Deputat Ülvi Quliyev tikinti şirkəti vasitəsiylə vətəndaşlara hədə-qorxu gəlir
“Deputat Ülvi Quliyev vətəndaşları idmançılarla hədələdir”
Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsində hündürmərtəbəli bina tikən şirkətdən şikayətlər var
“Hədə-qorxu gəlirlər, evlərimizdən zorla çıxarmağa çalışırlar. Şirkətin işçiləri şəxsən məni hədələyirlər ki, idmançıları gətirərik, filan… Deyirlər, işığını, qazını, suyunu kəsəcəyik, məcbur olub çıxacaqsan evdən. Divarın o tərəfində gecə-gündüz traktorlar, buldozerlər işləyir, evlərimiz silkələnir, divarlar aralanır. Bu işləri görən şirkətin heç məhkəmələrdən də çəkinəcəyi yoxdur. Evlərimizi sökmək istəyən şirkət Ali Məhkəmənin qərarını saymır”.
Bunu Meydan TV-yə Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi ev 42 ünavnda yaşayan Nəsir Məmmədli deyir.
“4 ildir ki, zülm içərisində yaşayayırıq”
“4 ildir ki, bu zülmün içərisindəyik. Mənzil sahiblərinin razılığı olmadan evləri zorla uçuruldu. Mənzil saahiblərini verdilər məhkəməyə, məhkəmə vasitəsilə təzyiqlər göstərib evdən çıxartdılar. Elə insanlar da oldu ki, şirkətin hədələrinə tab gətirməyib çıxdı. İndi burda 3 ailə qalıb, onlardan biri də mənəm. Divarın o tayında yeri eşirlər, evin özülü dağılır. Qəsdən edirlər. Heç nədən qorxuları yoxdur. Yaxşı bilirlər ki, bu evin özülü dağılsa, bir ailə daş-kəsəyin altında qalıb məhv olacaq, bununla belə əməllərindən qalmırlar. Çünki arxalıdılar, o adamlara arxayın olub başımıza hər oyunu açırlar. Bilirlər ki, etdikləri ən ağır cinayətə görə də cəzasız qalacaqlar”.
Şirkətlə Nəsir Məmmədli arasında məhkəmə çəkişmələri olub. Nəsir Məmmədli deyir, şirkət heç məhkəmə qərarını da saymır:
“Şirkət bizim mülkiyyət üzərindəki hüquqlarımıza xitam verilməsi üçün məhkəməyə müraciət etmişdi. İş Ali Məhkəməyədək gedib çıxdı. Ali Məhkəmənin verdiyi qərar bizim xeyrimizə oldu. Bununla belə, şirkət yenə dinc dayanmadı, evimizə bitişik mənzilləri sökməklə bizim mənzillərə də zərər vurdu. Hazırda mənzillərimizin 2-3 metrliyində ağır texnikalar söküntü işi aparır. Döşəmə, tavan çat verir, dam örtüyü dağılıb, pəncərələrin şüşələri qırıq-qırıq olub, divarlar aralanır. Evlərimiz hər an dağıla bilər. Deyirlər, onsuz da gec-tez hansı yolla olursa olsun, burdan köçəcəksiz, başqa yol yoxdur. Biz də deyirik, gətirin kompensasiyamızı ödəyin, çıxaq”.
Nəsir Məmmədli deyir, elə məsələ də kompensasiyada ilişib. Şirkət qonşuluqdakı evlərin sahblərinə normal kompensasiya ödəyib, sona qalan bir neçə evə növbə çatanda bildirib ki, pul yoxdur:
“Elə qonşu var ki, sahəsi 40 kvadratmetr olan evinə 145 min manat kompensasiya ödənilib, elə qonşular var ki, evinin hər kvadratmetri 3500, 3000 manatdan hesablanıb. Bizdə söhbət iki mənzildən gedir, biri dayımgilin, biri bizim evdir, ümumilikdə 180 kvadratmetrdir. Biz demişik ki, 39,5 kvadratmetr sahəsi olan bir evə 145 min manat ödəyən, digər qonşulara sahəsi 3600 manatdan konpensasiya ödəyən şirkət niyə bizim sahəsi ümumilikdə 180 kvadratmetr olan iki evə 200 min manat verməlidir? Düzdür, elə ailələr də var ki, onlara az kompensasiya ödənildi, hədəylə çıxarıldı evindən… Bizim də digər qonşular kimi hüquqlarımız var, niyə bərabərlilik pozulsun ki? Şirkətin işçiləri o vaxt gəlib hamıyla danışdı, tək bizimlə danışmadı. Bizi axıra saxladı, çünki bizdə sahə iri idi. Axırda gəlib dedi, o vaxt pul vardı, verirdik, indi pul yoxdur”.
“Dönüş 1” MMC-nin nə ofisi var, nə himayəçisi bəllidir
Sakinlər deyir ki, onlarda “Dönüş 1” MMC-nin kimə məxsus olması haqda məlumat yoxdur. Yerli mətbuatda müxtəlif şəxslərin adı hallanır. Onlardan biri də deputat Ülvi Quliyevdir. Nasir Məmmədli də deyir ki, onunla deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə görüşüb: “Əgər şirkətə aidiyyatı olmasaydı, niyə mənimlə görüşürdü?”
“Yalnız təyin olunmuş adamlar var, onlar gəlib pulumuzu ödəyir. Şirkətin ofisi yoxdur. Başqa heç nə bilmirik”.
Meydan TV Ülvi Quliyevin münasibətini öyrənə bilməyib.