2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Deputat: Əfqan Muxtarlı gətiriləndə hüquqlarımı pozulub?

”Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi-xidmət orqanlarının fəaliyyətinin nəticəsidir”

Saytların yığılması Saytlarin yigilmasi

”Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb. Yenə deyirəm, söhbət böyük şəbəkədən gedir, həmin şəbəkə də Əfqan Muxtarlının Azərbaycana gedib çıxmaması üçün hər cür addım ata bilərdi, çox böyük qarşıdurma yarana bilərdi. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanları çox böyük peşəkarlıq nümayiş etdiriblər. Peşə vərdişlərinə uyğun olaraq, bu addımı atıblar”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov Azadlıq Radiosuna müsahibəsində jurnalist Əfqan Muxtarlının həbsindən danışarkən belə deyir.

Deputat jurnalisti “satqın”, “antimilli qüvvələrin əlində alət” adlandırıb:

“Əfqan Muxtarlı kimi adam jurnalist olmayıb, fotoqraflıq edib, sonra da Xədicə İsmayılovanın (araşdırmaçı jurnalist– red.) cangüdəni olub. Xədicə İsmayılova kimi ”Fredoom House” və digər anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilib. Ən qəribəsi budur ki, İsmayılova anti-Azərbaycan qüvvələrin əlində alətdir, Əfqan Muxtarlı isə Xədicə İsmayılovanın əlində alət idi, yəni alətin aləti idi. Gedib Gürcüstanda sığınacaq tapıb ermənipərəst qüvvələrin əlində alətə çevrilmişdi, şəbəkə yaratmışdılar. Məqsədləri də Azərbaycanda sabitliyi pozmaq və bununla ölkəmizdə inkişafın qarşısını almaq, vətəndaş həmrəyliyini pozmaq idi. İndi belə adamlara siyasi məhbusmu adı verilməlidir?! Necə olur ki, bu gün erməni saytları, erməni ziyalıları Əfqan Muxtarlını müdafiə etməyə başlayıblar? Həmin erməni mətbuatı, ziyalıları girov götürülən iki soydaşımızın müdafiəsi ilə bağlı niyə səslərini çıxarmırlar? Amma Əfqan Muxtarlının müdafiəsinə qalxırlar. Bu fərqin səbəbi nədir? Çünki bu iki nəfər vətənini sevir, amma Əfqan Muxtarlı satqındır. Onu qəhrəman səviyyəsinə qaldırırlar. İstəyirlər onu siyasi məhbus elan etsinlər, indi də yazsınlar ki, Azərbaycanda 101 siyasi məhbus var”.

“Əfqan Muxtarlı ilə bağlı istintaq başa çatmayıb, ortada məhkəmə hökmü yoxdur, amma siz bəri başdan onu ”satqın”, ”anti-Azərbaycan qüvvələrin əlində alət” adlandırırsınız. Bu bir deputat tərəfindən, özü də parlamentin İnsan haqları komitəsinin üzvü tərəfindən qanunun, bir insanın haqlarının pozulması deyilmi”- sualına deputat belə cavab verib:

“Bilirsiniz, ictimai qınaq deyilən bir şey var. Millət vəkilliyi qalsın bir qırağa, mən vətənini sevən bir insan kimi düşünürəm. Siz deyən kimi, hələ onu ittiham etməyək. Heç ona ”satqın” da deməyək, başqa ifadələr də işlətməyək. Onda mən sual verirəm. Bu Əfqan Muxtarlının axı nəyinə… ”O olmasın, bu olsun”da məşhur ifadə var: ”Axı, bunun nəyinə aşiq olublar?” Nədən Ermənistanda və Gürcüstanda ermənipərəst QHT-lər, ”Freedom House” kimi təşkilatlar Əfqan Muxtarlının müdafiəsinə qalxıblar? Nədən erməni mətbuatı onu milli qəhrəman səviyyəsinə qaldırıb? Bu suallara cavab tapa bilmirəm. Əslində, bilirəm cavabını, erməni Azərbaycanı hansı gündə görmək istəyirsə, yəni burda xaos, vətəndaş qarşıdurması, sabitliyin pozulmasını istəyirsə, Əfqan Muxtarlı da məhz bu niyyətin gerçəkləşməsi üçün çalışır. Bu yerdə mən ictimai qınaq prizmasından çıxış edərək deyirəm ki, bu xəyanətdir! Mənim bu ifadələri işlətməyimin əsası var və xahiş edirəm, məni düzgün başa düşün”.

