2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Devrilən monarx, sarayı şoka salan təklif, sovet liderinin gizli niyyəti…

Yadigar Sadıqlı

1941-ci ilin iyunun 22-də nasist Almaniyasının SSRİ-yə hücumu ilə İkinci dünya müharibəsinin həlledici mərhələsi başladı. Artıq iki ilə yaxın müddətdə Almaniya ilə müharibə vəziyyətində olan və Fransanın kapitulyasiyasından keçən bir il müddətində almanlarla tək savaşan Britaniyanın baş naziri Uinston Çörçill həmin gün radio ilə etdiyi çıxışında bunları söylədi:

“Nasizmə qarşı mübarizə aparan istənilən şəxs və ya dövlət bizim dəstəyimizi qazanacaq… Deməli, biz Rusiyaya və rus xalqına bacardığımız köməyi göstərməliyik. Biz dünyanın bütün guşələrindəki dostlarımızı və müttəfiqlərimizi analoji kurs tutmağa və bu kursa bizim edəcəyimiz kimi, sona qədər mətanətlə və sarsılmaz şəkildə sadiq olmağa çağırırıq”.

İngiltərənin (və daha sonra ABŞ-ın) SSRİ-yə yardım göstərməsi üçün Arktika və Sakit okean marşrutları, bir də İran dəhlizi vardı. Sonuncu bunların içərisində ən uzun marşrut olsa da, eyni zamanda, ən təhlükəsizi idi. Üstəlik, ilin bütün fəsillərində az-çox eyni dərəcədə səmərəli istifadə oluna bilərdi. Yardım dəhlizindən əlavə, İranın önəmini artıran başqa məsələlər (Britaniya şirkətinə məxsus Abadan neftayırma zavodu, İran və Bakı neft mədənlərinin təhlükəsizliyi) də vardı.

Saytların yığılması Saytlarin yigilmasi

İran müharibədə öz bitərəfliyini elan etmişdi, amma Böyük Britaniya Rza şahın nasistyönümlü olmasından şübhələnirdi. Şah ölkədəki Almaniya vətəndaşlarının qovulması haqqında Britaniyanın tələbini rədd etdikdə, ona olan şübhələr daha da çoxaldı.

Avqustun 25-də Böyük Britaniya Fars körfəzi və İraq, SSRİ isə Azərbaycan və Türkmənistandan İrana müdaxilə etdilər. İngilis aviasiyası Tehran və Qəzvində, sovet aviasiyası isə Təbriz, Ərdəbil və Rəştdəki hədəfləri bombaladı. Nəticədə yüzlərlə dinc sakin həlak oldu.

İki böyük dövlətə müqavimət göstərmək İranın qüvvəsi xaricində idi. Cəmi dörd gün sonra şah müqaviməti dayandırmağı əmr etdi. Müttəfiqlər avqustun 30-da Sənəndəc, 31-də isə Qəzvin yaxınlığında birləşdilər. Oradan Tehran üzərinə yeridilər və paytaxtı tutub, Rza şahı taxtdan əl çəkməyə məcbur etdilər.

İngilislər Qacar xanədanını bərpa etmək barədə də düşünürdülər, amma bu sülalənin başçısı Həmid Mirzə altı yaşından Britaniyada yaşayırdı və fars dilini bilmirdi. Sonda kəskin dəyişikliklər arzuolunmaz hesab edildi və  qərara alındı ki, Rza şahın 22 yaşlı oğlu Məhəmməd Rzanı taxta çıxarmaqla da keçinmək olar.

Müttəfiqlər dərhal İranın nəqliyyat infrastrukturunu – liman, avtomobil yolu və dəmiryolunu modernləşdirməklə məşğul oldular. İran dəhlizi vasitəsilə əvvəlcə ayda 10 min ton yük göndərmək mümkün idisə, 1943-cü ilin mayında bu rəqəm 10 dəfə artdı. Amerikalılar Əndimeşk və Xürrəmşəhrdə iki avtomobil zavodu tikdilər. Müharibə illərində SSRİ-yə göndərilən Studebaker yük avtomobillərinin 184 mini bu zavodların məhsulu idi. 

***

1943-cü il İkinci dünya müharibəsinin gedişində dönüş ili idi. Həmin il ABŞ, Böyük Britaniya və SSRİ rəhbərlərinin birgə konfransını keçirmək təklif olundu. Görüş yeri kimi Qahirə, Bağdad və Bəsrə müzakirə olundu, sonda Tehran üzərində dayanıldı. Bu zaman İranın fikrini heç soruşan da olmadı. Gənc şah öz paytaxtında mühüm bir konfransın keçiriləcəyindən yalnız liderlər gələndə xəbər tutdu. 

Konfrans noyabrın 28-də başladı. Həmin dövrdə almanlar Şərq cəbhəsində Stalinqradda və Kurskda ağır məğlubiyyətə uğramışdılar, Afrikadan qovulmuşdular. Amerika və Britaniya qoşunları artıq Apennin yarımadasında idilər. Nasistlərin Avropadakı əsas müttəfiqi olan İtaliya anqlosakslarla sülh bağlamış və Almaniyaya savaş elan etmişdi.

