2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Dünyanın əxlaqı

“Özünə rəva qılmadığını özgəsinə arzulama”

İnternetdə bir hadisənin təsviri göstərildi.

Türkiyədə zəlzələ faciəsi yaşanır, bəşəriyyət zərərdidələrlə həmrəylik naminə yardım toplayıb göndərir, bir dəstə suriyalı qaçqın gənc bu yardımı qarət edərkən tutulur və türk məmuru onları bu alçaq hərəkətlərinə görə şillələyir.

Saytların yığılması Saytlarin yigilmasi

Şillələmə mərasimi videoçarxa çəkilib və külli-aləm bu çarxa baxıb.

Əminəm ki, Türkiyədə heç bir cinayətə görə şillələmə cəzası yoxdur. Əminəm ki, bu zavallı suriyalı qaçqın gənclərin üzərində məhkəmə qurulsaydı, hakim onlara şillələmə cəzası kəsməzdi, çünki belə cəza cinayət məcəlləsində yoxdur.

Əminəm ki, bu zavallı gənclər üzərində məhkəmə qurulsaydı, onların bədbəxt taleləri, cənnət vətənləri Suriyanın məkrli daxili və xarici qüvvələrin hakimiyyət hərisliyi naminə cəng meydanına çevrilməsi, vətəndaş müharibəsi və xarici təcavüz nəticəsində milyonlarla suriyalı vətəndaşın qaçqın düşməsi, zəlil və miskin qaçqın həyat tərzi sürməsi nəzərə alınacaqdı. Onlara həbs cəzası kəsilsə belə, insan ləyaqətini alçaldan şillələmə cəzası kəsilməyəcəkdi.

Bu suriyalı gəncləri şillələyən türk məmuru dərk edirdimi ki, hər vurduğu şillə ilə vətəni Türkiyənin dünyadakı hörmətinə təpik vurur? Zənnimcə, yox.

Xub, bu hadisə zəlzələdən mənəvi sarsıntı keçirən Türkiyədə baş verib. Bu əxlaq naqisliyini zəlzələ iztirablarının ayağına yazaq.

Rusiya Ukraynaya hücum edib, onun şəhərlərini,  məktəblərini, doğum evlərini, elektrik stansiyalarını bombalayır. Mən Kiyevin və Xarkovun raket atəşinə tutulmasını, gəncliyimdə gözümlə görüb valeh olduğum binaların dağıdılmasını ekranlarda müşahidə edəndə yadıma faşist Almaniyasının təyyarələrinin sovet şəhərlərini bombalamasını göstərən sənədli filmlər düşdü.

Ukrayna tərəfi deyir ki, yüz mindən çox rus faşistini məhv edib. Rus tərəfi deyir ki, yüz mindən çox ukraynalı nasisti məhv edib. Putin deyir ki, Rusiya Ukraynada özünü müdafiə edir. Putin deyir ki, Qərb dövlətlərinin Ukraynaya özünümüdafiə məqsədi ilə verdikləri silah müharibəni sadəcə uzadır və Rusiyanın öz məqsədlərinə çatmasına əsla mane olmur.

Lavrov isə deyir ki, Rusiya heç vaxt heç kəsə, o cümlədən Ukraynaya hücum etməyib.

Mənsə düşünürəm ki, hakimiyyətə gəlmək naminə vətəni Rusiyanın müxtəlif şəhərlərində yaşayış binalarının partladılması barədə əmr verən, rus sənayesini və elmini bilərəkdən məhv edən, trilyon dollardan çox sərvəti xaricə qaçıran, siyasi rəqiblərinin şərlənməsinə, zəhərlənməsinə və qətlinə fərman verən DTK podpolkovnikindən bundan artıq nə gözləmək olardı?

Rusiyanın siyasi səhnəsini və çağdaş tarixini diqqətlə izləyirəm və çox yox, bir neçə ləyaqətli, savadlı, vətənini sevən vicdanlı və ağıllı siyasi xadim tanıyıram. Lakin rus cəmiyyəti onları qəbul etmir. Düşünürəm ki, zəngin siyasi tarixi boyu bircə dəfə belə vətəndaş ləyaqəti barədə təcrübəsi və hətta təsəvvürü belə olmayan rus xalqı miskin və zalım Putindən savayı kimi sevə bilərdi?

Düşünürəm ki, kölə həyatı sürən xalqın təbii arzusu azadlığa can atan qonşu xalqın ayağından yapışıb onu da özü ilə birlikdə köləlik girdabına sürüməkdən uzağa gedə bilərdimi?

Ən əsası, rus cəmiyyətinin əxlaqı bu davranışı, bu tərzi-hərəkəti tam təbii sayır və bundan utanmağı heç ağlına belə gətirmir. Dövlət etiraz səsini ucaldanları həbsə atır, cərimələyir, cəlai-vətən edir, onlara “xarici agent” damğası vurur, cəmiyyət isə bu alçaq hərəkətləri nəinki tam təbii qəbul edir, hətta alqışlayır. Bu, rus xalqının əxlaqıdır.

