2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Deputatlar etiraz etsə də, qanun qəbul edildi

MBNP-yə əlavə səlahiyyətlərin verilməsi deputatların narazılığına səbəb oldu

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 7-də Milli Məclisin plenar iclasında İnzibati Prosessual, Mülki Prosessual, Mülki Məcəllə, eləcə də “Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.  

“Bankın lisenziyasının ləğvi çərçivəsində qəbul olunan qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməz”

Dəyişilkiyə əsasən, Azərbaycanda Maliyyə bazarlarına nəzarət orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən banka müvəqqəti inzibatçı təyin olunması, bankın lisenziyasının ləğvi çərçivəsində qəbul olunan qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməz. Layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanının həmin qərarların qanunvericiliyə uyğun olmaması barədə iddia məhkəmədə sübuta yetirildikdə həmin iddia zərərçəkən şəxslərə maliyyə kompensasiyasının ödənilməsi tələbi formasında təmin oluna bilər.

İnzibati aktlar üzrə mübahisələrə birbaşa apelyasiya instansiyasında baxılacaq

Məcəlləyə bankların maliyyə bazarlarına nəzarət orqanına qarşı iddiaları və maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə dair işlər üzrə icraata dair fəsil əlavə edilib. Layihəyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması, rezolyusiyası, ləğvi və iflası, eləcə də banka qarşı tətbiq edilən təsir, təshih və sanksiyalar ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələr apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

Həmçinin layihədə bankların ödəmə qabiliyyətinin bərpası, sağlamlaşdırılması, könüllü restrukturizasiyası, bankların rezolyusiyası ilə bağlı yeni alətlərin tətbiqi və ləğvini nəzərdə tutulur. Bundan başqa, qanun layihəsində alıcı bankın aldığı aktiv və öhdəliklərlə bağlı vergi və ödənişlərdən azad olunmasını nəzərdə tutur.

“Körpü bank”ları yaradılacaq

Layihəyə əsasən, bank öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizə ilə  məhkəməyə müraciət edə biləcək. Ərizəyə məhkəməyə təqdim olunandan sonra 10 təqvim günü ərzində baxılacaq və qərar qəbul ediləcək.

Bundan başqa, qanun layihəsində “körpü bank”ların yaradılması da nəzərdə tutulur. Başqa sözlə, layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradır. Bankın sağlam aktiv və öhdəlikləri bu “körpü bank”a keçirilir. Bu bank müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılır.

Sənəddə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərinin həlli yolları göstərilib. Belə ki, layihədə banka aidiyyatı olan şəxslərin, yəni səhmdarların, bankın idarə edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin bankdakı depozitlərinin icbari qaydada bankın səhmlərinə keçirilməsi, bankın səhmlərinin bir qismini çıxarıb satmaqla bazardan vəsaitlərin cəlbi, bankın aktiv öhdəliklərinin birlikdə, yaxud ayrı-ayrılıqda çıxarılıb satılması ilə problemlərin həlli nəzərdə tutulur.

İnzibatçılarının mülkləri müsadirə edilərək satılacaq

Qanuna təklif olunan digər dəyişikliklərə əsasən, bankın problemlərinin yaranmasında inzibatçılar və səhmdarların məsuliyyətləri olacağı təqdirdə onlar əmlakları ilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh olacaqlar. Başqa sözlə, Azərbaycanda müflis olan bankların səhmdarlarının, inzibatçılarının mülkləri müsadirə edilərək satılacaq.

Əli Məsimli: “Kimsə zəmanət verə bilməz ki, Palata sabah bundan öz məqsədləri üçün sui-istifadə hallarına yol verməyəcək”

Müzakirədə çıxış edən deputat Əli Məsimli deyib ki, “Banklar haqqında” qanuna dəyişiklik layihəsinin əsas aparıcı müddəaları anlaşılan olmadığından bu maddələrlə bağlı əlavə arayış verilməlidir. O, layihədə nəzərdə tutulan digər çatışmazlıqlar barəsində danışaraq bildirib ki, birbaşa apelyasiya şikayətinin indiki məqamda nə dərəcə doğru olduğu izah edilməlidir: 

“Digər məqam isə tərəflərə verilən konkret günlərin qoyulması ilə bağlıdır. Hesab edirəm ki, bu da yanlış yanaşmadır. Təklif edirəm ki, gün iş günü ilə əvəz olunsun. Bu, gələcəkdə mübahisəli məqam yarada bilər. Ümumiyyətlə, mən qanunvericilikdə konkret gün məsələsinin iş günü ilə əvəz olunmasını təklif edirəm. Biz elə etməliyik ki, gələcəkdə mübahisə və toqquşma üçün yer qalmasın”.

