2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Dövləti talayana 2-3 il, kimisə yaralayana 15 il cəza verilir. Budur ədalət?”

Göyçay sakini Əfv Komissiyasına müraciət edib

“2016-cı ildən etibarən dəfələrlə mən ölkə prezidentinə, eləcə də həyat yoldaşım Rusiya vətəndaşı olduğu üçün Rusiya prezidentinə, Xarici İşlər Nazirliyinə müraciət etmişəm. Mehriban Əliyevaya, Baş Prokurorluğu, Daxili İşlər Nazirliyinə dəfələrlə məktub göndərdim, qəbuluna yazıldım, müraciətlərimizə baxılmadı. 7 ildən çoxdur ki, mən məktəbli övladımla çöllərdə qalmışıq, həyat yoldaşım da haqsız olaraq həbsdə qocalır”.

Göyçayın Bığır kənd sakini Osmanova Aynurə Məzahir qızı Meydan TV-yə belə deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, artıq 7-ci ildir ki, həyat yoldaşı Raqif Məmmədov haqsız olaraq həbsdədir.

Uzun illər Rusiyada yaşayan ailə Azərbaycana döndükdən sonra həyat yoldaşının ata yurdu – Göyçayın Alıkənd kəndində məskunlaşıb. Orada ev tikib, bağ salıb. Elə bu işlərindən  sonra  problemlərlə üzləşib.

Həyat yoldaşı deyir ki, Raqif Məmmədovla qonşusu Nurlan Məmmədov arasında həyəti təmizləmək üstündə mübahisə yaşanıb və mübahisə davaya çevrilib. Aralarında yaranan insidentə görə Raqif Məmmədov 15 il həbs cəzası alıb.

Raqif Məmmədov və qızı Zeynəb Məmmədova. Foto: Ailə albomundan

Aynurə Osmanova hesab edir ki, davada bir şəxsin yaralanmasına görə bir şəxsə 15 il həbs cəzası vermək haqsızlıqdır:

“Həyat yoldaşımın Rusiyada qazandığı halal zəhmətlə iri bağ saldıq, ev tikdik. 2016-cı il mayın 15-də qonşu ilə həyəti təmizləmək üstündə düşdü. Əslində, bir qrup şəxs icazəsiz həyətimizə daxil oldu və mübahisə yarandı. Həyat yoldaşım həyətin otunu təmənnasız qonşuya verirdi, deyirdi ki, kolluğu da təmizlə. Amma o, otu biçib götürür, amma həyəti təmizləmirdi. ziləmirdi. Bundan yaranan mübahisə davaya çevrildi”.

“Həyat yoldaşım məni və körpə övladını müdafiə etmək üçün silahla onlardan birinin bud nahiyəsinə xəsarət yetirdi. Sonradan yüngül  xəsarət alan şəxsin xəstəxanaya çatdırılmasını da təmin etdi. Ancaq onlar şikayətçi oldular. Baxmayaraq ki, hadisə yerində bir tək giliz aşkarlanıb, ölüm faktı olmayıb. Yoldaşım da əməlini məcburiyyət qarşısında qalaraq  özünümüdafiə məqsədilə törətdiyini, tutduğu əməldən peşman olduğunu deyib. Hətta şahidləri dindirmədən ona ağır cəza verildi, Şəki Ağır Cinayətlər Məhkəməsində 15 il iş kəsdilər. Bu, haqsızlıqdır. Adam öldürən 12 il, dövləti talayan məmur 2-3 il, kimisə yüngül yaralayan isə 15 il həbs yatır. Budur ədalət? Vətənə gələndən nə qədər insana çörək verdi. İndi isə özü həbsdə, ailəsi çöllərdə məhv olur”, – deyə o bildirib.

“15 il çoxdur axı, adam öldürməyib, amansız qatil deyil”

Aynurə Osmanova həyat yoldaşının 15 il həbs cəzası alması ilə barışmır. Bunu Şəki Ağır Cinayətlər Məhkəməsinin haqsız qərar çıxarması, işin tələsik və bəzi nüansların nəzərə alınmaması ilə əlaqələndirir.

