DSK: ‘Ümumi daxili məhsul artıb’
“İlkin məlumatlara görə 2017-ci ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki illə müqayisədə 0,1 faiz artaraq 70135,1 milyon manata çatıb”.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılır.
Məlumatda vurğulanır ki, ümumi daxili məhsulun 62,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilib.
“Bu dövrdə iqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 5,0 faiz azalıb. Qeyri-neft sektorunda isə 2,7 faiz, o cümlədən nəqliyyat, anbar təsərrüfatı sahələrində 8,5 faiz, informasiya, rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi, ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq sahələrində 4,2 faiz və digər xidmət sahələrində 1,5 faiz artıb. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz, bu sahədə yaradılan əlavə dəyər isə 3,8 faiz çoxalıb”, – məlumatda vurğulanır.