2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətGündəm

“Döyüşdən sonra ermənilərin bizdə 68 meyiti qaldı” – Sumqayıtlı şəhid polkovnikin son döyüşü

Aprel döyüşlərində qəhrəmanlıq göstərən və şəhid olan hərbçilərlə bağlı yazılarını davam etdirir. Vətənin azadlığı uğrunda qəhrəmanlıq göstərən Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi polkovnik Vüqar Yusifovun keçdiyi həyat və döyüş yolunu təqdim edirik:

Qəhrəmanın uşaqlığı…

Yusifov Vüqar Nurəddin oğlu 2 noyabr 1976-cı ildə Şəmkir rayonu Şiştəpə kəndində anadan olub. Uşaqlığı doğulduğu kənddə keçən Vüqar 1983-cü ildə Şiştəpə kəndində 1-ci sinifə gedib. Məktəb illərində idmançı görkəmi, bacarığı, vətənpərvərliyi ilə sinif yoldaşlarından seçilmiş, ilk gündən liderlik, komandirlik qabiliyyəti ilə fərqlənmişdi, siniflərarası yarışlarda hər zaman kapitan kimi komandasının adını yüksəyə qaldırıb. Onun uşaqlığı mənfur düşmənin vətənimizə təcavüz etdiyi illərə təsadüf edir. Erməni separatçılarının Xocalıda silahsız dinc insanlara qarşı soyqırımı törədəndə o, 10-cu sinifdə oxuyurdu. Ancaq buna baxmayaraq dəfələrlə evdən qaçmış, döyüş bölgəsinə getmək, vətən müdafiəçilərinə qoşulub düşməndən qisas almaq istəmiş, hər dəfə də azyaşlı olduğuna görə hərbi komissarlıq tərəfindən geriyə qaytarılıb. Ancaq düşməndən qisas alacağına and içmiş, bu məqsədlə hərbçi olmağı qarşısına məqsəd qoyub.

Saytların yığılması Saytlarin yigilmasi

Polkovnikin hərb həyatının başlanğıcı – Türkiyədən keçən yol…

1993-cü ildə 11-ci sinfi bitirən Vüqar Yusifov Türkiyə Respublikasında Quru qoşunları Ali Hərbi Məktəbinə daxil olur. 1997-ci ildə o leytenant hərbi rütbəsini çiyinlərində daşımağa başlayır. 1998-ci ildə həmin hərbi məktəbi leytenant rütbəsi ilə bitirən gənc hərbçi bu şərəfli peşənin dərinliklərinə qədər getməyi qarşısına məqsəd qoymuşdu. Buna görə də o müxtəlif vaxtlarda qardaş ölkədə bir sıra kurslarda təlim keçir. 1997-ci ildən 1998-ci ilədək Türkiyənin İstanbul şəhərində piyada qoşunları üzrə ixtisası piyada məktəbində, 1997-ci il tarixindən Türkiyə Respublikası Egridir dağ komando məktəbində “Komando başlanğıç” kursunu keçir, Komando məktəbini azərbaycanlı müdavimlər arasında birinciliklə bitirir, 1998-ci ildən Türkiyə 18-ci zirehli briqadasında taqım komandiri vəzifəsində praktiki təcrübə keçən gənc leytenant artıq bu sahədə peşəkar hərbçiyə çevrilirdi.

Təhsilini bitirdikdən sonra vətənə qayıdan Vüqar Yusifov Müdafiə Nazirinin əmrilə “N” saylı Xüsusi Təyinatlı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin olunur. Bu onun ilk iş təcrübəsi olur. Daha sonra Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmiş, qısa müddətdən sonra xidmətdə fərqləndiyinə görə Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri vəzifəsinə irəli çəkilir. Bir neçə müddətdən sonra 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olunur. Xidməti illərində özünü peşəkar və qüsursuz göstərən zabit dəfələrlə mükafatlandırılır.

