2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

DTX Qaralovun günahını jurnalistlərin boynuna yıxır

İki gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti bəyan elədi ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən agentlərin adları dövlət sirri sayılır və bu adların açıqlanması yolverilməzdir. DTX eyni zamanda, xəbər verdi ki, agentlərin adlarının mediada yayılması ilə əlaqədar artıq araşdırmalar başlayıb.
DTX-nın sözügedən açıqlamasında əsas hədəf media idi. Agentlərin adlarının ifşa olunmasına görə jurnalistlər ittiham olunurdu.
Hələ məsələnin bu tərəfini bir kənara qoyuruq ki, agentlərin kimliyi dövlət sirri təşkil edən məlumatlar kateqoriyasına daxildir, yoxsa yox. Hətta sirdirsə belə, bu sirri kim qorumalıdır?
Mediada yazılanlardan da görünür ki, agenturaya ayrılan vəsaitlərin “yeyilməsi”, agentlərin adları ilə bağlı informasiyalar həbsdə olan MTN generallarının işi üzrə ittiham aktından götürülüb. İttiham aktı isə məxfi sənəd sayılmır. İttiham aktı təqsirləndirilən şəxslərdən tutmuş, zərərçəkmişlərə, onların vəkillərinə qədər çox adama verilir. Deməli, onlarla adama çatımlı olan bir sənəd sirr sayıla bilməz. O adamların heç birinin də “ittiham aktını qorumaq” kimi bir öhdəliyi yoxdur. Və deməli, orada yazılanların yayılması ehtimalı da çox böyükdür.
Bəs bu ittiham aktını hazırlayanlar, onu təsdiqləyib imza atanlar oradakı məlumatların yayılma ehtimalını nəzərə almayıbmı?
Agentlərə verilməsi adı ilə pulların “yeyilməsinə” görə həbsdə olan MTN generallarının çoxuna, o cümlədən məşhur general Akif Çovdarova da ittiham verilib. Amma agentlərin adları, onların ləqəbləri daha çox MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyevin işində çəkilir. General Quliyevin haqqında ittiham aktını isə Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov hazırlayıb, Baş Prokuror Zakir Qaralov da imzalayıb.
Deməli, indiki halda, dövlət sirri yayılıbsa belə, buna görə məsuliyyəti jurnalistlər yox, Zakir Qaralov, Eldar Əhmədov daşıyır. Hətta Cinayət Məcəlləsinin 284-cü maddəsində də “ona etibar edilmiş, xidməti vəzifəsinə görə ona məlum olan və dövlət sirri təşkil edən” informasiyaları yayan adamın məsuliyyətindən söhbət gedir. Qanunun bu müddəası da göstərir ki, dövlət sirrini qorumalı olan jurnalistlər deyil. Bunu yəqin ki, DTX-da da yaxşı bilirlər. Belə olan halda, maraqlıdır, bəs niyə DTX Qaralovun günahını jurnalistlərin üzərinə atmağa çalışır?

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button