SiyasətXəbərlər

Deputat: “Xaos yaradıb, ölkəni Suriyaya çevirmək istəyirlər”

Səttar Mehbalıyev: ”Söyüşlər yazanların özlərinə və ailələrinə aiddir”

“Onlar sosial şəbəkələrdə təhqirlər səsləndirirlər, ölkə başıçısından tutmuş bütün məmurları təhqir edirlər. Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, azərbaycanlı olan şəxs digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin”.

Milli Məclisin iclasında deputat Səttar Mehbalıyev belə deyib.

O bildirib ki, bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər:

Səttar Mehbalıyev
Səttar Mehbalıyev Fotoqraf: AzərTAC

“Ölkə başçısı xeyli işlər görüb. Hər il yüz minlərlə iş yerləri yaradılır. Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Bəlkə kor gözləri ilə görsünlər ki, ölkəmiz necə sürətlə inkişaf edir. Sosial şəbəkədə yazılan həmin söyüşlər, təhqirlər yazanların özlərinə və ailələrinə aiddir”.

“Gəncləri hədəf seçərək, onları öz siyasətlərinin qurbanına çevirmək istəyirlər”

Deputat İlham Məmmədov isə deyib ki, son dövrlərdə “bəzi dağıdıcı qüvvələr” aktivləşib.

İlham Məmmədov
İlham Məmmədov

“Keçən əsrin 90-cı illərində özlərini lider hesab edən və tarixin arxivinə çevrilən liderciklər yenidən zühur ediblər. Gəncləri hədəf seçərək, onları öz siyasətlərinin qurbanına çevirmək istəyirlər. Ancaq gənclər onların bu siyasətinin qurbanı olmaq istəmir. Bu gün Azərbaycan gəncliyi dövlət quruculuğunda yaxından iştirak edir, ölkə başçısının həyata keçirdiyi kadr islahatlarında gənclərə xüsusi önəm verilir. Onlara etimad göstərilərək, yüksək vəzifələrə təyin olunurlar. Bundan əlavə olaraq ölkədə keçirilən beynəlxalq tədbirlərin təşkilatçıları gənclərdir. Belə demək mümkünsə, gənclər bu gün Azərbaycan dövlətinin aparıcı qüvvəsinə çevrilib”.

“Bunun arxasında “leş mafiyası” dayanır”

Deputat Çingiz Qənizadə də müxalifyönlü insanların aktivləşməsi ilə bağlı fikirlərə qatıldığını deyib:

Çingiz Qənizadə
Çingiz Qənizadə Fotoqraf: courtesy

“Görünür, Qərbdən bəzi şəxslərin cibləri açılır, bundan ilhamlanan insanlar ölkədəki sabitliyi başqa cür yozmaq istəyirlər. Son dövrlər ölkə Prezidentinin tapşırığı ilə müxtəlif qurumlarda islahatlar həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin apardığı işlər əhalini keyfiyyətsiz məhsullardan qoruyur. Bu islahatlar yalnız müxalif qüvvələri deyil, mafioz qüvvələri də narahat edir. Son günlər Qida Təhlükəsizliyi Agentliyi və onun sədri Qoşqar Təhməzli ilə bağlı gedən yazıları araşdırsaq, görərik ki, bunun arxasında “leş mafiyası” dayanır. Həmin mafiya uzun illər yararsız və keyfiyyətsiz məhsulları vətəndaşlarımıza sırımaqla məşğul olub. Mətbuatdakı dostlardan xahiş edirəm, bu cür yazıları yazanda diqqətli olsunlar. Çünki bu cür yazıların arxasında müəyyən mafioz qüvvələr, onların şəxsi maraqları dayanır”.

“Gözü götürməyən qüvvələr qarayaxma kampaniyasına başlayırlar”

Fəzail Ağamalı deyib ki, Azərbaycan inkişaf etdikcə və yeni-yeni uğurlar əldə etdikcə, ölkəmizin bu inkişafını gözü götürməyən qüvvələr qarayaxma kampaniyasına başlayırlar.

Fəzail Ağamalı
Fəzail Ağamalı

“Prezidentin köməkçisi Əli Həsənovun dediyi kimi bir çox qüvvə Azərbaycanın inkişafını gözü götürmədiyindən ölkəmizdə xaos yaradıb, sabitliyi pozmağa cəhd edirlər.

“Bu qüvvələr Azərbaycanda sabitliyi pozaraq Suriyaya çevirmək istəyirlər. Lakin buna yol vermək olmaz. Digər tərəfdən xalq onları dəstəkləmir və ölkə başçısının ətrafına sıx biləşiblər. Bunu ölkə başçısının son günlərdə respublikanın müxtəlif bölgələri səfəri sübut edir”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Bənzər məqalələr

Back to top button