2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Deputatla hakim arasında gərginlik: Ali Məhkəmə Etibar Əliyevdən şikayət edəcəyini deyir

Yayımlandı: 29 Dekabr 2022 15:08

Etibar Əliyev Ali Məhkəməni cəmiyyəti çaşdırmaqda günahlandırır

Dekabrın 23-də Milli Məclisin plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Etibar Əliyev Ali Məhkəmənin hakimi Abiddin Hüseynovu tənqid edib.

Saytların yığılması Saytlarin yigilmasi

O, çıxışında hakimin diplomunun saxta olması barədə fikir səsləndirib və bununla bağlı əsaslı şübhələrin olduğunu deyib.

Deputat çıxşında deyib ki, Abiddin Hüseynovdan icraatında olan bir mülki iş üzrə iddiaçıya köməklik göstərilməsini xahiş edib, amma hakim iş üzrə qanuni və əsaslı qərarın qəbul ediləcəyini bildirib.

Bu da Etibar Əliyevlə hakim arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.

Dekabrın 28-də isə Ali Məhkəmə iddialarla bağlı bəyanat yayıb və deputatı yalan danışmaqda ittiham edib.

Ali Məhkəmənin açıqlamasında deyilir ki, Etibar Əliyev məlum çıxışından bir neçə ay öncə, aprelin 22-də Ali Məhkəmənin hakimi Abiddin Hüseynova dəfələrlə zəng edib, lakin cavab almayıb.

Bundan sonra, deputat “WhatsApp” vasitəsilə göndərdiyi mesajla özünü təqdim edib:

A.Hüseynov. Foto: Ali Məhkəmə

“Baş tutmuş telefon danışığında deputat Etibar Əliyev hakimin icraatında olan bir mülki iş üzrə iddiaçıya köməklik göstərilməsini xahiş edib. Hakim isə iş üzrə qanuni və əsaslı qərarın qəbul ediləcəyini bildirib. Hakim Abiddin Hüseynov iyunun 13-də həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməklə, deputatın xahiş etdiyi tərəfin iddiasının əsassız olduğundan rədd edib”.

Ali Məhkəmə iddia edir ki, hakimdən narazı qalan Etibar Əliyev ilk fürsətdə ona deputat kimi təqdim edilmiş Milli Məclisin tribunasından öz şəxsi məqsədləri üçün istifadə edib.

Həmçinin Ali Məhkəmə deputatın tribunadan hakimə qarşı qarayaxma kampaniyası apardığını da vurğulayıb.

Açıqlamada bildirilib ki, Abiddin Hüseynov yüksək ixtisasa və zəruri peşəkarlığa malik hakimdir:

“Hakim Abiddin Hüseynov Ədliyyə Akademiyasında hakimliyə namizədlərin və hakimlərin tədrisi qrupunun üzvüdür. Habelə 2020-ci ildən ADA Universitetinin Hüquq fakültəsində Mülki proses fənnini tədris edir. Xüsusi olaraq bir daha vurğulanmalıdır ki, hakimlərin fəaliyyətinə kənar müdaxilə qanunla qadağan edilib və Ali Məhkəmə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması istiqamətində öz səylərini davam etdirəcək”.

“Vəzifə borcunu vicdanla yerinə yetirən hakimə qarşı ədalətsiz və qərəzli hücumlar qətiyyətlə pislənir və media nümayəndələrinə dərc olunan məlumatları tam, hərtərəfli və obyektiv araşdırmaq, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş, məhkəmə hakimiyyətinin nüfuzuna və cəmiyyətdə məhkəmələrə etimada zərbə vuran bu məlumatları yaymamaq tövsiyə olunur”, – deyə Ali Məhkəmə qeyd edib.

Ali Məhkəmə Etibar Əliyevin qərəzli ittihamları və hərəkətləri ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumuna müraciət edəcəyini də vurğulayıb.

Ali Məhkəmə həmçinin hakim Abiddin Hüseynovun diplomunun saxta olması ilə bağlı deputatın iddialarına cavab olaraq onların surətini də yayımlayıb.

Etibar Əliyev dekabrın 29-da Ali Məhkəmənin açıqlamasındakı iddialarla bağlı “azpolitika.info“ya açıqlama verib.

