SEÇMƏ

“Ecofront” əməkdaşı: “Badamdarda yaşıllıq zonası dağıdılır”

Yayımlandı: 21 Noyabr 2022 14:20

“Ağaclar dəyərlidir, buna görə də cərimə yetərli deyil, cinayət işi açılmalıdır”

“Bir neçə gündür Badamdar qəsəbəsində çoxsaylı ağacların olduğu ərazidə iş gedir. Təxminən 1 hektar yaşıllıq zonasında irigövdəli ağaclar dibindən çıxarılaraq götürülür”.

Bunu Meydan TV-yə “Ecofront” təşkilatının üzvü Kənan Xəlilzadə bildirib. Onun sözlərinə görə, ağaclar tikinti prosesinə mane olur, sahibkar isə səs-küy yaranmaması üçün ərazidəki ağacları bir-bir götürür. Nəticədə yaşıllıq zonası dağıdılır.

“Ağacların çıxarılması üçün icazə alınmayb. Bizdə olan məlumata görə, Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilsə də, sahibkara ağacların götürülməsi ilə bağlı müsbət rəy verməyib. Üstəlik bir neçə gün əvvəl sahibkarı ərazidəki bir iri diametrli ağacı kəsdiyinə görə cərimələyib. Buna baxmayaraq, sahibkarın dünən yenidən ərazidə ağac kəsdiyi bildirilir. Ağaclar dəyərlidir, buna görə də cərimə yetərli deyil, cinayət işi açılmalıdır”, – K.Xəlilzadə söyləyib.

Kənan Xəlilzadə

O, “Yaşıllığın götürülməsi vərəqi”ni göstərərək deyib ki, belə məsələlərdə ictimai nəzarəti artırmaq üçün bu sənəd ETSN tərəfindən ictimaiyyətə tanıdılmayıb. Heç bir tikinti şirkəti bu sənədi əraziyə yerləşdirmir. Qanunvericilikdə isə əksinə bu sənədin ərazidə hər kəsin oxuya biləcəyi yerdə yerləşdirilməli olduğu ilə bağlı maddə var:

“Bakıda, yarımsəhra quru çöl iqlim tipinə məxsus şəhərdə, demək olar insanlar tərəfindən əziyyətlə yaradılan yaşıllıqların nə vaxta qədər tikinti meydançasına çevriləcəyi isə məlum deyil”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 12 b ünvanında ağacların texnika vasitəsilə kökündən çıxarılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda xüsusi mülkiyyətdə olan torpaq sahəsindəki ağacların müvafiq rəy olmadan ərazinin hüdudları daxilində digər sahəyə qanunsuz köçürüldüyü müəyyən edilib. Faktla bağlı əraziyə cavabdeh vətəndaş Zaur Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.

Meydan TV

Gözdən qaçırmayın:  MeyArt – Ərdoğan Ahmet Kayanın qəbrinin Türkiyəyə köçürülməsini təklif edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button