Loading...
Loading...
İqtisadiyyat

DGK sədri Meksika səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Floresin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Meksikalı diplomatı salamlayan A.Əliyev iki ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

Komitə sədri iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, 2014-cü ildə Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Ümumdünya Gömrük Təşkilatının Beynəlxalq PICARD Konfransında iştirak etmək üçün Meksikaya səfərini məmnunluqla xatırlayıb, eləcə 2015-ci ildə Bakıda keçirilən 10-cu illik PICARD Konfransında meksikalı tələbələrin iştirakının qarşılıqlı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi üçün çox faydalı olduğunu bildirib.

A.Əliyev cari ilin 1-3 noyabr tarixlərində Kolumbiyada logistika və səlahiyyətli iqtisadi operatorlarla bağlı keçirilən beynəlxalq tədbirlər zamanı Meksika gömrük xidmətinin nümayəndələri ilə səmərəli görüşlərin keçirildiyini bildirib. Kolumbiyada keçirilən görüş zamanı meksikalı həmkarlarına Azərbaycan gömrük sistemində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verdiyini diqqətə çatdıran A. Əliyev hazırda Amerika regionunda logistika sahəsində Meksika modelinin tətbiq olunmasının bu sahədə əldə olunan mühüm nailiyyətlərdən xəbər verdiyini vurğulayıb. İki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı üçün hazırda əlverişli şəraitin yarandığını bildirən Komitə sədri, Bakı-Tbilisi-Qars dəmiryolunun və Beynəlxalq Dəniz Limanının fəaliyyətə başlaması ilə birlikdə logistika sahəsində xarici investorlar üçün səmərəli və münbit şərait yarandığını, ölkəmizin xarici investisiyalar üçün xüsusi güzəştlər tətbiq etdiyini qeyd edib.

DGK sədri iqtisadi-ticari əlaqələrdən, iki ölkə arasında ticarət dövriyyəsinin həcmindən də söhbət açıb, dövriyyənin daha da artırılması üçün imkanlardan maksimum yararlanmağın vacibliyinə toxunub.

Qəbula görə A.Əliyevə təşəkkür edən Meksika səfiri Xuan Rodrigo Labardini Flores Azərbaycanda ölkəsinin səfiri kimi fəaliyyətindən məmnunluğunu ifadə edib.

Meksika hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən diplomat iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən bəhs edib, eləcə də Azərbaycan və Meksika gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Səfir “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş” layihəsinin artıq hazır olduğunu və yaxın zamanlarda imzalanacağına ümid etdiyini bildirib, bu sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə çatdırıb.

Gözdən qaçırmayın:  "Müharibə davam etsə, Rusiya hökuməti ixracın qarşısını alsa…"

Qonaq ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi rolu olduğunu vurğulayıb, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib. Səfir, eyni zamanda Ümumdünya Gömrük Təşkilatının dekabrda baş tutacaq sessiyasında ÜGT Baş katibinin Amerika və Karib ölkələri regionu üzrə müavini vəzifəsinə keçiriləcək seçkilərdə Meksikadan olan namizəd Rikardo Trevinyo Çapanın dəstəklənməsi ilə bağlı fikirlərini də bölüşüb.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button