Loading...
Loading...
SEÇMƏ

Döyüşdə həyatını itirən daha bir əsgərin adı Müdafiə Nazirliyinin siyahısında yoxdur

Yayımlandı: 16 Sentyabr 2022 14:05

Mərhumun cənazəsinin hələ kəndə gətirilmədiyi bildirilir

Sentyabrın 12-də baş verən atışmada Yardımlı rayonunun Zəngələ kənd sakini Malik (Nicat kimi tanınır) Əlifağa oğlu Qarayev həyatını itirib.

Bu barədə məlumatı kənd sakinləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi təsdiqləyib.

Bildiriblər ki, Müdafiə Nazirliyinin sentyabrın 15-də açıqladığı 71 nəfərlik siyahıda Nicat Qarayevin adı yoxdur. Onu da bildiriblər ki, mərhumun cənazəsi hələ kəndə gətirilməyib.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyi 71, Ermənistan isə 135 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Qırğızıstan-Tacikistan sərhədində toqquşma: 18 nəfərin yaralandığı bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button