Deyir ki, həyat yoldaşı Raqif Neman oğlu Məmmədov Bakıda, Nizami rayonundakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Aynurə Osmanova. Foto: Meydan TV

Onun sözlərinə görə, bu, həyat yoldaşının ilk məhkumluğudur və ona verilən həbs müddətinin yarısını bu ilin dekabrında tamamlayır.  Məhkum isə hazırda xəstədir. Odur ki, ölkə rəhbərliyi və aidiyyəti qurumlardan onun əfv sərəncamına salınmasını xahiş edir:

“Əslində, 7 ili tamam olub, 8-ci ilə keçir. 15 il çoxdur axı, adam öldürməyib, amansız qatil deyil. Özünün də yaşı çoxdur. İlk dəfə belə bir əməl törədib. Bu ötən yeddi ildə cəzaçəkmə müəssisəsində heç bir nöqsanı, səhvi olmayıb. Hazırda onurğa yırtığından əziyyət çəkir. Milli Məclisə gedib Qənirə Paşayevanın qəbuluna düşmək istədim. Mənə dedilər ki, Qənirəyə Paşayevaya səs vermisən? Deyirəm ki, qadınları təmsil edən millət vəkilidir, gəlmişəm ana kimi dərdimi ona deyim. Deyirlər ki, yox, səs versəydin, səni qəbul edərdi, get dərdini Göyçayın deputatına de. Onlara da yazıram, amma cavab yoxdur. Həyat yoldaşım da, mən də ayrılıqda hər bir dövlət qurumuna, xüsusilə Prezidentə  müraciət etmişik, ancaq nəticə yoxdur”.

“Bir tək istəyim həyat yoldaşımın əfv sərəncamına düşməsidir”

Aynura Osmanova 9 yaşlı övladı Zeynəblə Bakıda kirayələrdə ehtiyac içində yaşadığını deyir.

Dəfələrlə ünvanlı sosial yardımla bağlı müraciət etsə də, ona yardım verilməyib.

“7 ildir ki, kirayələrdə təkbaşına uşaq böyüdürəm. Uşaq bu şəraitsiz daxmada revatizm xəstəliyi tapıb. Ünvanlı yardım üçün müraciətlərimə də baxılmır. Qızım hər dəfə həbsxanada atası ilə görüşəndə zülm çəkir. Günlərlə özünə gələ bilmir. Tək istəyim həyat yoldaşımın əfv sərəncamına düşməsidir. O çıxsa, biz də xilas olarıq. Həyat yoldaşım deyir ki, əfvə düşüb çıxan kimi vətəndaşı olduğu Rusiyaya gedəcək, burada yaşamayacaq”.

Məktub. Foto: Meydan TV

“Prezidentə yazdım ki, atam günahsızdır”

3-cü sinifdə şagirdi, balaca Zeynəb Məmmədova da prezidentə məktub  yollayıb.

O, atasının tezliklə əfvə düşməsini arzulayır.

Anası deyir ki, atası həbs olunanda Zeynəbin 1.6 yaşı olub.

“İndiyə qədər 600 müraciətə baxılıb”

Əfv komissiyanın üzvü Əliməmməd Nuriyev Meydan TV-yə deyib ki, bu il mayda gözlənilən əfv sərəncamına dair müzakirələr daha erkən başlayıb, müraciətlər isə çoxdur:

“Yanvarın 12-dən Əfv Komissiyasının iclaslarına  başlamışıq. Erkən başladıq, çünki bu il Heydər Əliyevin 100 illiyidir, tədbirlər çoxdur və istisna edilmir ki, ölkə prezidenti tərəfindən yeni Əfv sərəncamı imzalanacaq. Artıq əfv komissiyasının 5-ci iclası baş tutub və indiyə qədər 600 müraciətə baxılıb. Müzakirələrimiz davam edir. Sonda yekun rəylər komissiya üzvləri və sədri tərəfindən ölkə rəhbərliyinə təhvil veriləcək. Əsas qərar ölkə prezidentinindir ki, bu da onun konstitusion hüququdur. Bütün müraciətlər toplanılıb, baxış keçirilir, obyektiv və şəffaf şəkildə araşdırılır. Hətta olur ki, iclaslar 4 saata qədər davam edir. Qanunvericiliyin verdiyi imkanlar və əfv sərəncamının əsasnaməsi çərçivəsində rəylər hazırlanır və prezidentə təqdim olunur. Nə qədər məhkumun isə əfvə düşməsi öncədən bilinmir və kimlərin seçilməsi, azadlığa çıxması isə prezidentin səlahiyyətindədir, o seçəcək”.

