SEÇMƏ

Dövlət ittihamçısı Rasim Məmmədova 15 il iş istədi

Yayımlandı: 21 Noyabr 2022 15:59

Zavod direktorunun 70 milyonluq əmlakının müsadirəsi tələb olundu

“Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, 2021-ci ilin yanvarından həbsdə olan iş adamı Rasim Məmmədovun məhkəməsi başa çatmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsindən onun işi üzrə məhkəmə istintaqı noyabrın 21-də yekunlaşıb. Dövlət ittihamçısı Orxan Səmədov onun 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror həmçinin Rasim Məmmədov və yaxınlarının mülkiyyətində olan, onun həbsindən sonra üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunmasını da təklif edib. Dövlət ittihamçısı bildirib ki, mənimsəmə nəticəsində “Baku Steel Company” MMC-yə ziyan dəyib, həmin əmlaklar müsadirə olunub satılmalı, əldə edilən vəsaitlər dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir. Prokuror bildirib ki, bu əmlakların ümumi dəyəri təxminən 70 milyon manatdan çoxdur. Onların arasında Xəzər rayonu, Mərdəkan və Şüvəlan qəsəbələrində bağ evləri, Parlament prospektində qeyri-yaşayış sahəsi, “Baku Oxford School”, paytaxtın Əhməd Cavad, Səməd Vurğun küçələrində, Azadlıq prospektində mənzillər, Ziya Bünyadov prospektində obyekt və başqa daşınmaz əmlaklar var.

“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.

Meydan TV

Gözdən qaçırmayın:  “Ecofront” əməkdaşı: “Badamdarda yaşıllıq zonası dağıdılır”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button