Müdafiə naziri Qüsursuz xidmətlərinə görə 3-cü dərəcəli medalı ilə təltif edir və Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə göndərir. Bu illərdə zabit özünün peşəsində yüksəliş illərini yaşayır. Bununla kifayətlənməyən Vüqar Yusifov beynəlxalq aləmdə təcrübə keçməyi də qarşısına məqsəd qoyur.

Amerikada və Pakistanda keçilən kəşfiyyat məktəbi…

Bu məqasədlə nazirlik onu 2007-ci ildə Amerika Birləşmiş Ştatlarında “Fort Haucka” quru qoşunları bazasında Kəşfiyyat kapitanı təkmilləşdirmə kursununda təlim keçməyə göndərir. Bu kurs onun həm ingilis dilli zabit kimi formalaşmasında da mühüm rol oynayır. 4 il sonra isə Pakistanda Xüsusi təyyinatlı təkmilləşdirmə kurslarında iştirak edir. Həmin kursları xüsusi fərqlənmə ilə başa vurur. Nəticədə Azərbaycan ordusu üçün peşəkar və unudulmaz bir zabit formalaşır. Şəhid polkovnikin keçdiyi yola qısa nəzər saldıqdan sonra onun haqqında ailəsinin və yaxınlarının dilindən eşidək.

Söhbətə şəhid polkovnikin yaxın qohumu Kənan Əliyevlə başlayırıq.

Vüqar haqqında keçmiş zamanda danışmaq mənə həqiqətən çətindir. Vüqar mənim bacımın yoldaşıdır. Biz çox yaxın və deyərdim ki, dost münasibətində olmuşuq. O elə adam idi ki, heç vaxt kimisə incitməzdi. İşdə ayrı, həyatda isə tam əksi olan bir insan idi. Səmimi olaraq bir söz deyim ki, mən vətəni, ordunu sevməyi və dövlətçiliyi Vüqardan öyrənmişəm. O vətəni çox sevirdi. Bəlkə də bu sözlər çoxları üçün şablon görsənə bilər. Amma Vüqarı şəxsən tanıyan insanlar bunu söyləyə bilər.

Vüqar əmisinin yolunu gedib sanki. Onların həyat yolu və vəfatı da oxşarlıq təşkil edir. Əmisi polkovnik rütbəsində və 40 yaşında avtomobil qəzasında dünyasını dəyişib. Vüqar da polkovnik rütbəsində və 40 yaşı ərəfəsində şəhid oldu. Hərbçi olmaq onların qanında var.

Vüqar məzuniyyətə çıxanda rayona gedərmiş. Babası Böyük Vətən müharibəsinin veteranı idi. Babası ilə o illərin müharibəsi barədə danışırdı və onu kitabda qeyd edirdi. Bütün fikri hərbi ilə bağlı idi. Dəfndə iştirak edən sinif yoldaşları deyirdi ki, o məktəb illərində də hərbiyə çox maraqlı idi. Hətta məktəb illərində kiçik dəstələr yaradıb, onlara komandirlik edirmiş. Uşaqlarla belə oyunlar oynayırmış.

Bu gün Vüqar haqqında hər kəs müsbət fikirlər danışır. Mən onun müavini olan mayor rütbəli bir zabitlə görüşdüm. O dedi ki, Vüqar işindən ayrılmırdı. Bütün gününü sənədlərlə və digər məxfi hesablarla keçirirdi. Hər kəs onun yoxluğunu böyük itki kimi qeyd edir.

Dediyiniz kimi onunla çox görüşürdünüz. Söhbətlərinizdə ordudan heç danışırdınızmı? Nə danışırdı ordumuz haqqında?

Bir söz deyim. Onun işinin böyük hissəsi məxfi olduğu üçün heç vaxt o haqda danışmazdı. O, tez-tez xaricdə təlimlərdə olurdu. Həmin vaxt ondan soruşurdum ki, hardasan? Heç vaxt cavab vermirdi. Hətta zarafata salıb deyirdi : “Səndən soruşuram hardasan? Nə işlə məşğulsan?”

