2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Dilimizə zərər verməkdənsə, domino oynasınlar”

Son həftədə Azərbaycan dilinin orfoqrafik lüğətində edilən düzəlişlər, düzəliş edilmiş sözlərin siyahısı cəmiyyət və ziyalılar tərəfindən birmənalı qarşılanmayıb. Bizimyol.info saytı orfoqrafiya lüğətində edilən dəyişikliklərlə bağlı ölkə ziyalılarının fikrini öyrənməyə çalışır.

Dövlət Dil Komissiyasının üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Orfoqrafiya Komissiyası “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini “Söz necə deyilir, o cür də yazılsın”, yəni “Fonetik” prinsipə əsaslanaraq hazırlayıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasob Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, Orfoqrafiyanı dəyişdirmək Günəşə Qərbdən çıxmağı əmr etmək kimi bir şeydir. “Mədəni irsin qorunub-saxlanılmasında yazının müstəsna əhəmiyyəti vardır. Dil kimi, yazı da xətti-obrazlı tipdən hərfi-fonetik tipə doğru inkişaf etmişdir. Düzgün yazı qaydalarımızın Kitabi-Müqəddəsində “qaş düzəldikləri yerdə vurub gözünü də çıxartmağa” ad tapa bilmirəm. Apostrofun dəyişdirilməsi ilə dilimizin orfoqrafiya lüğətinə edilən yanlış mü¬da¬¬xilələrəbir növ start verildi. Bunun ardınca “şe̕ r” sözünün “şeir” və bir müddət sonra isə “fe̕ l” sözünün də “feil” kimi yazılmasını qərara aldılar. “Orfoqrafiya lüğəti”nin tərtibinə laqeyd yanaşılmasına qətiyyən yol vermək olmaz. Qanuniləşmiş normanı pozaraq dilimizdə uzun onilliklər, hətta yüzilliklər boyu vətəndaşlıq hüququ qazanmış, dilimizin qayda-qanunlarına uyğunlaşaraq qəlibləşmiş, dilə fəsahət gətirən, ifadə qüdrətini artıran sözlərin hər dəfə bir-ikisinin yazılış qaydasının dəyişdirilməsini dilçiliyimizin inkişafına xidmət saymaq olmaz. Məsələn, 2004-cü ildə “metafora”, 2013-cü ildə “metafor”, 2018-ci ildə yenidən “metafora”, yaxud 2004-cü ildə “alğı-satqı”, 2013-cü ildə alqı-satqı və 2018-ci ildə yenidən “alğı-satqı”. Milyonlarla mənsubu olan bir dilə qarşı məsuliyyətsiz davranan məsul şəxslərə ən azından xəbərdarlıq edilməlidir. Bunu, sadəcə, özbaşınalıq və ana dilinə hörmətsizlik kimi qiymətləndirmək olar. Orfoqrafiya şəxsi zövq məsələsi deyildir.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, “Orfoqrafiya lüğəti” ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. Bəli, bu qanuna əsasən, dilimizin yazı qaydaları vaxtaşırı təkmilləşdirilməlidir. Qloballaşma şəraitində elmin, texnikanın, İnformasiya Kommunikasiya Texnologiyalarının yüksək templi inkişaf perspektivləri, sivilizasiyalararası yaxınlaşmalar, ictimai-siyasi və mədəni əlaqələrin getdikcə dərinləşməsi dilimizə yeni-yeni sözlərin, terminlərin daxil olmasını labüd edir. Məsələn, pin-kod (yaxud pinkod), on-layn (yaxud onlayn) və s. Artıq bu qəbildən olan sözlərin sayı get-gedə artmaqdadır. Təkmilləşdirmə, əsasən, bu istiqamətdə aparılmalı, yeni daxil olan sözlərin, terminlərin dilimizin qayda-qanunlarına uyğunlaşdırılmasına diqqət yetirilməlidir. Təəssüf ki, təkmilləşdirmənin ana dilinin lüğət tərkibində möhkəmlənmiş, xalqın kimlik şüurunda kök salmış sözlərin yazılışını vaxtaşırı dəyişdirmək kimi ba¬şa düşülməsi böyük fəsadlara, hətta milli identifikasiyanın zədələnməsinə gətirib çı¬xara bilər. Dilimizdə kipləşmiş, pasportlaşmış, qəlibləşmiş, hətta danışanın məqsədindən asılı olaraq nitqə təntənə, əzəmət, qalibiyyət ruhu verən sözlərdən bəzisinin yazı¬lışının dəyişdirilməsi vahid prinsipi pozur. Təkmilləşdirməni, uzun illər boyu şüurumuzda özünə yer etmiş, milliləşmiş sözlərin yazılışının dəyişdirilməsi kimi qavranılması yanlışdır.
