2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Devalvasiyanı tətikləyən əsas səbəb

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni deputat İlham Əliyev ölkədə maliyyə böhranının əsas səbəkarı olaraq Mərkəzi Bankdı günahlandırıb. İ.Əliyev bildirib ki, yaranmış duruma görə Mərkəzi Bank məsuliyyət daşıyır. Çünki MB hadisələri əvvəlcədən proqnozlaşdırmalı və preventiv tədbirlər görməlidir ki, bundan nə banklar, nə də vətəndaşlar əziyyət çəksin.

Yarışlara 7 ay qalmış…
 
Həbsdə olan keçmiş bankir Cahangir Hacıyev də ardıcıl baş verən devalvasiyalarda maliyyə naziri Samir Şərifovu günahlandırıb. Tutduqları posta və rəhbərlik etdikləri qurumların qanun və əsasnamələrinə görə adıçəkilən qurumların rəhbərləri ölkə iqtisadiyyatının hazırda düşdüyü vəziyyətə görə məsuliyyət daşımalıdırlar, bu, öz yerində. Bizimyol.info olaraq diqqəti başqa bir məsələyə də çəkmək istəyirik. 2014-cü ildə Rusiyada artıq böhran başlamışdı, lakin Azərbaycanda bu, hiss olunmurdu və ilin sonuna qədər manatın məzənnəsində heç bir dəyişiklik baş vermədi. O dövrdə Avropa Oyunlarına hazırlıq işləri gedirdi. Yarışlara 7 ay qalmış bir sıra təşkilatlarda maaşlar uzun gecikmələrlə, həm də “ixtisar” olunmuş şəkildə verilməyə başlamışdı. Nə oldusa, həmin dövrdə oldu.
Nazir 1,1 milyard dedi, büdcədən 4,2 milyard ayrılıb
 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev I Yay Avropa Oyunlarının təşkilinin Azərbaycana 1 milyard 100 milyon manata başa gəldiyini demişdi. Amma buna qədər və bundan sonra da ekspertlər xərcləri 4-5 milyard civarında proqnozlaşdırırdılar. Büdcədən də hazırlıq işlərinə 3 ildə 3,7 milyard manatın ayrıldığı bildirilmişdi. Bu da köhnə məzənnə ilə 4.2 milyard dollar demək idi. Bu, hələ büdcədən ayrılan vəsait idi. Əlavə olaraq yarışa hansı mənbələrdən vəsait cəlb olunduğu, sahibkarlardan, dövlət şirkətlərindən də pul alınıb-alınmadığı da müzakirə mövzusu idi.
Olimpiadaya ev sahibliyi edən ölkələr borca və ziyana düşüb
Dünya təcrübəsinə nəzər salaq. 2004-cü ildə Afinada keçirilmiş Olimpiada 9 milyard avroya başa gəlmişdi. Yunanıstan indiyə qədər də özünə gələ bilməyib, borc içində boğulur. 2012-ci ilin London Olimpiadası büdcədən üç dəfə baha – 8,77 milyard funt sterlinqə başa gəlmişdi. 1984-cü ildə Los Anceles Olimpiada üçün mövcud obyektlərdən istifadə etmiş və qazanc götürmüşdü. Bu şəhərin 2024-cü il Olimpiadası üçün tutduğu büdcə 4,52 milyard dollardır və gözlənilən gəlir 150 milyon dollardan artıq olmalıdır. 2016-cı ilin Rio Oyunlarına 12 milyard dolların xərcləndiyi təxmin edilir. Olimpiadalara ev sahibliyi edən əksər şəhərlər borca və ziyana düşüb.
Xanım mer nüfuz xatirinə vətəndaşı borc altına salmadı 
 
Bir neçə gün əvvəl İtaliya paytaxtı Romanın meri Virginia Raggina 2024-ci ilin Olimpiya oyunlarına ev sahibliyindən imtina etdiklərini bəyanlayıb. Xanım mer deyib ki, İtaliya paytaxtının bu qədər maliyyə çətinlikləri içində olimpiadaya ev sahibliyi etməsi məsuliyyəstizlik olardı. Şəhər maliyyə çətinliklərinə görə 2020-ci ilin Oyunlarına ev sahibliyi müraciətini də geri götürmüşdü. Roma olimpiadaya son dəfə 1960-cı ildə ev sahibliyi etmişdi. İtaliya Olimpiya Komitəsinin prezidenti Giovanni Malago olimpiadanın keçirilməsi ilə bağlı merin heç olmasa referendum keçirməyə razılıq verəcəyinə, xalqın razılığını alacağına ümid edirmiş. Oyunları Roma iqtisadiyyatına 1,7 milyard dollar töhfə verəcəyi proqnozlaşdırılırdı. Bununla belə olimpiya rəsmiləri 2024-cü il Oyunları üçün 5,3 milyard avroluq büdcə tutmuşdular. Onlar deyirdilər ki, yarışlar üçün meydançaların 70 faizi artıq mövcud olan komplekslərdədir. Lakin xanım Raggi vətəndaşıarı borc altına girməyə məcbur etməyəcəyini, bu təşəbbüsü dəstəkləmədiyini israrla bildirib. O, deyib ki, Roma hələ də 1960-cı il Olimpiadasının borclarını ödəyə bilməyib.
Hamburq imtina qərarını referendumla aldı 
 
