2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

DİN-in “İran casusu” kimi təqdim etdiyi 39 nəfərin saxlanıldığı bildirilir

Yayımlandı: 1 Fevral 2023 14:35

Rəsmi: “Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməlləri həyata keçiriblər”

Azərbaycanın İrandakı səfirliyində baş verən hadisədən sonra yaranmış gərginlik fonunda ölkənin Daxili İşlər Nazirliyi “İran casusu şəbəkəsi” axtarışına çıxıb və daha 39 nəfərin saxlanıldığı iddia edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin şəxslərin Daxili İşlər Nazirliyinin (DİN) xüsusi əməliyyatı nəticəsində müəyyənləşdirildiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumatı Meydan TV-yə təsdiqləyib.

Nazirliyin yaydığı məlumata görə, saxlanılan şəxslər Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməlləri həyata keçiriblər.

Həmçinin bildirilir ki, onlar özlərini dindar kimi qələmə verərək sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar aparıblar.

“Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər”, – deyə məlumatda qeyd olunub.

“Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər”, – deyə məlumatda qeyd olunur.

Saxlanılan şəxslərin yaxınları isə hesab edir ki, onların heç biri casus deyil və sadəcə iki ölkə arasında yaranmış gərginliyin qurbanlarıdır.

Xatırlatma

Yanvarın 31-də Daxili İşlər Nazirliyi “SalamNews” informasiya agentliyi və “İnteraz” internet resursunun əməkdaşlarının saxlanıldığı barədə məlumat yayıb.

Nazirlik bildirib ki, xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və digər bölgələrdə 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.

“Onların arasında A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdovun adları keçir”.

Əməliyyat keçirilən “İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Bir müddət baş ofisi Moskvada yerləşən kanalın təsisçisi jurnalist Saleh Xudiyev olub.

2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırova alıb.

Onun  Cəlilabad rayonunda doğulduğu bildirilir.

Mətləb Bağırov həmçinin 2010-cu ildə fəaliyyətə başlayan “SalamNews” İnformasiya Agentliyinin təsisçisidir.

Sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən Yasin Hüseynzadə mühafizə xidmətinin rəisi Orxan Əsgərovu öldürüb, 2 nəfəri isə yaralayıb.

Səfirliyin təhlükəsizlik əməkdaşı Vasif Tağıyev Yasin Hüseynzadəni zərərsizləşdirib.

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları yanvarın 29-da Tehrandan Bakıya təxliyə olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button