Əli Məsimli
Əli Məsimli.

Deputat deyib ki, ümumiyyətlə, Azərbaycanda bank sistemi o qədər çöküb ki, ölkədə sistemli bankın olması sual altındadır:

 “Burada sistemli bank haqqında verilən təriflərin özündə belə əksikliklər var. Bu, düzgün yanaşma deyil. Mənim digər iradım Maliyyə Bazarlarına Nəzarət Palatasına verilən əlavə səlahiyyətlərlə bağlıdır. Ola bilsin ki, indiki məqamda bu keçərlidir. Ancaq biz hüquqi dövlət qururuq. Kimsə zəmanət verə bilməz ki, Palata sabah bundan öz məqsədləri üçün sui-istifadə hallarına yol verməyəcək. Palatanın bundan öz məqsədləri üçün istifadəsi ilə mütləq olacaq. Bu məsələyə də aydınlıq gətirilməlidir”.

“Kreditlərin yüksək faizlə verilməsi soyğunçuluqdur”

Əli Məsimli bankların yüksək faizli və dollarla verdiyi kreditlərə kəskin etirazını bildirib: 

“Kreditlərin yüksək faizlə verilməsi soyğunçuluqdur. Ona görə də bu dəyişikliklər öz effektini verməyəcək. Təklif edirəm ki, hökumət min dollaradək olan kreditlərə güzəştə getməlidir. Əgər hökumət mayın 28-dək belə bir addım atarsa, o zaman biz bu sahədə ciddi dəyişikliyin baş verəcəyinin şahidi olacağıq”.

 “Mənim bankda nə qədər pulumun olduğunu niyə Palata bilməli və kimlərəsə deməlidir?”

Deputat Qüdrət Həsənquliyev bank sirri ilə bağlı dəyişikliklərə münasibət bildirib. O, bu sirləri açacaq səlahiyyətlərin Maliyyə Bazarlarına Nəzarət Palatasına  verilməsini kəskin pisləyib 

“Mənim bankda nə qədər pulumun olduğunu niyə Palata bilməli və kimlərəsə deməlidir? Əgər şübhələr olarsa, bunu hüquq-mühafizə orqanları araşdıra bilər. Burada bank sirləri qorunmalıdır. Belə olarsa, hamı pullarını aparıb İsveçrə banklarında saxlayacaq. Prezident isə çıxışında vurğulayır ki, hər kəs əmanətlərini ölkə banklarında saxlamalıdır. Ancaq Palataya verilən səlahiyyət bunun əksini deyir”.

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev .

Deputat həmçinin çıxışında məhkəmə qərarı olmadan bankın lisenziyasının ləğv olunması səlahiyyətlərinin də Palataya verilməsinə də etiraz edib: “Bununla nə etmək istəyirik?”.

“Azərbaycanda vətəndaşa verilən istehlak krediti niyə yüksək faizlə verilir?”

Deputat Siyavuş Novruzov isə deyib ki, bankların pis vəziyyətə düşməsi iqtisadi vəziyyətlə bağlı deyil: 

“Bu, bank rəhbərlərinin maliyyə oğurluğu ilə bağlıdır. Bankları bu günə onların rəhbərləri salıb. Rəhbər şəxslər öz mənafeyini güdüb. Problemlərin səbəbini onlardan soruşmaq lazımdır. Vaxtilə nəzarət mexanizmi var idi. Niyə indi biz “körpü bank” yaradırıq? Kim zəmanət verir ki, aktivlərin köçürülməsindən sonra bu hallar təkrarlanmayacaq.  Hərəyə 1 milyard pul veriblər, çıxıb gedib. İndi dövlət həmin pulların dalınca düşüb”.

Siyavuş Novruzov foto sosial şəbəkə
Siyavuş Novruzov foto sosial şəbəkə.

Deputat daha sonra qeyd edib:

“Banklar kökündən sağlamlaşdırılmalıdır. Səbəb və nəticəni qarışdırmayın. Azərbaycanda vətəndaşa verilən istehlak krediti niyə yüksək faizlə verilir? Bunun izahı verilməlidir. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Amma bank rəhbərləri öz maraq və mənafelərini güdürlər. Bankı sağlamlaşdıranda kökündən sağlamlaşdırmaq lazımdır”.

