Loading...
Loading...
Gündəm

DİM: “Doğru cavab abituriyentlərə izah edilib, razı qalıblar”

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də III qrup üzrə keçirilən imtahanlarda tarix fənnindən mübahisəyə və abituriyentlərin narazılığına səbəb olan suala münasibət bildirib.

DİM-dən Arqument.az-a verilən məlumata görə, bu sualla bağlı 31 abituriyent Apelyasiya Komissiyasına müraciət edib: “Məlum olduğu kimi, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. 14 iyul 2021-ci il tarixində III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilən qəbul imtahanında istifadə edilən tapşırıqların məzmunu ilə bağlı abituriyentlərdən daxil olan bütün müraciətlər araşdırılıb. III ixtisas qrupunda tarix fənni üzrə qeyd edilən test tapşırığının məzmunu ilə bağlı tapşırığa doğru cavab verməyən 31 abituriyent tərəfindən komissiyaya müraciət daxil olub. Nəzərinizə çatdırırıq ki, III ixtisas qrupu üzrə keçirilən imtahanlarda 21 mindən çox abituriyent iştirak edib”. 

Bildirilir ki, apelyasiya komissiyasına müraciət edən bütün abituriyentlərin hər biri ilə (onların elektron qeydiyyat sistemində seçdiyi əlaqə formasından asılı olaraq ya “ZOOM” proqramı, ya da telefonla) əlaqə yaradılaraq tapşırığın doğru cavabı izah edilib: “Göstərilən tapşırığın doğru cavabının fərqli olması ilə bağlı DİM-ə daxil olan müraciətlərin Azərbaycan tarixi dərsliyində verilən bəzi məlumatların və anlayışların az sayda olan abituriyentlər tərəfindən təhrif olunmuş şəkildə qavranılması və ya diqqətsizliklə bağlı olduğu onların nəzərinə çatdırılıb. Bu proses zamanı bütün abituriyentlər verilən izahla razılaşdıqlarını bildiriblər”.

“Bir daha qeyd edirik ki, tapşırığın doğru cavabı birmənalı və dəqiq olub dərsliklərə və qəbul proqramına uyğundur. Tapşırığın elmi statistik təhlili də bunu bir daha təsdiq edir. Belə ki, tapşırığın ayırdecilik (diskriminasiya) əmsalı və doğru cavablandırılma faizi kifayət qədər yuxarı olmaqla, doğru cavabı seçənlərin böyük əksəriyyəti orta və yuxarı hazırlıq səviyyəsinə malik olan abituriyentlərdir”, – DİM-in açıqlamasında qeyd olunur. 

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button