Now Reading:
Deputat Cavanşir Feyziyev: “Porsche” nə vaxtdan bahalı maşın olub?

Deputat Cavanşir Feyziyev: “Porsche” nə vaxtdan bahalı maşın olub?

Cavanşir Feyziyevin Brüssel səfərinin hadisədən öncə bitdiyi göstərilir

Xəzər rayonunda bir qadının ölümü ilə nəticələnən yol-qəza hadisəsinin Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədildiyi ortaya çıxıb.

Hadisə fevralın 15-də Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən qadını vurub. İlkin məlumata görə, zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

Ölən qadının 1975-ci il təvəllüdlü Sevinc Cabir qızı Hüseynova olması müəyyənləşdirilib.

Deputat qəza törədilən zaman sükan arxasında özünün deyil, sürücüsünün olduğunu bildirib:

“Qəza baş verən zaman mən Bakıda olmamışam. Mən ayın 12-dən Brüsseldə səfərdəyəm. Bakıya yeni qayıtmışam. Maşını idarə edən sürücüm olub. Adam qəza törədib, araşdırılır, kim günahkardırsa, cəzasını da çəkəcək. Adətən, mən ölkədə olmayanda sürücüm öz maşınını idarə edir. Bu qədər illər ərzində birinci dəfədir ki, belə hadisə baş verir. Hesab edirəm ki, burada qeyri-adi nə isə yoxdur. Qəza hər kəsin başına gələ bilər, heç kəs bu cür hadisələrdən sığortalanmayıb. Kim yalandan deyir, guya, qəza vaxtı mən sükan arxasında olmuşam və sairə, Allah özü onların cəzasını verəcək”.

Cavanşir Feyziyev qəzaya düşən “Porsche Cayenne GTS” markalı avtomobilinin elə də bahalı olmadığını söyləyib:

“Məgər Bakıda cəmi bir-iki “Porsche” var? Bakıda minlərlə “Porsche” var. Digər tərəfdən isə “Porsche” nə vaxtdan bahalı maşın olub? “Porsche” orta qiymətə olan maşındır. Məgər deputatın “Porsche”si ola bilməz? Burada qeyri-adi nə var?”

MeydanTV Cavanşir Feyziyevin hadisə zamanı Bakıda olub-olmamasını araşdırıb. Məlum olub ki, deputat dediyi kimi, fevralın 12-də deyil, ötən ay Brüsseldə səfərdə olub. Bu barədə “Azərtac”-ın məlumatında deyilir.

Məlumatda səfərin yanvarın 31-də yekunlaşdığı bildirilir.

 

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.