Bəzən belə əsaslandırmağa çalışırlar ki, alınma sözlərdə yazı qaydası tələffüz qaydası ilə eyni olmalıdır. Onda ərəb dilindən alınmış “kitab”, “münasib”, “mürəkkəb”, “ailə”, “məişət”, “aid”, “növbə” və s. sözləri müvafiq olaraq “kitap”, “münasip”, “mürəkgəp”, “ayilə”, “məyişət”, “ayid”, “nöbə” kimi; yaxud italyan dilindən alınmış “abreviatura” sözü “abreviyatura” şəklində, və ya “aeroport” (yun. “aero” və lat. “port” sözlərinin birləşməsi) sözü “ayraport” kimi yazılmalıdır və s. Göstərilən faktlar “Alınma sözlərdə yazı qay¬dası son dildə deyilişinə görə yazılıb oxunmalıdır, tələffüz qaydası ilə eyni olmalıdır” müddəasını təkzib edir, yəni müasir Azərbaycan dilinin orfoqrafiyası üçün bu, sadəcə, fərziyyə ola bilər. Gah da deyirlər ki, mənbə dildə necədirsə elə də yazılmalıdır. Bu, tamamilə yanlış yanaşmadır, daha doğrusu, bekarçılığın orfoqrafiya təzahürüdür. Məncə, artıq ciddi və məhsuldar elmi iş qabiliyyətindən məhrum olmuşlar üçün orfoqrafiyadakı sözlərlə “vaxt keçirmək” ideal əyləncə vasitəsinə çevrilib. Bununla mən hansısa beyni qüvvədən düşmüş alimlərin əylənməsinin əleyhinə deyiləm. Amma əyləncə obyektini düzgün seçmək lazımdır. Qərəzim budur ki, orfoqrafiyanı zədələmək prosesini dayandırsınlar, bunun əvəzinə nərd, yaxud domino oynasalar daha zərərsiz olar.Dünyada 274 milyon insanın danışdığı fransız dili əsrlərdir ki, son dərəcə çətin olan orfoqrafiyasında bir hərf dəyişikliyi belə etmir. Hətta XVII əsrdə Por-Royal qrammatikləri belə bir təşəbbüslə çıxış etsələr də, bu, reallaşmayıb. Müasir fransız dilində nadir sözlər tapmaq olar ki, yazıldığı kimi tələffüz edilsin. Məsələn, fransız dilində [o] kimi tələffüz edilən “su” sözü üç hərflə yazılır: “eau”; yaxud [mo nuvo] kimi 6 səslə tələffüz edilən “yeni sözlər” birləşməsi yazıda “mots nouveaux” şəklində 12 hərflə ifadə olunur. Bundan əlavə, fransız qrafikasında sətrüstü və sətraltı diakritik işarələrdən də istifadə olunur. Bunu əcnəbi müəlliflərin özləri də təsdiq edirlər. Müasir fransız dilçisi, orfoqrafiya tarixi üzrə mütəxəssis Nina Kataş göstərir ki, öz mənşəyini XIII əsrdən götürən fransız yazı qaydası nisbətən italyan və ispan yazısına yaxın “roman” yazısı olub “ideoqrafiya” tipli yazıya transformasiya etmiş və bununla da fransız dilinin orfoqrafiyası qohum orfoqrafiyalardan uzaqlaşmışdır. Müəllif digər Qərb dilləri ilə müqayisədə fransız dilinin çox mürəkkəb və çətin yadda qalan yazı qaydalarının olduğunu qeyd edir. Biz isə digər dünya dillərinin orfoqrafiyası ilə müqayisədə, Azərbaycan dilinin nə qədər sadə və səlis yazı qaydalarına malik olduğunu tam əminliklə söyləyə bilərik. Sadəni “sadələşdirmək”lə mürəkkəbləşdirmək bizim şüarımız deyildir”,- deyə İdris Abbasov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button