Loading...
Loading...
SEÇMƏ

Dövlət büdcəsindən uzanan bayraq dirəyi

Yayımlandı: 13 Avqust 2022 15:23

5 ildən sonra yenidən Azərbaycan bayrağı Xəzərin sahilində dalğalanacaq. Bu dəfə dünyanın ən hündür bayraq dirəyinin üstündə. Bunun üçün dövlət büdcəsindən nə qədər vəsaitin xərcləndiyi məlum olmasa da, dirəyin Türkiyənin “Çimtaş” şirkəti tərəfindən hazırlandığı bildirilir. Artıq Azərbaycana gətirilən 191 metrlik dirəyin quraşdırılması prosesi aparılır.

Rəsmi məlumatda deyilir ki, dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək, fırlanan seqmentdən ibarətdir.

Bayraq Meydanının təntənəli açılışından düz 12 il keçir. Rəsmi xəbərə görə, 30 milyon manat dövlət vəsaitinə başa gələn layihənin tikintisi 3 il sürüb. Bu vəsaitin 20 milyon manatı prezidentin Ehtiyat Fondundan, 10 milyon manatı isə birbaşa dövlət büdcəsindən ayrılıb.

O vaxt bayraq dirəyinin uzunluğu 162 metr idi. Amerikanın “Trident Support” şirkətinin hazırladığı layihəni Azərbaycanın “Azenko” tikinti şirkəti reallaşdırıb. AzadlıqRadiosunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi ilə birgə 2012-ci ildəki araşdırmasına görə “Azenko” şirkətinin prezidentin ailəsinə bağlılığı var.

O vaxt Ginnesin rekordlar kitabında dünyanın ən hündür bayraq dirəyi kimi adını yazdıran Azərbaycan bu statusu bir neçə ay sonra itirdi. Tacikistan bu rekordu 165, yəni 3 metr uzunluqda bayraq dirəyi ilə yenilədi. 2014-cü ildə isə Səudiyyə Ərəbistanı bayrağını 171 metrlik dirəyin üstünə sancmaqla birinci oldu.

Əslində dünyanın ən uzun bayrağı tituluna sahib olmaq hökumətə asan başa gəlməmişdi, ərazidəki çoxmərtəbəli bina sakinlərinin köçürülməsi ciddi narazılıq yaratmışdı. Bayraq Meydanının “ətrafındakı yolun inşası” üçün burada yaşayan 70-dən çox ailə köçürülmüşdü. Ailələrin narazılığı hökumətin onlara evlərinin hər kvadrat metri üçün təklif etdiyi 1500 manatlıq vəsaitlə bağlı idi.

Cəmi 7 il üzərindəki bayrağı dalğalandıran 162 metrlik dirəyin tutrədiyi, bayrağın tez-tez cırılması halları müşahidə edilirdi. Nəhayət, 2017-ci ildə bayraq endirildi və o vaxtdan da yenidən bərpa edilməsi ilə bağlı söhbətlər gəzirdi.

İndi bəzi mənbələrdə Misirin adı birinci yazılsa da, dirəyin uzunluğu dəqiq göstərilmədiyindən Azərbaycanın rekordu yenilədiyini düşünmək olar. Amma çəkilən xərcin miqdarı açıqlanmadığından yeni rekordun dövlət büdcəsindən nə qədər sildiyini söyləmək çətindir. Görünən odur ki, “ən uzun dirək” sevdasına düşən ölkələrin yarışı Azərbaycana hələ çox baha başa gələcək.

Meydan TV

Gözdən qaçırmayın:  Bıçaqlanan yazıçı Salman Rüşdi bir gözünü itirə bilər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button