ÖLKƏ

Dövlət Neft Fondu 96 milyon itirib

AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev

Dövlət Neft Fondu Rusiya bazarlarında mayanın 53 faizini batırıb. Fondun Rusiyaya yönəlik investisiya siyasəti tam iflasa uğrayıb.

2019-cu ilin oktyabr ayının əvvəlinə açıqlanan rəsmi məlumata görə Neft Fondunun Rusiyada vur-tut 298 milyon dollar dəyərində aktivi qalıb. Halbuki Fond 2012 və 2013-cü illərdə Rusiyada daşınmaz əmlaka və bank səhmlərinə 633 milyon dollar yatırım etmişdi. Bu iki müqayisədən aydın olur ki, 633 milyon dolların 335 milyon dolları Rusiya bazarlarnda yemə çevrilib. Mayadan itki faizi 53-dür.

Amma Neft Fondunun əsas vəzifəsi gələcək nəsillərə aid olan ehtiyatları itkiyə vermək deyil, onu təhlükəsiz şəkildə qorumaq və imkan daxilində artırmaqdan ibarət olmalıydı. Dövlətin də, millətin də Fonddan gözləntisi bu idi. 7-8 il bundan əvvəl yarım milyarddan çox valyuta ehtiyyatlarını Rusiyada ofis-ticarət mərkəzinin və bank səhmlərinin satın alınmasına yönəldərkən də Fondun qarşısında duran əsas vəzifə bundan ibarət olmuşdu. Lakin gələcək nəsillərin pullarını qoruya bilməyib Neft Fondu. Bacarmayıb, yarıtmayıb vəzifəsini, Rusiya bazarlarında milyardın ücdə birindən çox maliyyə vəsaitini batırıb.

Burada bağışlanılmaz səhv həm də ondan ibarətdir ki, gələcək nəsillərə çatmalı olan milyonların havaya sovrulacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün olsa da, itkilərdən yayınmaq istiqamətində gərəkən qətiyyətli addımlar atılmayıb. Belə ki, Rusiya bazarlarında yerləşdirilən ehtiyatların batacağını hələ 2014-cü ildən hesablamaq mümkün idi və 2017-ci ilin sonlarından başlayaraq bu mənfi proses daha da sürətlənib. Əgər 2017-ci ilin sonuna olan vəziyyətə görə mayadan itkilər 38 faiz (239 milyon dollar) təşkil edibsə, 2019-cu ilin oktyabr ayının sonuna həmin göstərici 53 faizə (335 milyon dollar) yüksəlib. Ötən 1 il 9 ayda itkilər 96 milyon dollar və ya 40 faiz artıb. Qətiyyətli olub qabaqlayıcı addımlar atmaq hesabına bu 96 milyon dolları qorumaq olardı. Amma qoruyucusu olmayıb o milyonların. Hətta bu yöndə dəyərli iqtisadçıların dəyərli çağırışları da gözardı edilib…

Odur ki, Dövlət Neft Fondunun rəhbərliyi Rusiya sevdasının açınacaqlı nəticələrinə dair Azərbaycan xalqına izahat verməli, gələcək nəsillərə aid milyonları göz görə-görə itkiyə verməyinin əsas səbəblərinə aydınlıq gətirməlidir.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close