2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

DSX-nın müstəntiqi məhkəmə qarşısında

Yayımlandı: 26 Fevral 2023 21:03

Yevlax sakini: “Baş Prokurorluqda pul kimə çatır, onların da adlarını deyib, səs yazılarında da var, niyə araşdırılmadı?”

Fevralın 27-də Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin keçmiş müstəntiqi Nicat Acalovun mühakiməsi başlayır. O, icraatında olan işin istintaqını apararkən təqsirləndirilən şəxsin – Faiq Məmmədovun ailəsindən 25 min manat rüşvət almaqda ittiham olunur. Nicat Acalov hazırda həbsdə deyil. Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham olunan sabiq müstəntiq haqqında istintaq dövrü üçün alternativ qətimkan tədbiri seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Həyat yoldaşımın ürəyi dözmədi, vəfat etdi”

Nicat Acalovun rüşvət aldığı iddia olunan ailə isə araşdırmalardan da, istintaqın nəticəsindən də narazı qalıb. Faiq Məmmədovun anası, Yevlax sakini Məhsəti Məmmədova Meydan TV-yə danışır ki, onların Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etdiyi səs yazılarında xeyli vəzifəli şəxslərin adları çəkilirdi. Lakin həmin şəxslər haqqında heç bir araşdırma aparılmayıb.

“Nicat Acalov demişdi ki, “həbs olunsam, hər şeyi danışacağam”. Onu susdurmaq üçün həbs eləmədilər. Burada zəif məni bildilər. Əvvəl oğlumun şərlənib həbs olunmasına, ardınca da bu məsələlərin yaratdığı gərginliyə həyat yoldaşımın ürəyi dözmədi, vəfat etdi. Mənim ailəmi məhv elədilər…”, – Məhsəti Məmmədova belə deyir.

Faiq Məmmədov narkotik ittihamıyla 13 il azadlıqdan məhrum edilib. Onun haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb. Sonradan Şirvan Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Apelyasiya instansiyasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək:

“Şirvan Apelyasiya Məhkəməsində şikayətə hakim Məhəmməd Bağırov baxırdı. Faktiki heç bir araşdırma aparmadı, sanki notariusdular, bir-birinin göndərdiyi sənədləri təsdiqləyirlər. Ali Məhkəməyə kassasiya şikayətinə səs yazılarını da əlavə edəcəyəm. Fikirləşmirlər ki, ali təhsilli adamdır, üç övlad atasıdır, bir araşdıraq, baxaq, bəlkə bu adam günahsızdır elə…”.

Söhbət Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin keçmiş müstəntiqi Nicat Acalovun səs yazılarından gedir. Bu işin istintaqını o aparıb. Məhsəti Məmmədovanın sözlərinə görə, həmin səs yazılarından aşkar görünür ki, oğlu təqsirsizdir, saxta sübutlarla cinayət məsuliyyətinə cəlb olunub:

“Bir işdə nə qədər saxtakarlıq olar?! Hakim adını daşıyan adam bu saxtakarlıqlara necə göz yuma bilər?”

“Bu dövlətdən hörmət, ədalət istəyirəm”

Məhsəti Məmmədova deyir ki, Nicat Acalov onlardan 25 min manatı alsa da, verdiyi sözə əməl etməyib – oğlu haqqında cinayət işi ağır maddələrlə məhkəməyə göndərilib. Bundan sonra pulu da geri qaytarmaq istəmədiyinə görə ondan şikayətçi olublar:

“Əvvəl bizdən pul aldığını etiraf eləmirdi, sonra məcburiyyət qarşısında etiraf elədi. Baş Prokurorluqda pul kimə çatır, onların da adlarını deyib, səs yazılarında da var. Niyə araşdırılmadı bu məsələlər, o adamlar niyə məsuliyyətə cəlb olunmadı? Mənim adamım yoxdur deyə, günahsız oğlumu tutub 13 il verə bilirlər, o adamlara “gözün üstə qaşın var” demirlər, niyə? Nicat Acalov açıq şəkildə deyir ki, “mənə necə göstəriş verilib, mən də elə eləmişəm”. Narkotik işində də, əsl cinayətkarları kənarda saxladılar, oğlumu qurban verdilər, səs yazılarında da var”.

Məhsəti Məmmədova düşünür ki, Nicat Acalovun bildiyi həqiqətləri danışmasının qarşısını almaq üçün onu həbsə göndərməyəcəklər. Onun fikrincə, məhkəmə sonda hökm çıxaranda da ona azadlıqdan məhrumetmə yox, alternativ cəza kəsəcək:

“İşi də ona görə hərtərəfli araşdırmadan, tələsik bağlayıb məhkəməyə göndərdilər. Məhkəmə də tələsik hökm çıxaracaq. Təkcə rüşvət ittihamı veriblər. Halbuki, onun əməllərində başqa cinayətlərin tərkibləri də var. Mən 45 il bu ölkədə müəllim işləmişəm, 71 yaşım var, dövlətdən, hüquq-mühafizə orqanlarından vətəndaş olaraq, hörmət, ədalət istəyirəm”.

DSX və prokurorluq əvvəl təkzib edirdi…

Dövlət Sərhəd Xidmətindən bildirilib ki, müstəntiq Nicat Acalov 2022-ci ilin noyabr ayında vəzifəsindən azad edilib.

Prokurorluqdan isə bildirilib ki, toplanmış materiallar üzrə tam, hərtərəfli araşdırma aparılıb və istintaq tamamlanaraq, cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Bundan öncə Məhsəti Məmmədovanın müstəntiqin onlardan 25 min manat rüşvət alması haqda şikayətlərinə cavab olaraq, həm Baş Prokurorluq, həm də Dövlət Sərhəd Xidmətindən bildirilmişdi ki, onun iddiaları həqiqəti əks etdirmir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button