Bütün bunlar İkinci dünya müharibəsinin nəticələrinə şübhə saxlamırdı. Liderləri Tehranda toplaşan üç dövlət müharibədən sonrakı dünyada əsas söz sahibi olacaqdılar. Gənc şah başa düşürdü ki, onun da taleyi bu üç nəfərin əlindədir. İstəsələr, başqasından şah düzəldərlər, istəsələr, respublika elan edərlər. Buna görə də onların rəğbətini qazanmağa çalışırdı. 

Məhəmməd Rza şah ev sahibi idi, ancaq indi qürur gözləməyin vaxtı deyildi. Çörçillə görüşmək üçün Britaniya səfirliyi ilə əlaqə saxlanıldı. Baş nazir gənc şaha xüsusi vaxt ayırmağı lazım bilmədi. O, şahla elə konfransın keçirildiyi sovet səfirliyinin həyətində bir neçə dəqiqəlik görüşdü.

Daha sonra ABŞ səfirliyinə zəng edildi və şahın prezidentlə görüşmək istədiyi bildirildi. Ruzvelt Çörçilldən daha hörmətcil davrandı və Məhəmməd Rza şahı daha münasib qaydada, damın altında qəbul etdi. Amma bu görüş də bir neçə dəqiqə çəkdi. 

Bundan sonra sovet səfirliyinə müraciət edildi və Stalinin şahı nə vaxt qəbul edə biləcəyi soruşuldu. Səfirlikdə isə dəqiqləşdirib cavab verəcəklərini söylədilər. Bir müddət sonra iranlılara belə bir cavab verildi: “Yoldaş Stalin bilmək istəyir ki, şah onu nə vaxt qəbul edə bilər”. 

İranlılar çaş-baş qaldılar və dedilər ki, deyəsən, onları yanlış anlayıblar, biz Stalinin şahı nə vaxt qəbul edəcəyini öyrənmək istəyirik. Cavab verildi ki, yox, Stalin soruşur ki, şah onu nə vaxt qəbul edə bilər. Şahla məsləhətləşmək üçün vaxt istəyən iranlılar bir müddət sonra hələ də şübhə içində zəng etdilər ki, əgər biz səhv başa düşməmişiksə, şah Stalini filan vaxt qəbul edəcək.

Stalin həmin vaxtda Mərmər sarayda olur. Görüşürlər, danışırlar, yemək yeyirlər, şəkil çəkdirirlər. Sovet liderinin monarxiyanı keçmişin qalığı hesab etməsi, gələcəkdə İranda da respublika qurulacağını söyləməsi nə şahın, nə də anasının xoşuna gəldi. Saraydakı rəsm əsərlərinə baxan Stalin onların sarayda saxlanılmasını, yalnız şahın ailəsinin baxmasını eqoizm adlandırdı, tabloları muzeyə verməyi məsləhət gördü.

Stalinin şahın ayağına getməsi Tehranda böyük rezonans doğurdu. Konfransın özündən xəbərsiz keçirilməsindən, Birləşmiş Ştatlar və Birləşmiş Krallıq liderlərinin davranışından özünü əzilmiş hesab edən gənc şah da bir qədər dirçəldi. Onu deyim ki, Rusiya mənbələrində saraya getmək Stalinin şəxsi ideyası kimi qələmə verilsə də, İran mənbələrində bunu ruslara Əhməd Əli Sepehr adlı saraya yaxın şəxsin məsləhət gördüyü iddia olunur. 

Sovet rəhbərinin bu jestlə nəyə nail olmaq istəməsini söyləmək çətindir.  Bəlkə də 1943-cü ildə hələ konkret istəyi yox idi. Əgər vardısa, Cənubi Azərbaycan və Kürdüstan məsələlərinə görə İranla münasibətlərin korlanmasını nəzərə alsaq, nail olmadığı görünür. Proses sonda onunla yekunlaşdı ki, İkinci dünya müharibəsindən sonra İran sovet qoşunlarının ölkədən çıxmamasına görə BMT-yə şikayət etdi. Bu, yeni yaranan BMT-nin tarixində bir dövlətin digər dövlətdən ilk şikayəti idi.

***

İran şahı Stalinin əzizlədiyi yeganə monarx deyildi. Müharibənin son illərində Rumıniya kralı Mixay ilə də oxşar davranırdı. Onu hətta brilyantlarla bəzənmiş “Qələbə” ordeni ilə təltif etmişdi və Mixay amerikalı Eyzenhauer və ingilis Montqomeri kimi sərkərdələrdən sonra bu nadir mükafatı alan üçüncü əcnəbi olmuşdu (ondan sonra daha iki əcnəbi – polyak Mixal Rolya-Jimerski və yuqoslav İosip Broz Tito aldılar). Gənc kralın Moskva ilə münasibətləri o qədər isti idi ki, ona “komsomolçu kral” deyirdilər. Amma Rumıniyada hakimiyyəti ələ keçirən kommunistlər 1947-ci ildə Stalinin xeyir-duası ilə monarxiyanı ləğv etdilər və Mixayı ölkədən qovdular…

24 saat” “Devrilən monarx, sarayı şoka salan təklif, sovet liderinin gizli niyyəti…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button