2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

DİN-in İmam Mehdi kimi təqdim etdiyi şəxs sahibkar imiş

Soyğunla bağlı polisə müraciət edən Aqil Babayevin özünə cinayət işi açılıb
İyunun əvvəlində hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıda soyğunçuluğa məruz qaldığını, evindən 9 milyon manat pul, küllü miqdaqda qızıl-zinnət əşyaları aparıldığını deyən sahibkar Aqil Babayevin özü həbs edilib.
Xəbəri Meydan TV yayıb.
Bildirilir ki, Aqil Babayev avqustun 4-də həbs edilsə də, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi avqustun 24-də onun həbsi ilə bağlı birgə məlumat yayıblar. Həmin məlumatda deyilir ki, Aqil Babayev özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib, onlarla insanı aldadıb. Onun haqqında Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.
Aqil Babayevlə bağlı araşdırmalar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, Aqil Babayev inanclı insanların etibarını qazanaraq, illər ərzində onların pulunu mənimsəyib.
“Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salaraq, hər ay ona pul ödənilməsinə inandırıb. Topladığı vəsaitlərin kasıb insanlara paylanıldığı görüntüsü yaradıb. Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb”, – Baş Prokurorluq və nazirliyin rəsmi məlumatında belə deyilir.
Ümumilikdə 50-dən artıq zərərçəkənin olduğu bildirilir, bu rəqəmin artacağı istisna olunmur.
Zərərçəkənlərdən Xəyal Mustafayev iddia edir ki, Aqil Babayev onun sözünə əməl etməyən, bəzən işi vaxtından gec icra edən şəxslərə qarşı zor tətbiq edib: “Məsələn, mən ustayam, bir işi gec yerinə yetirəndə şallaqlayırdı. Əsasən bel nahiyəsindən vururdu ki, iz görünməsin. Xəsarətlərə görə günlərlə uzana bilmirdik”.
Faiq Abdullayev iddia edir ki, Aqil Babayev onu “zühur etmiş İmam Mehdi” adıyla aldadaraq, illər ərzində ümumilikdə 420 min manat pulunu ələ keçirib.
“Sonradan başa düşdük ki, bu insan heç yerdə işləmədən villalarda yaşayır, yaxşı güzəran sürür. Aydınlaşdırdıq ki, bizi aldadır”, – zərərçəkənlər bildirib.
Aqil Babayevin ünvanına səslənən ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil. Onun “Şaurma N1” restoranlar şəbəkəsinin şəriklərindən olduğu deyilir. “Şaurma N1”dən Meydan TV-yə öncə “bu barədə məlumat verə bilmərik” deyilsə də, sonradan belə bir adamı tanımadıqlarını bildiriblər. Amma Aqil Babayevin yaxınları “Unikal.org” saytına həbs barədə danışıblar .
Aqil Babayevin həyat yoldaşı Nigar Babayevanın sözlərinə görə, oğurluq hadisəsindən əvvəl əri Buzovnadakı bağ evində girov saxlanılıb, onun telefonundan ailəsinə mesaj göndərilib və evindən pul, zinət əşyaları götürülüb:
“Həyat yoldaşım soyğunçuluq faktı üzrə 102-yə və yuxarı instansiyalara şikayət etsə də, bugünədək gəlib nə hadisə yerindən əl izləri götürülüb, nədəki hadisə şahidi olaraq məni dindiriblər”,- deyə N. Abbasova bildirib. Onun sözlərinə görə, əksinə şikayətdən sonra soyğunçuluğu törədən şəxslər həyat yoldaşına qarşı yalançı şahidlər toplayıb, A. Babayevə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılaraq həbs edilib. Aqil Babayevin ailə üzvüləri iddia edir ki, onun milyonlarla pulunu quldurluq yolu ilə aparan şəxslər uzun illər Aqillə dostluq edən, Bakı şəhərindəki ticarət şəbəkələrindən birinin sahibidir.
Həmin şəxsin “Şaurma N1” ticarət şəbəkəsinin sahibi Natiq Sadıqov olduğu bildirilir. “Şaurma N1”-dən Meydan TV-nin bununla bağlı sualına da cavab verilməyib.
Aqil Babayevin bacısı Mətanət Babayeva qardaşının soyğunçuluğa məruz qaldığı, böhtan atılaraq həbsə atıldığı və işinə ədalətli baxılmadığı barədə prezidentə müraciət edib:
“Cənab prezident, Siz həmişə çıxışlarınızda demisiniz ki, sahibkarlar şikayətlərini mənə desinlər. Qardaşım, sahibkar Aqil Babayev bir qrup şəxs tərəfindən girov götürülərək soyğunçuluğa məruz qalıb. Üzərinə böhtan atılaraq həbs edilib. Biz aidiyyatı orqanlara müraciət etsək də, iki aydır ki, qardaşım günahsız yerə həbsdədir. Sizdən xahiş edirəm ki, qardaşımın işinə ədalətli baxılmasına kömək edəsiniz. Zərərçəkmiş tərəf biz olsaq da, nəinki qardaşımın evini soyanlar cinayət məsuliyyəyinə cəlb edilir, bu azmış kimi qardaşım şər-böhtanla həbs edilib. Son ümidimiz sizsiniz, cənab prezident. Bizə kömək edin!”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button