“Ağır cəzalarda cəzasının yarısını çəkəndən sonra müraciət edə bilər”

Əliməmməd Nuriyev bildirib ki, əfvlə bağlı müraciət etmək hüququnun məxsus olduğu şəxslər var:

“Qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində məhkumun özü və onun nümayəndəsi tərəfindən, eləcə də qanunvericilik genişləndirilib millət vəkilləri, yerli qeyri hökumət təşkilatları, penitensiar xidmətin administrasiyası, ombudsman vəsatət qaldıra bilər. Həm ayrı-ayrı şəxslərdən daxil olmuş və həm qeyd etdiyim səlahiyyətli şəxslər tərəfindən edilən  müraciətlər əfv məsələrinin komissiyasının əsasnaməsində müəyyən edilmiş kriteriyalar əsasında müzakirələrə çıxarılır və qərarlar verilir: məhkumun şəxsiyyəti, yəni onun yaşı, səhhəti, ailə vəziyyəti, etdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi, bu cinayət hansı rezonansı doğurub, bunun cəmiyyətə vurduğu ziyan nədən ibarətdir, hansı mesajlar verə bilər və s. Həmçinin cəzanın çəkildiyi müddət çox vacibdir, çünki bütün məhkumlar dərhal əfv üçün müraciət etmək hüququna malik deyillər. Bunun üçün böyük ictimai təhlükəlilik törətməyən şəxslər məhkəmənin qərarı qüvvəyə minəndən  sonra dərhal müraciət edə bilərlər və ictimai təhlükəsi olmayan cinayətlər Cinayət Məcəlləsində sanksiyasında iki ilə qədər azadlıqdan mərhum olan və ya azadlıqdan mərhum  olmayan şəxslər varsa, onlar müraciət edə bilər. Ancaq az ağır cəzalardan isə ən azı cəzasının üçdə birini çəkəndən sonra, digər ağır cəzalarda isə cəzasının yarısını çəkəndən sonra, ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar isə on il keçəndən sonra müracət edə bilər. Yenə də bu anlama gəlmir ki, cəza ilinin vaxtı çatıbsa, müraciət edib dərhal çıxa bilər, xeyr kriteriyalar əsasında baxış olur: şəxsiyyəti, ailə vəziyyəti, səhhəti, cəmiyyətə ictimai faydalılığı, hansı cinayəti edib, ictimai təhlükəlilik dərəcəsi önəmlidir…”.

“Qanunvericilikdə ağır cəza ilə bağlı çox sərt yanaşma var”

Hüquqşünas hesab edir ki, vətəndaş Aynurə Osmanovanın həyat yoldaşına ağır cəza verildiyindən müraciət üçün ən azı yarı müddətinin tamam olmasını şərtdir:

“Üstəlik, bu tip cəzalara qanunvericilikdə sərt yanaşma var. İctimai təhlükəsizlik baxımından qarşı tərəfin mövqeyi də önəmlidir. Ona görə də kriteriyalara uyğun məhkumlar və onların nümayəndələri  iclaslara üç ay qalmış müddətdə müraciət etməlidir, əks halda isə baxılmır. Dediyim kimi, ağır cəzalarla bağlı çox qanunvericilikdə çox sərt yanaşma mövcuddur. Məhkumlar və onların yaxınları düşünməsin ki, ağır cinayəti törədib və əfvə müraciət etməklə azadlığa çıxa bilər”.