Etibar ƏliyevEtibar Əliyev
Etibar Əliyev. Foto: “sputnik”

Deputat qeyd edib ki, Ali Məhkəmə ittihamla şübhəni bir-birindən ayıra bilmir:

“Mən adını çəkdiyim hakimin diplomunun həqiqiliyinin şübhə doğurduğunu demişəm. Qara yaxmamışam. Buna da əsaslarım var. Hakimin bioqrafiyasında göstərilir ki, o, Rusiya Hüquq Akademiyasını 3 ilə bitirib. Azərbaycanda və postsovet ölkələrində qiyabi hüquq təhsili azı 5 ildir. İkincisi, Abiddin Hüseynov bioqrafiyasında ali məktəbin adını da düz yazmayıb. O, Rusiyanın Hüquq Akademiyasının Şimali Qafqaz filialını (cəmisi 1 il oxuyub orda) bitirib. Məlumatda isə Akademiyanın özü göstərilir. Ali Məhkəmənin məlum məlumatı həmin hakimin diplomunun həqiqiliyi barədə şübhələri 2 qat artırdı”.

“Məlumatda deyilir ki, Abiddin Hüseynov 2000-ci ildə Rusiya Federasiyasının “Yujdağ” İnstitutunun Hüquqşünaslıq fakültəsinin qiyabi bölməsinə daxil olub. 2002-i ildə Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının Şimali Qafqaz filialı Hüquqşünaslıq fakültəsinə köçürülüb və həmin ali təhsil müəssisəsinin qiyabi bölməsini 2003-cü ildə bitirmişdir. Beləliklə, cəmi bir il təhsil aldığı universitet ona diplom verib. Burda yaranan fərq imtahanları ilə 1 ilə qurtarmaq qeyri-mümkündür. Həmin ərəfədə “Yujdağ” lisenziyası olmayan özəl ali məktəb olub və adını çəkdiyim hakim 2 il orda oxuyub. “Yujdağ”ın Bakıdakı filialı yol verilən ciddi nöqsanlara görə 1998-ci ildə fəaliyyətini dayandırıb”, – deyə deputat qeyd edib.

Deputat bildirib ki, Ali Məhkəmə cəmiyyəti çaşdırır. Onun hakimdən özünə aid xahişi olmadığını söyləyib:

“Vətəndaş qəbulunda bir xanım müəllimə mənə hüququnun pozulması barədə müraciət etdı. O qeyd etdi ki, qanunsuz olaraq əlindən alınmış 6 saat dərsinin geri qaytarılması ilə bağlı rayon məhkəməsi və Apelyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Məndən prosesin obyektiv aparılması üçün Ali Məhkəmənin hakimi Abiddin Hüseynovla danışmağımı xahiş etdi. Mən bir deputat kimi ona işin obyektiv araşdırılmasını xahiş etdim. Abiddin Hüseynov isə apelyasiya instansiya məhkəməsinin qərarını ləğv etdi və bu məsələyə nöqtə qoyuldu. Yazırlar ki, Etibar Əliyev qəbul edilmiş qərardan narazı qalıb və hakim barədə qarayaxma kampaniyasına başlayıb. Mən həmin çıxışımda 3 hakimi tənqid etmişəm. Burda fərdi qərəz necə ola bilər?”

“A.Hüseynov ədalətdən danışır. Belədirsə, pasportunun səhifələrindəki sərhəd keçidinin qeydlərinin surətini də məlumata əlavə etsin. İkincisi, “Yujdağ” İnstitutunun akademik arayışını da gizlətməsin. Orada qeyd edilir ki, oranı 2 ilə bitirib və həm də yazılır ki, əyani təhsil 5 ildir. Yayılan məlumat şübhəmi daha da qətiləşdirdi. Digər tərəfdən, məhkəmə instansiyalarında 10-larla hakim var ki, yerli özəl ali məktəbləri bitiriblər. Burada təəccüblü heç nə yoxdur. Yəni, bu adamın “Yujdağ”a üz tutmasının səbəbi nə olub? Bu barədə təkcə mən yox, xeyli insan sual verir. O, belə görünür ki, Milli Məclisə də bioqrafiyası ilə bağlı qeyri-dəqiq məlumatlar təqdim edib”, – deyə Əliyev fikrini tamamlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button