Olimpiada elə bir yükdür ki, heç inkişaf etmiş ölkələr belə bu yükün altına girmək istəmir. Onlar bunu başqa ölkələrin, eyni zamanda öz acı təcrübələrindən görüblər. Çünki, beynəlxalq əhəmiyyətli belə yarışlar heç vaxt maliyyə dividendi gətirməyib. ən azından xərclənən vəsait geri götürülmür. Bundan əvvəl Boston və Hamburq 2024-ci ilin Olimpiadasına ev sahibliyindən imtina edib. Hamburq şəhərinin ev sahibliyindən geri çəkilməsi qərarı hətta referendumla qəbul olunub. Almaniya 1972-ci ildən bəri olimpiya oyunlarına ev sahibliyi etməyib. Hindistannın Əhmədabad və Kanadanın Toronto şəhərləri də namizədlikdən imtina edib. Hollandiya 2019-cu ildə Avropa Oyunlarına ev sahibliyi üçün ərizə ilə müraciət edən yeganə ölkə idi. Amma onlar da fikirlərini dəyişdilər. Hollandiya hökumətinin müxtəlif şəhər bələdiyyələrinə müraciəti nəticəsiz qalıb. Əyalət rəhbərləri və böyük şəhərlərin bələdiyyələri ilə keçirilən toplantıdan sonra 2-ci Avropa oyunlarının təşkilatçılığının Avropa Olimpiya Komitəsinə geri qaytarılması qərara alınıb. Yayılan bəyanatda tədbirin Hollandiyada keçirilməsi üçün lazım olan 57.5 milyon avroluq büdcə barədə razılığa gəlinmədiyi bildirilib. Müzakirədə iştirak edən dövlət strukturlarının rəsmiləri büdcəsi daha cazibədar və daha az məbləğlə təşkil oluna biləcək başqa idman tədbirlərini keçirməyi məqbul hesab etdiklərini bildiriblər.
Rio-de-Janeyro möhtəşəm açılışdan qaçdı
 
Braziliya bu ilin avqustunda Rio-de-Janeyroda Olimpiadanın təmtəraqlı acılışını keçirməkdən imtina etdi. Tədbirin icraçı prodüseri Marko Baliç bəyan elədi ki, Rioda Pekindəki dəbdəbə, Afinadakı nəhəng xüsusi effektər, Londondakı qeyri-adilik olmayacaq. O, tədbirin Braziliyadakı çətin maliyyə vəziyyəti fonunda təşkil edildiyini qeyd edib. Açılış mərasiminin ümumi smetası Londonda keçirilmiş Olimpiya Oyunları 2012-dəki 42 milyon dolların yarısı qədər təxmin edilirdi. Rusiyanın idman naziri Vitali Mutko da 2019-cu ilin Avropa Oyunlarının ölkəsində keçirilməsi ehtimalını istisna edib. Bunu Rusiyada böyük idman yarışlarının təqviminin artıq çoxdan yazıldığı, eyni zamanda iqtisadi və siyasi vəziyyətlə əlaqələndirib.
Avropa oyunlarında ölkələrin ortalama xərci 5 milyard civarındadır
 
Yuxarıda ölkələrin beynəlxalq əhəmiyyətli olimpiadalara xərclədiklərini qeyd etdik, bunlar əsasən 5 milyardın üzərində olan rəqəmlərdir. Azərbaycanda olimpiada üçün bir çox tikililərin yeni inşa edildiyini, gələn idmançılar və qonaqların xərclərini də bizim qarşıladığımızı, möhtəşəm açılığı nəzərə alsaq, həmin ölkələrdən geri qalmadığımıza görə, vəsait də o civarda xərlənmiş olmalıdır. Olimpiada ölkəyə qızıl medallar, nüfuz gətirməklə bərabər devalvasiyanı da tətiklədi və proses bir neçə ay sonra baş verdi. Başqa ölkələrdən bir fərq var ki, haradansa borc götürülmədi, iki devalvasiyanın altına girməklə bütün xərcləri xalq qarşıladı…
Bizimyol.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button