Elman Nəsirov jurnalistin Azərbaycana gətirildiyini etiraf edib:

“Hadisələrin təhlili onu göstərir ki, Əfqan Muxtarlı bir fiqurdur, böyük bir şəbəkənin tərkib hissəsidir. Daha böyük siyasi qüvvələr Gürcüstanda Əfqan Muxtarlı kimiləri toplayıblar, orda böyük maliyyədən, təşkilatlanmadan da söhbət gedir. Söhbət təkcə Əfqan Muxtarlıdan getsəydi, təbii ki, heç onun bu şəkildə həbsinə də ehtiyac qalmazdı. Həmin şəbəkə Azərbaycanda pozuculuq fəaliyyətini həyata keçirən Əfqan Muxtarlını təbii ki, qoruyur və çalışacaqdılar ki, onun Azərbaycana gətirilməsinin qarşısını alsınlar. Bu baxımdan, Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi-xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Bunun da özünəməxsus qaydaları, prinsipləri var. Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb. Yenə deyirəm, söhbət böyük şəbəkədən gedir, həmin şəbəkə də Əfqan Muxtarlının Azərbaycana gedib çıxmaması üçün hər cür addım ata bilərdi, çox böyük qarşıdurma yarana bilərdi. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanları çox böyük peşəkarlıq göstəriblər. Peşə vərdişlərinə uyğun olaraq bu addımı atıblar. Burda qarşıdurma, toqquşma baş vermədən fəaliyyətində cinayət tərkibi olan şəxs artıq Azərbaycana gətirilib. Onun gətirilməsinə don geyindirmək, fərqli mülahizələr irəli sürmək, Azərbaycan tərəfi ittiham etmək heç bir real əsasa malik deyil. Əslində, həbsin bu şəkildə olması ağlabatandır. Və son illərdə reallaşdırılan çox uğurlu tədbirlərdən biri kimi dəyərləndirilə bilər”.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı. Fotoqraf:: Aziz Karimov

Deputat “Elman bəy, dəqiqləşdirək, siz Əfqan Muxtarlının bu cür gətirilməsinə, yəni başına torba keçirilərək, az qala, oğurlanmasına haqq qazandırırsınız” – sualını belə cavablandırıb:

“Onun başına torba keçirilib-keçirilməyib, bu kimi texniki nüanslarla bağlı məlumatlı deyiləm. Amma onu bilirəm ki, bütün addımlar təhlükəsizlik məntiqindən çıxış edilərək atılıb. Bu zaman beynəlxalq hüququn tələblərinə riayət olunub. ABŞ-ın İraqdakı hərbi əməliyyatları zamanı biz şahid olmuşuq ki, bəzən texniki və peşəkarlıq səviyyəsində qüsurlar olması həyata keçirilən addımın uğurlu alınmasına gətirib çıxarmayıb. Bu baxımdan, Muxtarlının Azərbaycana gətirilməsi zamanı bəzi addımlar texniki şəraitin diktəsi altında atılıb. Bu da beynəlxalq praktikada dəfələrlə sınaqdan keçirilib, Azərbaycanın icadı deyil. Burda insan hüquqlarının pozulması kimi yanaşmalar çox gülünc görünür. Əfqan Muxtarlı gətiriləndə burnumu qanayıb? Gətirilməsində hüquqlarımı pozulub?”

E.Nəsirov jurnalistin gətirilərkən fiziki təzyiqə məruz qalmasını təkzib edib:

“Müxtəlif ittihamlar səslənə bilər. İnformasiya əsridir, istənilən təhrif olunmuş məlumatı yaymaq olar. Amma bir həqiqət dəyişməzdir, Muxtarlı Azərbaycanda təhlükəsizlik mühitinin pozulmasına xidmət göstərən şəbəkənin üzvü olub, ona görə də saxlanılıb. Bundan sonra onun fəaliyyətinə hüquqi müstəvidə qiymət veriləcək. Belə insanlar ictimai qınaq obyektinə çevrilməlidir”.

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumları onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button