2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Doktor Ölüm, Qəssab, Vəhşi — Qisasdan qaçan nasistlər

1983-cü ilin 25 yanvar tarixində “Lionlu qəssab” adlı nasist cəlladı Klaus Barbi həbs edildi. Klaus 40 ilə yaxın Latın Amerikasında ədalət məhkəməsindən gizlənə bilmişdi. O, burada da parlaq karyera quraraq Boliviya prezidentinin müşaviri vəzifəsini tuturdu. Məhkəmə qarşısına çıxarılan qocanın əslində Lion gestaposunun qəddar şefi olduğunu təxmin etmək mümkün deyildi. Barbi ömürlük həbsə məhkum edildi və 4 ildən sonra həbsxanada dünyasını dəyişdi.

“Lion qəssabı” Barbi 40 ilə yaxın müddət ərzində gizlənsə də, gec də olsa, keçmişdəki günahlarına və cinayətlərinə görə ədalət məhkəməsi qarşısında cavab verdi. Amma bəzi nasist canilər çox yaxşı gizləndilər və Avropanın ədalət Femidası onları məhkəmə qarşısına çıxara bilmədi.

 

Kim necə qaçdı?

Saytların yığılması Saytlarin yigilmasi

Müharibə bitdikdən (İkinci dünya müharibəsi -red.) bir çoxları hərbi cinayətdə və bəşəriyyətə qarşı işlənmiş cinayətlərdə günahkar olan bir neçə yüz nasist fəalı Latın Amerikasına köçür. Üçüncü Reyxin yüksək çinli heç bir partiya və dövlət təmsilçisi gizlənə bilmədi. Birincisi, onların siması hamıya tanış idi və birinci növbədə onları axtarırdılar. Heç bir dövlət də ərazisində belə bir şəxs və ya şəxsləri gizlətməyə razı olmazdı. Bununla belə, XX əsrin sonlarına qədər mətbuatda Borman, Müller və Hitlerin möcüzə sayəsində xilas olduqları barədə məlumat dolaşırdı.

Şayiələrə rəğmən, onlar heç yerə qaçmamışdılar. Bormanın meyiti qəbirlərdən birində tapılır. O, bombardman nəticəsində dünyasını dəyişir. Müller isə ən çox geniş yayılmış versiyalardan birinə əsasən, özünə qəsd edir və qardaşlıq qəbiristanlığında dəfn edilir.

Reyxin digər yüksək rütbəli şəxsləri ya özünə qəsd edib ya da müttəfiqlərin əlinə keçib. Müharibə bitdikdən bir neçə il sonra aşağı səviyyəli cinayətkarlar üçün imkan pəncərəsi hələ açıq idi və onlar bu vəziyyətdən istifadə etdilər. Hərbi əməliyyatlar və müharibədən sonra Almaniyanın işğalı böyük insan kütlələrinin yerdəyişməsi ilə nəticələndi. Əsir götürülmüş əsgərlər, müxtəlif ölkələrdən olan qaçqınlar, müxtəlif simalar-bu insan axınına qarışaraq aradan çıxmağı asanlaşdırırdı. Xüsusən də, amerikalı və sovet əsgərlərinə naməlum şəxslər üçün bu çox asan oldu. Bir qayda olaraq bu qaçqınlar Qərbi Almaniya torpaq sahiblərinin yanına işə düzəlir, sahələrdə işləyirdilər.  Şəxsiyyəti müəyyən etmək lazım gələndə isə sovet işğalı altında olan ərazilərdən qaçdıqlarını bildirir, uydurma adlardan istifadə edirdilər. Əgər bu qaçqınlar SS sıralarında xidmət etmişdilərsə, özlərini Vermaxt əsgərləri kimi qələmə verirdilər. Yeni adla yeni sənəd alanlar ölkəni o an tərk edirdilər. Onlar düşünürdülər ki, gec-tez Almaniyada kimsə onları tanıyacaq.

Müharibədən sonra dolaşan məşhur bir mifə əsasən, cinayətkarlara ədalət məhkəməsi qarşısında cavab verməkdən yaxa qurtarmağa kömək edən heç bir vahid təşkilat olmayıb. Katolik rahiblər onların halına acıdıqları üçün cinayətkarların uzaq Latın Amerikasına yerləşmələrinə gizli surətdə kömək etdilər. Bu səbəbdən bu gün də bəzi “kəsəyən cığırları” “monastr cığırları” adlandırılır.

