Now Reading:
Deputat: Bu gün qadınlar müharibəyə fitil qoyur, savaş istəyir

Hicablı qadın və qızların silahlı qələbəsi dinin, insanlığın və bəşəriyyətin ən böyük məğlubiyyəti olar.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc İran telekanallarında və mediasında son günlərin baş xəbərlərinə çevrilən Yəməndən olan hicablı və niqablı qadınların hərbi birləşmə yaratması məsələsinə və bunun gələcəkdə nələrə səbəb ola biləcəyinə münasibətini bildirərkən deyib.

O qeyd edib ki, dünyada bir qayda olaraq, məscidlərə, kilsələrə qarşı vandalizm hər zaman pislənilir:

“Bəs, “Allah evi”ni silah cəbbəxanasına və təlim düşərgəsinə çevirənlərin cəzası, sizcə, nə olmalıdır? Ağzı dualı imamlarımız hazırladıqları kamikadzeləri min illərdir ki, cənnətə göndərməkdən yorulmadılarmı? Bəs, kral və ayətullahların övladları niyə onların sırasında deyillər? Halbuki sərvətləri ilə saray dustağına dönmüş vəliəhdlər niqabla silahı, hicabla qılıncı birləşdirərkən inandıqları qüvvəyə qarşı küfr etdiklərinin fərqindədilər. Amma kimsə döyüşüb həmişə ölməlidir axı… Görün, İslam qadınını hansı obraza gətirib çıxardılar?! İranın “Səhər” kanalı ilə dünyaya nümayiş olunan bu səhnələr az sonra milyonlarla kütləni ehtizaza gətirmək üçün təbliğat vasitəsi kimi müqəddəsləşəcək və indi ekranlarda gördüyünüz o uşaqlar sabahın qara haşiyələrində “Zeynəb” deyə ağı söyləyənlərin sitayiş obyektinə dönəcəklər”.

Millət vəkilinin sözlərinə görə, məhz o zaman nümayişkaranə şəkildə kəsilən başları və üstündə diyirlənən hicabları görəndə analıq missiyası daşıyan dünya qadınının yer üzünə “son” gətirəcəyinə əmin olunacaq.

“Gəlin, qəbul edək ki, dövlətsiz torpaq vətən olmaqdan çıxır. O üzdən ərəb qızlarını silahla küçələrə atan və onu dünya müsəlmanlığının simasına çevirənlər qətiyyən Sorbona və Kembricə bir sənalı, mədinəli, təbrizli övrətini göndərməzlər. Çünki çadra köləliyindən işığa çıxan və elm alan fidanlar gələcəkdə despot hakimiyyətlərinə təhlükə törədəcəklər. Haqqını dərk edən və savadlı qadın hərbi taborlarda yer alanda silahını birinci öz istismarçılarına qarşı çevirəcək.

Gerçəkdənmi din xilas edir – yoxsa, səngər qazmağa, təlim keçməyə, barıt qoxusunu üstünə tökməyə təşviq edir? Çətin sualdır. Kim inkar edə bilər ki, ərəb qadını min illərdir namaz üstündəki dualarla bir-birinin qanını içən oğulları dünya gətirməkdən usanmır. İndi də rollar dəyişib, sadəcə, ana bətnlərindən birbaşa qadın batalyonları və taborlar doğulur. Tarixçilər yaxşı bilir, 1944-cü ildə faşizmə qarşı ikinci cəbhəni açmağı hər vəchlə ləngidən və Stalini katolik dünyasının lideri Papa 12-ci Piylə görüşə çağıran Uinston Çörçilə sovet rəhbəri nə demişdi.

Guya Avropada humanizm duyğusunu gücləndirmək üçün kilsələrə getməyin və rahiblərlə görüşməyin faydasını sübut etmək istəyən Britaniya baş naziri Kobadan elə bil dərs almışdı ki, ömürlük onu yaddan çıxarmazdı.Stalin Çörçildən soruşmuşdu ki, Vatikanın diviziyalarının sayını bilmir, neçədir? Bəli, indi rahibə qadınlar da müharibəyə fitil qoyur, İslam qadını da savaş istəyir. Yer üzünün əşrəfi olmaqdan daha yuxarı rütbələr varmış, sən demə. Hicablı qadın və qızların silahlı qələbəsi dinin, insanlığın və bəşəriyyətin ən böyük məğlubiyyəti olar!”, – deyə millət vəkili əlavə edib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.