Ukrayna dünənə qədər dünyanın ikinci ordusu sayılan Rusiya Federasiyasının silahlı qüvvələri ilə ölüm-dirim mübarizəsi aparır. Dünyanın ikinci ordusu əsatiri ukraynalı zabit və əsgərlərin qəhrəmanlığı sayəsində artıq puça çıxarılıb. Lakin rus ordusunun silahı daha çoxdur, silah üstünlüyü hesabına Ukraynanı viranə qoyur, dinc əhalini qırır. Qərb dövlətləri silahı Ukraynaya çay qaşığı ilə, simicliklə verir. Belə təsəvvür yaranır ki, Ukrayna xalqının itkiləri, Ukraynanın viran qalması Qərb siyasətçilərini o qədər də narahat etmir.

ABŞ-da 3 min “Abrams” tankı uzun müddətə anbarlara yığılıb. Ukrayna Qərbdən tank xahiş edir. ABŞ Ukraynaya pul ayırıb təklif edir ki, amerikan sənayesinə 30 yeni tank sifariş etsin və bu tanklar 2024-cü ildə istehsal edilib cəbhəyə göndərilsin.

Ukraynaya silah verilməsi göz-görəsi siyasi oyunbazlıq mövzusuna çevrilmişdir. ABŞ-ın daxili siyasi həyatında və hakimiyyət naminə gedən siyasi çarpışmalarda didərgin düşən, qovulan, qırılan milyonlarla ukraynalının taleyi sadəcə siyasi möhtəkirlik amilidir. Demokratik ABŞ-da Ukrayna ilə səmimi həmrəy olan əksər sıravi amerikalıların iradəsi nəzərə alınmır. ABŞ-ın hakim siyasi sinfinin əxlaqı bunu məqbul sayır.

Erməni xalqının əxlaqının dünyada analoqu yoxdur. Onun əsas bənzərsizliyi dünyada mövcud olan bütün dinlərin şəksiz təsbit etdiyi bir müddəanı qəti inkar etməsidir. Tövrat da, İncil də, Quran da deyir:

“Özünə rəva qılmadığını özgəsinə arzulama”. 

Di gəl ki, erməni öz torpağının işğalına qeyzlənir, fəqət özgə torpağını tutanda, əndazə tanımır. Özü yad saydığı insanlara işgəncə verir, didərgin salır, abidələrini dağıdır, evlərini uçurur, eyni əməl onun barəsində ediləndə, bütün dünyanı lərzəyə salan fəryad çəkir, yüz il də olsa, durmadan inildəyir.

Məncə, belə əxlaqın sahibi səadət nədir, bilməz.

Qərb bizə əxlaq dərsi keçir. Bizdən varlıdırlar, ərkləri çatır. Fəqət diqqətlə onların əxlaqına baxanda, görürsən ki, bizimkindən çox az fərqlənir. Həmin ikili standart, həmin qərəzlilik, həmin xudpəsəndlik.

Daha kim qaldı? Kimin əxlaq bostanına daş atmadım?

Deyim kimin. Hər bir ölkəyə uzaqdan baxanda, təzək təpəsinə bənzəyir.

Lap elə bizi götürsək, uzaqdan baxsaq, görərik ki, xalqın əksəriyyəti, Mirzə Ələkbər Sabir demişkən, “harda müsəlman görürəm, qorxuram”. Bir qonşularına, qohumlarına, iş yoldaşlarına, heç uzağa getməyək, millət vəkillərimizə və ya nazirlərimizə və icra hakimiyyəti başçılarımıza baxaq. Nə görərik? Demirəm nə, özünüz mənsiz də, bəlkə də məndən də artıq, bilirsiniz.

Lakin bu təzək təpəsinə yavuqlaşıb diqqətlə baxanda, bir də görürük ki, bu təpənin içində ləl-cəvahirat parlayır. Bu ləl-cəvahirat Mirzə Fətəli Axundzadədir, Mirzə Şəfi Vazehdir, Həsən bəy Zərdabidir, Mirzə Cəlildir, Mirzə Ələkbər Sabirdir, Məmməd Əmin Rəsulzadədir, Üzeyir bəy Hacıbəylidir, Cəfər Cabbarlıdır, Mikayıl Müşfiqdir, Səməd Vurğundur, Xudu Məmmədovdur…

Böylə zəngin ləl-cəvahiratı görəndə təzək təpəsi yaddan çıxır, azı, onu saya almamağa çalışırsan. Anlayırsan ki, xalqları onların pisləri ilə deyil, yaxşıları ilə ölçərlər. Məncə, Qərbdə də, Şərqdə də belədir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button