Bir dəfə keçən ilin avqust toqquşmaları zamanı onunla ordu barədə danışdıq. Dedi ki, bizim xüsusi təyinatlılarımız hətta Türkiyənin Bordo Berelisindən belə güclüdür. Ona görə ki, bizim ərazilərimizin böyük hissəsi minalıdır. Bu ərazidə təlim keçmək və döyüş aparmaq heç də asan deyil. Vüqar deyirdi ki, bizim xüsusi təyinatlımız bir gün ərzində torpaqları işğaldan azad etmək gücündədir. O bunu bilirdi və əminliklə deyirdi. Dəfələrlə söhbətlərində bunu demişdi.

Bu arada söhbətə onun həyat yoldaşı Lalə xanım qoşulur…O şəhid polkovniklə ilk tanışlıq illərindən danışır…

Heç vaxt ağlıma belə gəlməzdi ki, mən Vüqar haqqında jurnalistlərə bu cür müsahibə verəcəyəm. Görünür, şəhid haqqında danışmaq mənə də qismət imiş.Vüqarla bizim tanışlığımız 10-cu sinifdə oxuyanda olub. O vaxt Vüqar çox inadkarlıq etdi. Mənə həmin vaxtlar çoxlu məktublar yazırdı. Bu gün də onların hamısını saxlamışam. 2004-cü ildə nişanımız oldu. İki ildən sonra toyumuz. Həyatımda hər şey yaxşı idi. Vüqar ailədə bir başqa idi. Kənarda ciddi hərbçi, ailədə isə çox sakit və qayğıkeş insan. Vüqar üçün birinci yerdə Vətən dayanırdı. Ailə sanki, ikinci yerə keçmişdi.

Bizi də hərbi rejimə alışdırmışdı. Xocalı Soyqırımı və digər hüzünlü günlər olanda Vüqar evə gələn kimi, uşaqlara o haqda məlumat verirdi. Həmin günü televizoru da açmırdıq. Artıq uşaqlar da buna adət etmişdilər. Uşaqlara himn, əsgər marşı öyrədirdi. Hətta uşaqlara öldürülən erməni əsgərlərinin meyitlərini göstərəndə onlar qorxmurdu. Onlar sual verirdilər “Ata, sən öldürmüsən?”

Bir dəfə Vüqarla söhbət edirdik. Təsadüfən söhbət gəlib Qarabağdan, işğal olunmuş ərazilərimizdən düşdü. Onda Vüqar mənə dedi: ” Cəbrayılı işğaldan azad edib, sənin doğum günü üçün hədiyyə edəcəm.” Biz özümüz Cəbrayıl rayonundan olduğumuz üçün bu onun ən böyük arzusu idi. (Red- Göz yaşlarını saxlaya bilmir)

Vüqar sanki, şəhid olduğunu əvvəlcədən hiss edirdi. Həmişə “qismət olarsa”, deyirdi. Bu sözü çox işlədirdi. Bizi hər dəfə şəhidlər xiyabanına aparırdı. Bir dəfə ora gedəndə məzarların qarşısında dayanıb dedi: “Mən də istəyirəm belə şəhid olum. Üzərimə Azərbaycan bayrağı sərilsin” Həmin vaxt çox əsəbləşdim. Dedim ki, niyə elə deyirsən? Sən torpaqlarımızı al, qəhrəman ol. Onda gülümsədi və cavab vermirdi. Sanki, həmin günü gözləyirdi… Onun üçün səngər ev, daş da yataq idi. Arzusuna da çatdı…