Vatikanın qaçqınlara yardım təşkilatı pərdəsi altında müəyyən rahiblər nasistlərə yardım edirdilər. Onları monastrdan monastra aparır, saxta sənədlər düzəldirdilər. Bu sənəd “Qırmızı Xaç” təşkilatı tərəfindən verilirdi. Sonra isə nasistləri limana aparır, buradan isə tam qanuni sənədlə və yeni adla Latın Amerikasına göndərirdilər.

Müharibədən sonra İspaniya və Argentina ən çox nasist qaçqınlarına qucaq açan ölkələr oldu. İspaniya lideri Franko vətəndaş müharibəsi illərində nasistlərin və faşistlərin kommunistlərə qarşı ona kömək etdiklərini unutmamışdı. İspaniya da ikinci dünya müharibəsində iştirak etməsə də, qaçqınları qəbul edirdi. Argentinaya gəldikdə isə, prezident Peron nasist fəallardan dövlət aparatını möhkəmləndirmək üçün istifadə etmək niyyətində idi.

Nasistləri “kəsəyən cığırı” ilə Latın Amerikasına yola salan iki rahib məlumdur. Onlardan biri avstriyalı Aloiz Xudal idi. Alois nasistləri və faşistləri milliyyətlərindən asılı olmayaraq aradan çıxarırdı. İkinci rahib xorvat əsilli Krunoslav Draqanoviç idi. O, serblərlə etnik və dini zəmində düşmənçilik aparan xorvat faşist təşkilatının üzvlərinə kömək edib.

Bununla belə, başqa ölkədə gizlənmək hələ işin yarısı idi. Çünki böyük cinayət siyahısına rəhbərlik edən nasistləri təkcə “Mossad” və digər kəşfiyyat orqanları yox, həm də nasist ovuna çıxan beynəlxalq təşkilatların nümayəndələri də axtarırdı. Bu ovçular öz kanallarından istifadə edərək nasist cinayətkarlarının axtarışı ilə məşğul idilər. Bu təşkilatlardan ən məşhuru Simon Vizentalın mərkəzi sayılırdı. Amma yenə də xüsusi xidmət orqanları və ictimai təşkilatların cəhdləri kifayət etmirdi.

Yozef Mengele

“Osvensium” hərbi əsir düşərgəsinin “ölüm mələyi” dünya üzrə axtarılan cinayətkarlar siyahısında ikinci adam idi. 60-cı illərdə Adolf Eyhman Argentinada “Mossad” agentləri tərəfindən həbs edildikdən sonra Mengele siyahının birinci pilləsinə adladı.

Mengele Şərq cəbhəsində SS-in məşhur “Vikinq” tank diviziyasının batalyonlarının birində ştatlı həkim kimi xidmət göstərib. Yaralıları xilas etdiyi üçün “Dəmir xaç” ordeni ilə də təltif edilib. Onun xidməti uzunmüddətli olmayıb. 1942-ci ildə yaralanan Mengele hərbi xidmətə yararsız olduğu üçün ordudan təxris edilir. Tibbi təhsili olduğu üçün “Osvensium”-da həkim vəzifəsinə təyin edilir. Düşərgədə cəmi il yarım fəaliyyət göstərsə də, elə bir şöhrət qazandı ki, bu günə qədər də şər qüvvələrin atası sayılır. Mengele “Osvensium”-da əsirlər üzərində insanlığa xas olmayan və qəddar təcrübələr həyata keçirib. O, təkcə böyüklər yox, həm də uşaqlar üzərində təcrübələr aparıb.

Əkizlər və liliputlar Mengelenin diqqətini daha çox çəkirdi. O, bu adamlar üzərində xəstəlik epidemiyası, qan köçürülməsi, amputasiya kimi təcrübələr aparıb. Bir çox hallarda bu təcrübələr ya əsirlərin təcrübə vaxtı ölümü ilə, ya da qaz kamerasında yandırılma ilə nəticələnirdi. Mengele təcrübələri üçün yararsız əsirləri qaz kameralarına doldururdu.

Həkimin üzərində təcrübələr apardığı əsirlər daha yaxşı qida və barakla təmin edilirdi. Mengele düşərgə ərazisində uşaqlar üçün baxça da təşkil etmişdi. Üzərində təcrübə apardığı körpələri bu baxçaya doldurur, özünü Mengele dayı kimi təqdim edir, uşaqları şokolada qonaq edirdi.

Onların həyatının neçə gün və ya neçə il, neçə ay davam edəcəyini heç kəs bilmirdi. Üzərində təcrübə aparılan şəxslər hər an ölə bilərdi və ya sadəcə həkimi bezdirə bilərdi. “Ölüm mələyi”nin üzərində təcrübə apardığı əsirlərin böyük əksəriyyəti düşərgənin azad edildiyi günü görə bilmədi.

