mütxəssislər hesab edir ki, depressiya müalicə olunmasa və uzun müddət depressiyadan əziyyət çəkən insan kömək üçün müraciət etməsə, nəticələr pis ola bilər.

Amma BBC Azərbaycancaya danışan və depressiyadan əziyyət çəkən gənclər bundan xilas olmağın yeganə yolunu özlərində görürlər.

Saytların yığılması Saytlarin yigilmasi

Aygül – 8 ay

23 yaşlı Aygül bir neçə ay bundan öncə 8 aya yaxın çəkən depressiyadan qurtulub.

Aygül deyir ki, ard-arda iki sevdiyi gənc insanın ölümü onun depressiyaya düşməsinə səbəb olub. O, bu prosesin öhdəsindən özü gəldiyini də əlavə edir.

“Ağlayırdım, evdə də, böyük bir kollektivin içində olanda da. İstənilən söz ağlamağıma səbəb ola bilərdi. Elə bil boğulurdum. Heç kəsə bunları başa sala bilmirdim. Hətta yeni tanıdığım insanlara belə dərdimi danışırdım ki, bəlkə onlar məni anlayar, amma o da olmurdu”, deyir Aygül.

O bildirir ki, depressiya vaxtı heç bir addımı bu vəziyyətdən qurtulmağa kömək etməyib. Aygül əvvəlcə psixoloqa, sonra isə nevropatoloqa müraciət etdiyini qeyd edir.

“Xaricdə təhsil almaq üçün aylarla sənəd toplamışdım, amma maddi problemlərə görə təhsil almağa gedə bilmədim. Bu belə mənə təsir etmədi. Xaricdə təhsil almaq mənə stimul verə bilərdi, amma düşünürdüm ki, ora da getsəm eyni duyğuları yaşayacam”, o deyir.

Aygül psixoloqların seansının ona nisbətən kömək etdiyini də qeyd edir.

“Seansların baha olmasına görə, tez-tez psixoloqa müraciət edə bilmirdim. Hər seansa 40 manat verməyə gücüm çatmırdı. Qərar verdim nevropatoloqa gedim. Onun da yazdığı dərmanlar məni ancaq yatızdırırdı. Həmişə yuxulu olurdum”, o deyir.

Müsahibimizin sözlərinə görə, ailəsi və dostları onu anlayışla qarşılayıb və heç kimin alışmadığı davranışlarına dözümlü yanaşıb.

“Anam daima ağlamağıma, əsəbi davranışlarıma sakit yanaşdı. Dostlarım da mənə qarşı yaxşı idi”, o bildirir.

Aygül deyir ki, depressiya elə bir dövrdür ki, “o zaman sənə heç kim kömək edə bilmir, onun öhdəsindən özün gəlirsən”.

Depressiyadan çxıdığını necə hiss etdin sualına isə müsabimiz gülərək “uzun müddətdən sonra dırnaqlarıma rəngli boya çəkəndə hiss etdim ki, depressiyadan çıxmışam” deyə cavab verir.

Aygül depressiyanın öhdəsindən aylar sonra gəldiyini desə də, digər müsahibimiz İlknur 10 ilə yaxındır davamlı olaraq depressiyadan əziyyət çəkdiyini bildirir.

İlknur – 10 il

Image copyrightEhtiram Jabi
Image caption“Mənim üçün hər şey mənasızdır”

25 yaşlı İlknur 15 yaşından bəri özündə depressiyanın elementlərini hiss etdiyini qeyd edir. O, bunun səbəbini tam izah edə bilməsə də, “mənə elə gəlir ki, bu özünü dərk prosesinin əks təsiridir” deyir.

Depressiyanın simptomlarından danışan müsahibimiz belə izah verir:

“…həyat eşqinin ölməsi, iş qabiliyyətinin aşağı düşməsi, özünə qapanmaq, bütün günü evdə qalıb, yeyib yatmaq, yuxuya gedə bilməmək və ya həddən çox yatmaq. 10 ilə yaxın müddətdə depressiyadan əziyyət çəkdiyim üçün bu simptomlar da zamanla dəyişib. Artıq depressiya həyatımın bir parçasıdır. Hətta deyərdim ki, həyat fəlsəfəmdir. Çünki normal insanlar arada bir depressiyaya düşürlər, mən isə təsadüfi hallarda depressiyadan çıxıram” deyir İlknur.