Vüqar həyatda başqa insanlara qarşı da da çox diqqətcil idi. Bir dəfə Sumqayıt yolu ilə gəlirdik. Yolun kənarında bir uşaqlı qadın dayanmışdı. Hava da çox soyuq və yağışlı idi. Qadın maşına əl elədi. Maşını saxlayıb, onları götürdük. Qadın dedi ki, onu kirayə qaldığı evdən çıxarıblar, ona görə qalmağa yeri olmadığı üçün qohumunun evinə gedir. Vüqar onu həmin yerə aparıb, evə qayıtdı. Gördüm ki, çox narahatdır. Deyirdi ki, o qadının fikrini çəkir. Birdən qohumları onu qəbul etməz. Həmin gecəni yata bilmədi və durub işə getdi.

Vüqarı mən şəhid olduqdan sonra tanıdım. İndiyə kimi onun insanlığına o qədər də fikir verməmişdim. Belə bir xasiyyəti var idi ki, işlə bağlı heç bir sözü evdə deməzdi. Hətta rütbə alanda da biz kənardan eşitdik. Biz bir müddət hərbi hissənin şəhərciyində qalırdıq. Orada yaşayan digər hərbçilərin xanımları ilə qarşılaşanda məni təbrik etdilər. Özüm donub, qalmışdım ki, görəsən nə olub? Sən demə həmin vaxt Vüqar müvəqqəti olaraq Hərbi Hissənin komandiri təyin edilibmiş. Amma mənim xəbərim olmamışdı. Evə gəldim, özümdə güc tapa bilmədim. Düz 3 gündən sonra ona dedim ki, sən hərbi hissənin komandiri olmusan, bizə niyə demirsən? Sakitcə cavab verdi: “Narahat olma. Lazım olsa deyəcəm”. Heç vaxt belə şeylərdə gözü yox idi.

Son döyüşlər başlamazdan bir-iki gün əvvəl Lalə xanım gördüyü yuxunu danışır…

Yuxumda gördüm ki, məni yerə uzadıblar. Bədənimə çoxlu mismarlar vururlar. Evə isə Vüqarın tabutunu gətirirlər. Bayrağa bükülü… Oyanıb Vüqara zəng vurdum. Adətən mənə icazə vermirdi işdə olduğu zaman ona zəng etməyə. Deyirdi ki, özü zəng vuracaq. Soruşdum, necəsən. Dedi, salamatçılıqdır. Daha heç nə demədim… Fikirləşdim ki, yuxudur da….

Söhbətin bu anında otağa bir qız daxil olur. O anasının kövrəldiyini və kənar şəxslərin otaqda olduğunu görüb, bir qədər duruxub, baxdı. Onun kəskin baxışları mənə zillənmişdi. Ancaq heç bir kəlmə də danışmırdı. Bu şəhid polkovnikin böyük qızı Ayan idi. O əslində bizim nə məqsədlə gəldiyimiz yaxşı bilirdi. Ancaq o haqda danışmaq və atasının şəhid olduğunu qəbul etmək istəmirdi. Elə bu sözlər də onun dilindən çıxmışdı: “Şəhidlər ölmür, onlar göylərdə yaşayır və bizi görürür”.

Kənarda dayanan bacısı isə diqqətlə dayanıb, otaqda olan insanları izləyirdi. Hələ 6 yaşında olan Aytən nə baş verdiyini anlamırdı. Aytən iki gün əvvəl dayısı ilə söhbətində bunları deyir: ” Dayı, şəhidlər ölmürlər. Onlar daima yaşayırlar. Mən ağlamıram. Ona görə ki, ağlasam atam da ağlayar. İstəmirəm o ağlasın.” Bu sözləri deyən zaman onun gözündən yaş gedir. Ancaq 6 yaşlı qızcığaz səsini belə çıxarmırdı. Aytən atasının şəhid olmasını Universitetlərin birində atasının şəhidliyi üçün tərtib edilən mükafat ona verilən zaman bilib. O atasının şəhid olduğunu eşitdikdən sonra düz yarım saat heç bir söz demədən ağlayıb. Təsadüfi deyildi ki, bu övladı atası daha çox istəyirmiş. Ona “Qaragöz qızım” deyə müraciət edirmiş.