Müharibənin bitməsinə bir neçə gün qalmış başqa əsir düşərgəsinə təyin edilmiş Mengele adi Vermaxt əsgərinin paltarını geyinərək aradan çıxdı. O, əvvəlcədən təcrübələrinə aid bir çox sənədi məhv edə bilmişdi. Müharibə başa çatdıqdan sonra Mengele amerikalılara təslim oldu və həqiqi adını söylədi. Amma nəzərə almaq lazımdır ki, əsir düşərgələrində həkimlərin nə işlər gördüyü barədə məlumat çox az idi. Mengele isə SS zabiti kimi qeydə alınmamışdı. Bu səbəbdən bir neçə ay sonra onu evə buraxdılar. “Ölüm mələyi” amerikalıların hərbi əsirlər üçün nəzərdə tutulmuş düşərgəsində özünə Frits Ulman adlı sənəd düzəldə bildi.

Mengele torpaq sahibinin yanında işə düzələ bilərdi. Amma tezliklə həkimlərə aid Nürnberq prosesi başladı. Bu məhkəmə prosesində Mengele əsas müttəhimlərdən biri idi. Prosesdə onun adı bir neçə dəfə çəkilsə də, həkimi tapa bilmədilər. Almaniyada qalmaq təhlükəli idi. Mengele “kəsəyən cığırı”na düşə bildi. 1949-cu ildə o, Genuyaya keçdi. Bu isə Avropa marşrutunun son nöqtəsi idi. “Ölüm mələyi” ailəsini Almaniyada tərk edərək Helmut Qreqor adına “Qırmızı xaç” təşkilatından verilmiş pasportla Argentinaya yollandı.

Argentinaya yerləşən Mengele əvvəlcə dülgər işləyir, sonra isə kənd təsərrüfatı avadanlıqlarının satışı ilə məşğul olur. Bütün bu müddət ərzində ovçular Mengeleni axtarırdılar və nəhayət izinə düşə bildilər. Argentinadan həkimi Almaniyaya ekstradisiya etmək tələb edilsə də, Mengele Paraqvayda gizlənə bildi. Müharibə başa çatdıqdan 15 il sonra məlum oldu ki, “ölüm mələyi” hamının düşündüyü kimi həlak olmayıb, sağdır və yaşayır.

Eyhman həbs edildikdən sonra Mengele nasist ovuna çıxanlar üçün 1 nömrəli hədəf sayılırdı. Amma bu dəfə də onun bəxti gətirdi. Yaxın Şərqdə vəziyyət mürəkkəbləşmişdi. “Mossad” bütün gücünü bu regiona yönəltmək məcburiyyətində qaldı. İctimai təşkilatların axtarış cəhdləri isə kifayət qədər güclü deyildi. Çünki hiyləgər Mengele izini itirir, gizlənir, müntəzəm olaraq yaşayış yerini və adını dəyişirdi.

O, Paraqvaydan Braziliyaya köçdü və burada Volfqanq Gerhard adı altında yaşamağa başladı. Tezliklə Mengelenin vəziyyəti pisləşdi və insult keçirdi. 1979-cu ildə dənizdə çimərkən ikinci insult keçirdi və batdı. Avropa və İsraildə isə cinayətkarın axtarışları davam edirdi. Onun yeri haqqında məlumat verənə 100 min dollar mükafat vəd edilmişdi. Mətbuatda tez-tez Mengelenin dünyanın müxtəlif ölkələrdə olması barədə informasiyalar peyda olmağa başladı. Bu informasiyaların hesabına 80-ci illərin ortalarında Mengelenin gizli yazışdığı alman dostu üzə çıxdı. Cinayətkarın həm də sonuncu yaşayış yeri də müəyyənləşdirildi. Mengelenin braziliyalı tanışları sorğu-sual edildi və qəbri tapıldı. Qəbir eksqumasiya edildikdən sonra Gerhard adı altında bu qəbirdə Mengelenin dəfn edildiyi müəyyənləşdirildi.

Aribert Haym

Aribert Haym da “ölüm həkim”lərindən biridir. O, təqiblərdən qurtularaq gizlənir və XXI əsrə qədər axtarışları davam edir. Bu yaxınlara qədər Haym ən çox axtarılan 10 nasist cinayətkarı siyahısında idi.

1941-ci ilin payızında 26 yaşlı Haym “Mauthauzen” əsir düşərgəsində həkim kimi fəaliyyətə başlayır. Qısa müddətə Aribert elə “uğur” qazanır ki, əsirlər onu Qəssab adlandırmağa başlayırlar.