Milli Məclisin sədri Oqtay Əsədov ona cavab olaraq bildirib ki, görülən tədbirlərdə əsas məqsəd bankların sağlamlaşdırılması ilə bağlıdır: “Əsas olan odur ki, banklar sağlamlaşdırılacaq”.

“Həmin bankçılar hamısı milyonerdirlər, amma vətəndaşlar əziyyət çəkirlər”

Millət vəkili Vahid Əhmədov isə vurğulayıb ki, ölkə iqtisadiyyatına ən ağır zərbəni banklar vurub: 

“Bu dəyişikliklərdə əsas məqsəd bankların sağlamlaşdırılmasından ibarətdir. Bütün bunları nəzər alan cənab prezident vəziyyəti yaxşılaşdırmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasını yaradıb. Niyə Azərbaycan bank faizləri bu qədər yüksəkdir, onu Siyavuş müəllim çox yaxşı dedi. Çünki həmin bankçılar hamısı milyonerdirlər, amma vətəndaşlar əziyyət çəkirlər”. V.Əhmədov qeyd etdi ki, bank sistemində problemlər olduğu kimi qalır: “Bu gün bank sistemində kredit alış-verişi faktiki dayanıb, insanlara kredit verilmir. Xahiş edirəm, Rüfət müəllim bu sahə ilə ciddi məşğul olsun. Həmçinin dollarla alınan, vaxtı keçmiş kreditlərlə bağlı problemlər, nəhayət, öz həllini tapmalıdır”.

Vahid Əhmədov
Vahid Əhmədov.

Müzakirələrdə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı da iştirak edib.

Deputatların etirazlarına rəğmən qanun layihələri səsə qoyularaq qəbul edilib.

Oqtay Əsədov: “Qanunu tələsik qəbul etdik, millət vəkillərinə çoxlu şikayət gəlir”

Milli Məclisdə “Banklar haqqında” qanunun müzakirəsi zamanı Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev bankdan vəsaiti çıxarmağın mümkün olmaması ilə bağlı irad bildirib. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı cavab olaraq deyib ki, Azərbaycanda qəbul edilmiş “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən, ölkədə hesablaşmalar nağdsız qaydada aparılmalıdır. Onun sözlərinə görə, qanunla vergi ödəyiciləri, bizneslə məşğul olan fiziki və hüquqi şəxslər əməliyyatları nağdsız qaydada aparmalıdır.

“Dövlət vəsaiti hesabına aparılmış satınalmalar da nağdsız olmalıdır. Ölkədə 5 milyon 400 min kart mövcuddur.  Bu kartların 55 mini debet, qalanı kredit kartıdır. Azərbaycanda kart sahiblərinin sayı 3 milyon 800 min nəfərdir. Bu, həmin şəxslərin banklarda əməliyyat imkanlarını təsdiq edir. Biz bundan sonra nağdsız qaydada hesablaşmalar aparmaq istəmiriksə, burda cavabdan çox, suallar yaranır. Tənzimləyici olaraq, bu proseslərin ağrısız keçirilməsini istəyirik. Texniki səbəblərdən müəyyən çətinliklər yaranır. Amma bizə bank sektorundan və sahibkarlardan ciddi sorğular gəlmir. Bu baxımdan qəbul edilmiş qanunlara yenilik gətirməyə ehtiyac yoxdur”

Oqtay Əsədov foto sosial şəbəkə
Oqtay Əsədov foto sosial şəbəkə.

Milli Məclis sədri Oqtay Əsədov isə əlavə edib ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik zəruridir: “Qanunu tələsik qəbul etdik. Sizə müraciətlər daxil olmasa da, millət vəkillərinə çoxlu şikayət gəlir. İnsanları nağdsız hesablaşmalara yavaş-yavaş vərdiş etdirmək lazımdır”.

Oqtay Əsədov deyib ki, Azərbaycanda zərərlə işləyən banklar mütləq sağlamlaşdırılmalıdır: 

“Bu gün bəzi qəbul olunan qanunların məqsədi bankların sağlamlaşdırılmasıdır. Bankların, doğrudan da, buna ehtiyacı var. Gündə 5 milyon manat zərər edən banklar var. Özü də zərər günbəgün artır. 5 milyon olacaq 10 milyon, 10 milyon olacaq 40-50 milyon manat. Buna görə bu bankları sağlamlaşdırmaq lazımdır. Ona görə “körpü bank” və bu qanunlar lazımdır. Maliyyə Bazarlarına Nəzarət Palatasına səlahiyyətlər vermək lazımdır ki, bankların piramida kimi müflisləşməsinin qarşısı alınsın”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button