Evdə uşaq çox olduğu üçün hələ uşaqları ayırmaq olmurdu. Bu vaxt gözləri göy və gülərüz bir oğlan uşağı diqqətimi çəkir. Lalə xanımdan uşağı soruşduqda, “oğlumuzdur” – deyir. Təzə dil açmağa başlayan bu balaca oğlanın adı Yusifdir. Onun adını da atası qoyub. Elə ona yaxınlaşmaq istəyirdim ki, başladı öz dilində nəysə deməyə. O, sanki, balaca əsgər kimi atəş açırdı və əli ilə üzünə “dış,dış” deyərək vururdu. Təəccübləndiyimi görən ətrafdakılar onu atasından öyrəndiyini dedilər. Məni təəccübləndirən daha bir məqamsa hələ 2 yaşı tamam olmayan Yusifin ingilis dilində 10-a kimi sayması oldu. Bunu da atasından öyrənib. Axı atası da ingilis dilində təmiz danışan bir zabit idi.

Balaca Yusif öz aləmində dava-dava oynayır. Biz isə söhbətimizə davam edirik.

Lalə xanım xəbəri hələ uşaqlara demədiyindən danışır…

Evə qonaq gələndə uşaqları ya qonşuya qoyuruq, ya da hazırlığa aparırıq. Qızlarım çox kövrək olublar… Nəyisə bəhanə edib, başlayırlar ağlamağa. Əvvəllər belə deyildilər. Gedib-gəlib üzümdən öpürlər. O gün Ayan mənə deyir ki, mən səni indi daha da çox istəyirəm!. Deyirəm ki, nə olub qızım? Deyir, bilmirəm … nə olub, ancaq indi qardaşım Yusifi də, səni də hamıdan çox istəyirəm… Atamın üzü yadımdan çıxıb… Ona görə sizi çox istəyirəm”.

Atalarını tez-tez soruşurlar. Demişik ki, Amerikadadır, onlar böyüyəndə gələcək. Amma özlərində inanmırlar buna. Bir neçə gün bundan əvvəl Aytən soruşur ki, “Ana, şəhidlər harada olur?”. Deyirəm ki, göylərdə… Uşaq bilsə də bunu ürək edib, deyə bilmir.Özündə qəbul edə bilmir ki, atası artıq yoxdur.

Mövzu polkovnikin son sözü və şəhid olduğu günlə bağlıdır.

Həyat yoldaşı onu son dəfə yola salmasından danışır…

– Martın 28-i səhər saat 6-da Vüqarı yola salanda ürəyim sıxıldı. Heç vaxt belə olmamışdım. Ağlaya-ağlaya dedim ki, nə vaxta kimi belə olacaq?.. Yığış otur evində. Yoxsa daha səndən boşanacağam. Yoruldum səni gözləməkdən… Qayıdıb dedi ki, “narahat olma, birdəfəlik qayıdıb, hər şeyi yoluna qoyacağam…”. Bu onunla son dialoqumuz və son görüşümüz oldu. Mənə hara getməsi barədə əlavə heçnə demədi. Onsuzda heç vaxt deməzdi hara getdiyini. Artıq bir neçə gün keçirdi.