Haym əsirlər üzərində zəhərin təsirini sınaqdan keçirir, ölümə səbəb olan digər maddələri tətbiq edirdi. Düşərgədə Haym çox qala bilmədi və tezliklə SS-in “Nord” diviziyasına həkim vəzifəsinə təyin edilir.

Mengeleyə nisbətən əsir düşərgəsində az işlədiyi və daha az əsir öldürdüyü üçün Haym müharibədən sonra təqiblərdən qurtuldu. O, məhkəməyə cəlb edilmədi və 1962-ci ilə qədər genekoloq işlədi. Amma 1962-ci ildə onun qəddar əməllərinin şahidləri tapıldı və tezliklə Hayma qarşı məhkəmə prosesi təşkil edildi.

Məhkəmə qarşısında cavab vermək istəməyən Haym qaçır. Onun axtarışları yarım əsrdən çox davam edir. Nasist cinayətkarı əlindən buraxan alman hökuməti onun yeri barədə məlumat verənə mükafat təyin etmişdi. XXI əsrin əvvəllərində bu mükafat 150 min avro idi. Bir neçə il əvvələ qədər Haym ən çox axtarılan nasist cinayətkarlardan biri idi. 2012-ci ildə artıq axtarışlar dayandırıldı. Çünki Haymın 20 il əvvəl vəfat etdiyi müəyyənləşdirilmişdi.

Məlum olub ki, Haymı axtaran xüsusi xidmət orqanları və nasist ovçuları elə əvvəlcədən səhv izə düşüblər. Çünki Qəssabı Latın Amerikasında axtarırdılar. Onların fikrinə görə, Haym da “kəsəyən cığırı”ndan istifadə edərək hansısa Latın Amerikası ölkəsinə köçə bilərdi. Əslində isə Haym Fransa və İspaniyadan keçərək Mərakeşə, oradan Liviyaya, sonra isə Misirə pənah aparır. Ömrünün sonuna qədər də Misirdə yaşayır. Burada o, İslam dinini qəbul edir və Tarik Hüseyn adı altında 30 il yaşayır. Haym-Hüseyn 1992-ci ildə düz bağırsağının xərçəng xəstəliyindən vəfat edir.

Ante Paveliç

Ante Xorvatiya nasistlərinin diktatoru və faşist hərəkatının lideri idi. Xorvatiyada Paveliçin hakimiyyət illərində serblərə qarşı etnik təmizləmə siyasəti aparılıb. Bu səbəbdən müharibədən sonra Yuqoslaviya məhkəməsi onun barəsində ölüm hökmü çıxarıb.

Onların faşist hərəkatı həmişə katolik kilsəsi ilə sıx əlaqədə olub. Buna görə də xorvat əsilli rahiblərin müharibədən sonra rejim siyasətçilərini dəstəkləməsi, fəalların təhlükəsiz ölkələrə köçürülməsi qəribə deyil. Yuqoslaviyada hakimiyyət komunistlərin əlinə keçmişdi.

Avropada müharibənin başa çatmasına bir neçə gün Paveliç Avstriyaya qaçır. Bu dövrdə Avstriya almanların işğalı altında idi. Rahib Krunoslav Draqanoviçin səyi nəticəsində Ante italyan monastrına göndərildi. Paveliçə rahib paltarı geyindirərək Pedro Qonner adı ilə sənəd verildi. Bu sənədlə nasist lideri bir monastrdan digərinə keçirirdilər. Nəhayət italyan ticarət gəmisinə mindirilən Paveliç Argentinaya qaçır.

Argentinada Paveliç yenə də adını dəyişdirir və Pablo Aranyosa adı altında yaşamağa başlayır. Onun prezident Peronla sıx əlaqələri var idi. Xorvat əsilli nasist lider əmin idi ki, kommunistlərin ekstradisiya tələbinə Argentina hökuməti isti yanaşmayacaq.

1957-ci ildə Paveliçə qarşı iki serb çetnik (serblərin milliyətçi partizanları. Həm xorvatlarla, həm də Titonun kommunist partizanları ilə mübarizə aparırdılar)  tərəfindən sui-qəsd təşkil edildi. Amma sui-qəsd elə də uğurlu olmur və Paveliç yaralansa da, sağ qalır. Tezliklə Argentinada hərbi çevriliş baş verir və Peronu hakimiyyətdən uzaqlaşdırırlar. Yeni hökumət Paveliçin Yuqoslaviyaya ekstradisiyasına icazə verir. Amma Paveliç artıq İspaniyaya qaçmışdı və burada sığınacaq almışdı. Bununla belə, xorvat nasist 1959-cu ildə İspaniyada dünyasını dəyişdi…

(ardı var….)

Hikmət
Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button