SEÇMƏ

Dövlət sifarişi ilə çəkilən 39 film cəmi 1905 manat gəlir gətirib

Yayımlandı: 26 Oktyabr 2022 18:17

18 filmin sosial şəbəkələrdə baxış sayı 3039012 say təşkil edib

“Ümumilikdə, çəkilmiş bütün filmlər üzrə 1905,2 manat gəlir əldə edilib ki, bu da çəkilən xərclə müqayisə olunmaz göstəricidir”.

Hesablama Palatasının apardığı yoxlamalar zamanı belə məlum olub.

Bildirilir ki, televiziya kanalları və kinozallarda 2 studiya üzrə ümumilikdə 39 filmin 10-u 3 fərqli kanalda, 10-u Bakı şəhərinin və bölgələrin 12 fərqli kinozalında nümayiş olunub.

18 filmin sosial şəbəkələrdə baxış sayı 3039012 say təşkil edib.

39 filmdən yalnız “Salnamə” studiyası üzrə 1 film 10-a yaxın festivalda nümayiş etdirilib:

“Ümumiyyətlə, təhlil göstərir ki, 5 dövlət studiyasından 3-ü tərəfindən çəkilən filmlərlə bağlı müqavilələrin hamısına dəyişikliklər edilib. Bitmiş və bitmə mərhələsində olan filmlər nəzərə alınmaqla Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən filmlərin 53,3%-i bir müqavilə çərçivəsində başa çatmayıb”.

Foto: Hesablama Palatası

Qeyd olunur ki, çəkilən filmlərin televiziya kanallarında və kinozallarda az nümayiş olunması, bəzi dövlət studiyalarının festivallarda iştirak etməməsi pis nəticə verib – maliyyə gəliri olmayıb.

“Bu da dövlət sifarişi ilə çəkilən filmlərin ictimai-sosial maraqlara uyğunluğu və seçim prosedurlarının natamamlılığı ilə bağlı qənaəti bir daha gücləndirir. Filmlərin çəkilişi ilə bağlı nəticəlilik göstəricisi kimi beynəlxalq təcrübədə filmlərin festivallarda iştirakı, eləcə də kinoteatrlar və TV-lərdə nümayiş sayı, həmçinin əldə edilmiş gəlirlər də qəbul olunur”, – məlumatda deyilir.

Azərbaycanda film çəkilişlərinə il ərzində təxminən 6-7 milyon manat arasında məsait ayrılır.

Samir Şərifov
Foto: Meydan TV

2021-ci ilin iyulunda maliyyə naziri Samir Şərifov Milli Məclisdəki çıxışı zamanı demişdi ki, Mədəniyyət Nazirliyinə kinoların çəkilməsi ilə bağlı vəsait ayrılsa da, bu sahədə hər hansı mühüm dəyişikliklər yoxdur.

“Vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı ekran əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”, – nazir söyləmişdi.

Kinotənqidçilər də nazirin dediklərinin həqiqət olduğunu bildirmişdilər.

Tənqidçi Sevda Sultanova demişdi ki, illərdir, kinoya ayrılan vəsait kinosənayeyə fayda vermir, yaxşı olardı ki, dövlət kinoya daha maliyyə ayırmasın:

“Kino şöbəsi isə ləğv olunsun. Dövlət sadəcə, kino istehsalının stimillaşması üçün müəyyən qərarlar qəbul etsin. Misalçün, film istehsalına, yerli film yayımına tətbiq olunan vergilər müəyyən müddətə ləğv olunsun. Onsuz da nazirliyin maliyyə dəstəyi olmadan film çəkən, festivalda uğur qazanan rejissorlar var. Kommersiya kinosu da dövlətin maliyyə dəstəyi olmadan çəkilir”.

Sevda Sultanova, Foto: Kulis.az

2022-ci ildə milli kinonun inkişafına büdcədən 6,5 milyon ayrılıb.

Gözdən qaçırmayın:  Saatlı sakini: “Özümdən xəbərsiz adıma pensiya, maaş kartları açıb, pulları mənimsəyiblər”

3 milyon manat Türkiyə kinoşirkətinə – Qarabağla bağlı serialın çəkilişinə veriləcək.

1,5 milyon manat Bakı Media Mərkəzinə (BMM) Hacı Zeynalabidin Tağıyev haqqında bədii filmin istehsalına xərclənəcək.

1,5 milyon manat da “Azərbaycanfilm” kinostudiyasına sənədli filmlərin çəkilişi üçün ayrılacaq.

Yarım milyon manat da təlimlər, müsabiqələr və s. üçün nəzərdə tutulub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button