Now Reading:
DÖVLƏT PULSUZ DƏRMANLARI VERƏ BİLMİR – ARAŞDIRMA

DÖVLƏT PULSUZ DƏRMANLARI VERƏ BİLMİR – ARAŞDIRMA

24saat.org saytına daxil olan məlumata görə, ölkə ərazisində qeydiyyatda olan xəstələrin pulsuz dərmanla təmin olunmasında ciddi sıxıntılar yaşanmaqdadır.

Əldə etdiyimiz məlumata görə, hazırda bir çox xəstələrə dövlət tərəfindən verilməli olan dərmanlar yarıbayarı azaldılıb.

insulin
İnsulin

Şəkərli diabet və “dağınıq skeriloz” xəstələri arasında apardığımız sorğu nəticəsində məlum olub ki, dövlət tərəfindən diabet xəstələri üçün pulsuz verilməli olan insulin və dağınıq skeriloz xəstələri üçün pulsuz verilməli olan “Avonex” (qiyməti 1 qutu – 1 aylıq qəbul üçün 1000 AZN) adlı dərmanların sayının azalmasına görə, bu dərman vasitələri hər xəstə üçün tam şəkildə deyil, hər ikinci dəfə istifadə üçün verilir. Bu zaman xəstələrə “imkanı olan qalanını özü alsın” məsləhəti də verilir.

avonex
Avonex

Məsələ ilə bağlı Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından saytımıza adının gizli saxlanılmasını istəyən məsul şəxsin verdiyi məlumatda fakt təsdiqlənib və bildirilib ki, hazırda xəstəxanada 500 nəfərə yaxın şəxs “dağınıq skeriloz” xəstəliyindən əziyyət çəkir. Onlara hər ay verilməli olan 4 ədəd “avonex” iynəsi çatışmazlıq səbəbindən 2 ay müddətinə istifadə üçün planlaşdırılaraq paylanılır.

Hətta mənbəmiz onu da qeyd etdi ki, yaxın aylarda yaşı yetmişdən çox olan xəstələrə “Avonex”in verilməsi birdəfəlik dayandırılacaq. Buna səbəb kimi, gənc insanlara dərmanın verilməsində yarana biləcək çətinliklərin qarşısını almaq göstərilib.

Xatırladaq ki, adıçəkilən dərman vasitəsi apteklərdə satılmır və onun əvəzləyicisi olan vasitələr də 500 manatdan başlayan qiymətə ölkəyə gətirilə bilər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı 24saat.org saytına açıqlamasında bildirib ki, onlarda dərman vasitələrinin çatışmazlığı ilə bağlı heç  bir məlumat yoxdur.

Respublika Endokrinologiya Mərkəzindən isə saytımıza bildirilib ki, hazırda qeydiyyatda olan 700 uşağın hər biri insulinlə tam təmin edilir.

Məsələ ilə bağlı geniş araşdırmamızı yaxın günlərdə dərc edəcəyik.

24saat.org

Input your search keywords and press Enter.