Aprelin 1-i həmişə uşaqlar onunla zarafat edirdi. Bu dəfə də qızımız Ayan zəng edib, bir zarafat elədi. Əvvəlcə inandı. Sonra 1 aprel olduğunu xatırlatdı atasına. Telefonun o biri başında zarafat olduğunu biləndə ürəkdən güldü. Mən danışmaq istəyəndə, hirsli şəkildə ”sonra danışarıq” dedi. Məəttəl qaldım. Vüqar heç vaxt mənə qarşı belə kobudluq etməmişdi. Bu nə ola bilərdi. Narahatlıqlarım başladı. Sonra 2 aprel oldu. Yenə narahatam. Həmin gün bacım Nərminin ad günü idi. Onlarda oturmuşduq. Ayan xalasının ad gününə sağlıq demək əvəzinə dedi ki:

“Arzu edirəm ki, birinci atamın canı sağ olsun, sağ-salamat qayıtsın evimizə …”. Məəttəl qaldıq. Anamın gözləri doldu. Axı Ayan təmas xəttində baş verənlərdən xəbərsiz idi. Bir də ki, biz nə vaxtsa, Vüqarın ölüm xəbəri gələcəyinə inanmırdıq. Vüqar kəşfiyyatın da, düşməndən qorunmağın da bütün sirlərini bilirdi.

Aprelin 3-də zəng vurdu. Çox soyuq danışdı. Səhəri dirigözlü açdım. Aprelin 4-ü səhər obaşdan, 6-da gedib qonşuma dedim ki, gəl yanımda dayan zəng vuraq Vüqarı axtaraq. Həmin vaxt Vüqara telefonla mesajlar yazdım. Canını tapşıranda yazdığım isə “məni tək qoyma olub”. Sən demə mən yazan anda şəhid olubmuş. ( Red-Göz yaşlarını saxlaya bilmir)

Artıq ürəyimə nəysə olacağı gəlmişdi. Sonra o məlumatı eşitdik. Vüqar ayın 4-də səhər hardasa 7-də şəhid olmuşdu. Bizə axşam dedilər hardasa saat 10-da. Amma buna kimi mən onu axtarmağa başladım. Bütün hospitallara getdim. Ancaq orada tapa bilmədim.

Bu məqamda Kənan şəhid polkovnikin son döyüşü haqqında danışır…

Onun yanında olan bir zabit mənə Vüqarın son döyüşü və şəhidliyi barədə danışdı. Vüqargil Goranboyun Tapqaraqoyunlu kəndindən Talış istiqamətində olan hissədə şəhid olub. Aprelin 3-dən 4-nə keçən gecə güclü döyüş olub. Bildiyiniz kimi Vüqar Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi idi. Onun birbaşa cəbhənin ön hissəsində və əməliyyatların içərisində olması özü bir qəhrəmanlıq deməkdir. Həmin gecə ordumuz Talış istiqamətində hücuma keçib. Erməninin bir postunu tutublar. Bu vaxta kimi düşmən böyük itki verib. Bu vaxt müşahidə ediblər ki, qarşı tərəfdən ermənilər üzü bunlara tərəf hərəkət edir. Ancaq sağda və solda yerləşən postlardan heç bir səs gəlmirmiş. Vüqar gecə görmə cihazı ilə ətrafda olan postlara baxanda görüb ki, sağda və solda çoxsaylı erməni var. Sadəcə onlar Vüqargili pusquya salmaq üçün reaksiya verməyiblər. Bu zaman qarşı postdan əvvəlcədən maskalanmış tank yerləşdiyi yerdən çıxıb. Tankı görən Vüqar “əyilin, tank atacaq” deyib və əyilib. Tank Vüqargilin olduğu- düşməndən alınan səngəri vurub. Artıq kənar postlar da bunlara atəş açmağa başlayıb. Həmin vaxt bizim ordumuzun 10 nəfər hərbçisi şəhid olub. Onun yanında olan hərbçi yoldaşının dediyinə görə, düşmən tankından atılan topdan sonra Vüqar üzü aşağı yıxılıb. Elə həmin anda onu qaldırmaq istəyəndə görüb ki, artıq Vüqar canını tapşırıb. Nəbzini yoxayanda artıq vurmurmuş. Sanki, namazda səcdədə dayanan formada üzü aşağı qalıbmış.