Əliməmməd NuriyevƏliməmməd Nuriyev
Ə.Nuriyev. Foto: VOA

“Aynurə xanımın həyat yoldaşı ilə bağlı müraciətinə nəzər saldım. O məhkumun cəzası ağır olanlardandır və hələ ki tam yarısını çəkməyib, yəni cəzası yarıya qədər çəkilməlidir. Ola bilsin ki, o xanım ötən yeddi ildə çox müraciət edib. Amma cəzasının yarısı çəkilmədiyi üçün əfv  komissiyası tərəfindən müraciətə baxılmayıb, çünki kriteriyalara uyğun olmayıb. Onun hələ ki müraciət etmək hüququ yoxdur. Amma bu o demək deyil ki, cəza yarısı çəkilsə belə, o xanım müraciət etsə, dərhal baxılacaq və əfvə düşəcək. Kriteriyalar nəzərdən keçiriləcək. Bu gündən sonra edilən müraciətlər onsuz gələn ilə qaldı. Çünki iclasların xeyli hissəsi keçib və ən azı iclaslar başlamağa üç ay qalmış müraciətlər olmalıdır. Çünki əsasnamədə qeyd olunur ki, məhkumun müraciətinə, sənədlərinə üç ay müddətində baxılır.  İnsanlar başa düşsün ki, vaxtında müraciətlər etmək lazımdır. Yoxsa iclaslar başlayan kimi bizə çoxlu müraciətlər olur. Axı o müraciətləri dərhal müzakirəyə çıxarmaq fiziki baxımından mümkün deyil. Öyrənilib, araşdırma aparılmalıdır. Vətəndaşlar bu amilləri nəzərə almalıdır eləcə də Aynura xanım”, – deyə əfv komissiyasının üzvü bildirib.

“Qanunvericilikdə belə bir müddət təyin olunmayıb”

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə Meydan TV-yə deyib ki, əfv sərəncamları hüquqi mexanizm kimi çox tətbiq edilməlidir:

“Əfv vacib məsələdir. Biz təşkilatımız adından uzun illərdir ki, əfv sərəncamları ərəfəsində prosesə  töhfəmizi verməkdən üçün həm müraciətlər edir, həm vətəndaşlara hüquqi yardımlar edirik. Çünki biz əfv sərəncamına məhkumların hüquqlarının təmin edilməsi baxımından hüquqi mexanizm kimi baxırıq. Yəni qanuni aliliyi baxımından məhkum edilmiş şəxsin azadlığa buraxılması üçün hansısa mexanizm tətbiq edilməlidir. Bunlar əfv, amnistiya, məhkəmə qərarı, məhkumun xəstəliyi ilə bağlı müxtəlif əsaslı hüquqi mexanizmlər ola bilər. Bu mexanizmlər nə qədər çox tətbiq edilsə, bir o qədər yaxşı olar. Biz həmişə bunun tətbiqinin geniş, əhatəli, davamlı olmasına çağırışlar edirik. Əfv komissiyasına müraciətlər davam edən proses kimi getməlidir. Düzdür, əfv komissiyası iclas başlayan zamana qədər olan müraciətlərə baxır. Amma qanunvericilikdə belə bir müddət təyin olunmayıb ki, bir ay, üç ay ya beş ay qalmış müraciət olunsun. Əgər məhkum müraciət etmək istəyirsə, elə həmin gün edər, qanunvericilik və praktika baxımdan heç bir məhdudiyyət yoxdur”.

“Siyasi motivli işlərdə, adətən, müddət məsələlərinə bir qayda olaraq diqqət yetirilmir”

Əfv Komissiyasının şəffaflıq və obyektivliyinə gəlincə, hüquq müdafiəçisi deyir ki, sadə vətəndaşlardan bununla bağlı hər hansı bir şikayət almayıb, ancaq siyasi motivli işlərdə qərəzlilik var:

“Şəffaflıqla bağlı düzünü desəm, indiyə qədər şikayət almamışıq. Yəni heç kim bizə müraciət etməyib ki, müraciət etdim, baxılmadı, ya hansısa səbəbdən  geri qaytarıldı. Belə bir hallar olmayıb. Əgər müddətlə bağlı məhkum kriteriyalara cavab verirsə, o hər bir halda əfv komissiyasının iclasına çıxarılır. Yox vermirsə, geri qaytarılır. İstisna hal yalnız siyasi motivli işlərdi. Siyasi motivli işlərdə, adətən müddət məsələlərinə bir qayda olaraq diqqət yetirilmir, onun üzərindən keçirilir. Yenə də müzakirə olunur, əgər müsbət qərar varsa, azadlığa buraxılır, yoxdursa, azad edilmir. Bizim istəyimiz odur ki, ümumiyyətlə siyasi motivli işlər olmamalıdır”.