O, depressiyadan çıxmaq üçün “heç nə etmədiyini, çünki onunla mübarizə aparmağın mənasız olduğunu çoxdan dərk etdiyini” də əlavə edir.

İlknur mütəxəssisin ona kömək edə biləcəyini düşünmədiyini də qeyd edir. O, ölkədə professioanal, güvənə biləcəyi psixoloq olduğuna inanmadığını bildirir.

“Ümumiyyətlə, hesab edirəm ki, insan öz problemini təklikdə həll etməlidir”, o qeyd edir və əlavə edir “Nietzsche deyir ki, kim xoşbəxt edə bilər səni, sən buna hazır deyilsənsə.”

Ehtiram – 3 il

Ehtiram tələbədir və turizm üzrə təhsil alır. O fotoqrafiya ilə məşğuldur və 3 ildir depressiyada olduğunu deyir. O, depressiyaya düşməsini yaxın dostunun intihar etməsi ilə əlaqələndirir. O, bunu gözləmədiyini də qeyd edir.

“Heç nə etmək istəmirəm, ancaq yatıram, ya da mənasız oyunlar oynayıram. Evdən mümkün qədər çıxmıram. Hər adamın mənə qarşı etdiyi hərəkətdə nəsə səhv çıxarmağa çalışıram. Ətrafımdakılara qarşı əsəbi davranıram”, o izah edir.

Ehtiram deyir ki, uzun müddət depressiyada olduğu üçün, bu artıq onun həyat tərzinə çevrilib.

“Dostlar təklif edir ki, evdən çıxım, gəzim. Amma mənim üçün hər şey mənasızdır. Hətta xaricə getsəm belə, bir müddət sonra eyni şeyləri hiss edirəm”, o bildirir.

Müsahibimiz kömək üçün mütəxəssisə müraciət etdiyini də deyir.

“İki il əvvəl lap pis idim, evdəkilərlə problemim var idi. Psixoloqa müraciət etdim, antidepresantlar yazıldı. Bir müddət nə yaxşı oldum, nə pis. Elə bil ruhsuz idim. Amma sonra yenidən depressiya qayıtdı,” deyən Ehtiram artıq dərmanlardan asılı olduğunu da qeyd edir.

Image copyrightEhtiram Jabi
Image captionGənclərdə müşahidə olunan depresiyanın müalicəsi üçün mütəxəssis yardımına ehtiyac olunduğu bildirilir

Psixoloqlar nə deyir?

Psixoloq Validə Abbasova deyir ki, depressiyanın yaranma səbəbləri müxtəlifdir. Ailə münaqişəsi, özünəgüvənsizlik, imkansızlıq, müharibə şəraiti, ödənə bilinməyən kreditlər, iş yerlərində ixtisarlar və s.

Onun sözlərinə görə, depressiya ən çox yeniyetmələrdə rast gəlinir.

Validə xanım 10 ildir bu fəaliyyətlə məşğul olduğunu və fəaliyyəti boyu ən çox 14-40 yaşlar arasında olan şəxslərdə depressiya müşahidə etdiyini qeyd edir.

O bildirir ki, uzunmüddətli depressiyalarda mütəxəssisə müraciət edilməlidir. “Dərin depressiyalar xəstəlik əlamətidir, özünüqəsdə aparıb çıxara bilər”, o deyir.

Psixoloqların qəbulunun baha olması ilə bağlı suala isə o cavab verir ki, Azərbaycanda qiymətlər əksinə çox ucuzdur və xalqın məvacibinə uyğun təşkil olunub.

Psixoloq Nərmin Rəhimlinin sözlərinə görə, müşahidələrinə əsasən, Azərbaycanda insanlarda depressiv hallar müşahidə olunur.

O deyir ki, bir ölkədə ki, gənclərin çoxu sosial şəbəkələrdən vaxt öldürmək üçün istifadə edirlərsə, bu həmin yerdə depressiyanın geniş yayıldığı anlamına gəlir.

Nərmin xanım da gənclərin depressiyanın müalicəsi üçün mütəxəssis yardımına müraciət etməli olduqlarını vurğulayır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button