Bundan sonra yerdə qalan sağ hərbçilərimiz bir qədər geri çəkiliblər ki, tank yenidən səngəri vurarsa daha çox itki ola bilər. Həmin hərbçinin dediyinə görə, orada döyüşlərdə 68 erməni öldürülüb. Bir erməni leytenantı əlində qumbara özünü səngərin içərisinə atmaq istəyəndə vurulub. O, qumbaranı partlatmağa imkan tapmayıb. Bir neçə saatdan sonra həmin tank döyüşçülərimiz tərəfindən vurulub. Eşitdiyimə görə o postdan sonra daha 2 erməni postu tutulub. Bu döyüşdən sonra əlavə qüvvələr gəldikdən sonra ermənilər də geri çəkilib. Həmin ərazidə 68 erməni meyiti qalıbmış. Həmin meyitlər sənədləri ilə birlikdə bizimkilər tərəfindən götürülübmüş.

Vüqarın meyitinin tapılması vaxtı biz çox stresslər keçirdik. Düz 3 dəfə qeyri-dəqiq məlumat aldıq. Birinci gün bizə deyildi ki, Vüqar hərbi hospitalda yaralıdır. Biz də bacımla birlikdə ora getdik. Təsəvvür edirsiniz orada keçirdiyim hissi? Təsadüfən orada Vüqar Yusifov adında bir zabit var idi. Biz də çox sevindik ki, bu bizim Vüqardır. Ancaq otağa girəndə gördük ki, o başqa adamdır.

Daha sonra bizə zəng gəldi ki, Vüqarın meyiti Gəncə morqundadır. Biz də Sumqayıtdan ora yola düşdük. Yarıyolda bizə dedilər ki, meyit yoxdur. Çaşıb, qalmışdıq. Bu zaman yolda mənə zəng etdilər ki, Vüqar ağır yaralıdır və reanimasiyada yatır. Böyük həyəcanla gəldik reanimasiyaya. Orada bir müddət gözlədikdən sonra bunun da düz olmadığını öyrəndik. Ətrafda olan hərbçilərdən biri məni morqa tərəf apardı. Əvvəlcə özü içəri baxdı və çıxdı. Vüqarın orada olduğunu dedi. Morqa girdim və gördüm ki, Vüqarın meyiti həqiqətən ordadır. Bundan sonra şəhid olma xəbərinə tam əmin olduq. Bir şeyə məəttəl qaldım ki, onun cansız üzü də gülərüz idi. Öz-özümə dedim ki, bu dəqiqə Vüqar durub nəsə deyəcək. Çünki onun ölümünə inana bilməzdim. O ölməz kimi görünürdü. Belə çətinlikdən sonra dəfni üçün doğulduğu Şəmkir rayonuna apardıq.

Dəfnini də yüksək səviyyədə millətin və dövlətin dəstəyi ilə etdik. Məni qürurlandıran bir cəhət oldu ki, xalq şəhidinə və ailəsinə çox böyük diqqət və hörmət göstərdi. İnanırıq ki, bundan sonrakı da belə davam edəcək.

Sonda sualım şəhid polkovnikin həyat yoldaşı Lalə xanıma oldu.

Sizin bu gün ehtiyacınız nəyədir?

Lalə xanım : ” Allaha şükür olsun ki, hər şey qaydasındadır. Mən bu gün belə Vüqarın yoxluğunu qəbul edə bilmirəm. Mən onu Milli Qəhrəman adınada bir şəhid polkovnik görmək istəyərəm. Bu mənim yeganə təsəllim olar. İnşallah hər şey yaxşı olar. Vətən sağolsun!”

Elə biz də qəhrəmanlıq göstərən, Vətən üçün çalışan və elə Vətən üçün də qurban gedən polkovnikin xatirəsinə hazırladığımız reportajı bu misralarla bitiririk : ” Qoy analar yeni Vüqarlar doğsun! Vətən sağolsun!”
femida.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button