Foto: Rəsul Cəfərovun şəxsi arxivindən

Hüquq müdafiəçisi bu ilin mayında gözlənilən Əfv sərəncamına 51 məhkumun salınması ilə bağlı siyahı göndərdiyini deyir.

O həmçinin vətəndaş Aynurə Osmanovanın həyat yoldaşı ilə bağlı müraciətini haqlı hesab edir və deyir ki, bu məsələni araşdırıb hüquqi dəstək göstərəcək.

“Yanvarın 19-da Bakı İnsan Hüquqları təşkilatı olaraq həm prezidentə, həm əfv məsələləri üzrə komissiyanın sədri Samir Nuriyeva, eyni zamanda bir neçə komissiya üzvünə müraciət etmişik. Siyahıda 51 nəfərin adı var. Ümid edirik ki, bu əfv sərəncamı ilə azadlıqlarına qovuşa biləcəklər. Onların arasında müxtəlif kateqoriyalı işlər var. Ömürlük azadlıqdan məhrum edilmiş 5 nəfər var. Aynurə Osmanovanın həyat yoldaşı ilə bağlı da müraciət etmək olar. Müəyyən etdik ki, hələ həmin məhkum ağır cəzasının tam yarısını çəkməyib, ancaq az müddət qalıb. Ona görə hesab edirəm ki, müraciət etmək olar. Özü edibsə kifayət edir, əgər edə bilmirsə, kənardan yardım kimi biz köməklik edə bilərik”.

“İstənilən sahədə problemlər var…”

Deputat Naqif Həmzəyev isə əfvlə bağlı son illərdə ölkədə xeyli işlərin görüldüyünü qeyd edir.

Aynurə Osmanovanın müraciətinə gəldikdə isə o deyib ki, deputat olaraq vətəndaşın müraciətini aidiyyəti quruma çatdıracaq:

Naqif HəmzəyevNaqif Həmzəyev
N.Həmzəyev. Foto: “apa.az”

“Əfvlə bağlı ölkədə kifayət qədər müsbət işlər görülür, mən bu barədə problem olduğunu düşünmürəm. Təbii ki, hər bir məhkum və onun yaxını istəyər ki, müraciətinə baxılsın, əfv olunsun. Orda da bəlli kriteriyalar var, onlar nəzərə alınmalıdır. Son on ildə bu istiqamətdə müsbət irəliləyiş var və təbii ki, arzu edərdik ki, əfv sərəncamlarının sayı çoxalsın, daha çox insan bundan yararlansın. İstənilən sahədə problemlər var və çalışılır ki, ildən-ilə problemlər öz həllini tapsın”.

DSFM: “Vətəndaş ünvanlı sosial yardımla bağlı müraciət etməlidir”

Vətəndaş Aynurə Osmanovanın ünvanlı sosial yardımla bağlı etdiyi müraciətə isə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili belə cavab verib:

“Vətəndaşla telefon əlaqəsi yaradılaraq ailənin sosial yardım almaq hüququnun müəyyənləşdirilməsi üçün ona suallar verilib. Aynurə Osmanova bildirib ki, ailə 2 nəfərdən (özü və azyaşlı övladı) ibarətdir, həyat yoldaşı həbsdədir, Bakıda kirayədə bacısıgillə birgə yaşayır. Yaxın 2-3 ayda bacısı həmin evdən çıxaraq Rusiyaya köçəcək. Aynurə Osmanovanın diqqətinə çatdırılıb ki, indiki halda ünvanlı sosial yardımla bağlı müraciət edərsə, ailə tərkibinə bacısını və onunla bağlı fərdi məlumatları da daxil etməlidir. Lakin o indiki halda deyil, bacısı Rusiyaya köçəndən sonra müraciət edəcəyini bildirib”.

Dövlət Sosial Müdafiə FonduDövlət Sosial Müdafiə Fondu
Foto: arxiv

Qurumun rəsmisi bildirib ki, vətəndaşın dediyi kimi bacısı Rusiyaya köçəndən sonra müraciət edərsə, ailənin ünvanlı sosial yardımla bağlı müraciətinə baxıla bilər:

“Bu barədə Aynurə Osmanova məlumatlandırılıb və sosial yardımla bağlı digər sualları da cavablandırılıb”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button