2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Dövlət büdcəsi yenidən “budanacaq”

Azərbaycan Respublikasının Hesablama Palatası dövlət büdcəsi vəsaitlərinin səmərəli xərclənməsi üçün təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsini vacib sayır. Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, bununla bağlı hazırlanmış təkliflərə əsasən, dövlət büdcəsinin xərclərinin (müdafiə edilən xərclər istisna olmaqla) azaldılması, o cümlədən idarəetmə xərclərinin məhdudlaşdırılması, Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərə yenidən baxılması, tənzimləyici normativlərin hazırkı dövrün tələbləri nəzərə alınmaqla əsaslı surətdə təkmilləşdirilməsi nəzərdə tutulur. Burada, həmçinin, illik amortizasiya normalarının dövlət büdcəsindən subsidiya alınması məqsədi üçün zərər hesablanarkən onun nəzərə alınmaması ilə bağlı təkliflər də əksini tapıb.

V.Gülməmmədov şəffaflığın artırılması və hesabatlılığın gücləndirilməsi üçün büdcə qanunvericiliyinin təkmilləşdirilməsinin zəruriliyini də qeyd edib. Təkliflərdə dövlət büdcəsinin xərclərinin inzibati təsnifatı üzrə icrası ilə bağlı müddəanın əlavə olunması, ilin sonuna istifadə edilməyən vəsaitlər üzrə halların büdcə qanunvericiliyində konkret müəyyənləşdirilməsi və növbəti ilin dövlət büdcəsinin xərclərində nəzərə alınması öz əksini tapıb. Bundan başqa, dövlət büdcəsinin icrası ilə bağlı hesabatlara büdcə gəlirlərinin icrasını təmin edən qurumlar üzrə icra göstəricilərinin, həmçinin dövlət büdcəsi xərclərinin icrası məbləğinin funksional təsnifatın paraqraflar səviyyəsində təqdim olunması, dövlət əsaslı vəsait qoyuluşunun icrası ilə bağlı təqdim edilən məlumatlarda bu vəsaitlərdən büdcə ssudasının qaytarılmasına yönəldilmiş məbləğlər haqqında məlumatların nəzərə alnması da təklif edilir. Təkliflərin hazırlanmasında əsas məqsəd dövlət başçısının ölkədə maliyyə nəzarətinin gücləndirilməsi, xüsusilə Hesablama Palatasının fəaliyyətinin səmərəli təşkili, büdcə vəsaitlərinin qənaətlə xərclənməsi istiqamətində tapşırıqlarının vaxtında və tam şəkildə icra olunmasıdır.

İqtisadiyyat Nazirliyinin hazırladığı qarşıdakı illərdə ölkənin sosial-iqtisadi inkişafının ortamüddətli prioritetlərində də büdcə-fiskal, maliyyə sistemində xərclərin səmərəli idarə olunması və şəffaflığın artırılması başlıca yer tutur. Dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisinin optimallaşdırılması istiqamətində işlərin davam etdirilməsi, xərclərin ölkənin makroiqtisadi bazası çərçivəsində təkmilləşdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə adambaşına maliyyələşdirmə prinsipinə keçidin təmin olunması, yerli dövlət proqramları və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə uzlaşdırılması, xərclərin investisiya və sosialyönümlülüyünə üstünlük verilməsi nəzərdə tutulub. Ümumilikdə büdcə xərclərinin son nəticəyə əsaslanan məqsədli proqramlar əsasında tərtib edilməsi başlıca vəzifə hesab olunur. Maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin tətbiqinin genişləndirilməsi də bu siyasətin tərkib hissəsidir. Dövlət müəssisələrində və özəl sektorda maliyyə hesabatlılığı təcrübəsinin inkişaf etdirilməsi, milli və beynəlxalq standartların tətbiqi, korporativ idarəetmə prinsiplərinin genişləndirilməsi, mühasibat və audit işinin təkmilləşdirilməsi, məlumatların dəqiq, dolğun və vaxtında açıqlanması sisteminin yaradılması və avtomatlaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Saytların yığılması Saytlarin yigilmasi

Azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button