Now Reading:
Ehsan qadağasını “qadağan” edən 2 faktor – biznes marağı, ənənə…

Daha çox sovet dövründə formalaşmış yas adətlərindən imtina üçün insanların yanaşmasının dəyişməsinə də ehtiyac var

Bu il Azərbaycanda yas mərasimlərində yeməkli ehsanlara qadağanın tətbiqinin 4 ili tamam olacaq. Artıq Bakının bir çox qəsəbələrində, o cümlədən ölkənin bir çox rayonlarında ehsan süfrələri verilmir. Ən son olaraq sentyabrın 1-dən etibarən Bakının Şağan kəndində yas mərasimlərində yeməkli ehsan süfrələri qadağan edilib.

Ardınca isə Gəncə və ətraf rayonlarda, o cümlədən Tərtər və Bərdə rayonlarında yerli icra hakimiyyətlərinin tapşırığı ilə rayonların ərazilərində yas mərasimlərində yemək süfrələri qadağan edilib. Ancaq hələ də ölkənin bir çox yerlərində, o cümlədən Bakıda yas mərasimlərində yemək verilir. Baxmayaraq ki, hələ 2009-cu ildə isə QMİ-də bu barədə tövsiyə məqsədli çağırış edib. Eləcə də mətbuatda, cəmiyyət arasında əksər insanlar yemək süfrələrinə qarşı olduğunu bildirir, qadağanı dəstəkləyir. Ancaq bütün bu çağırışlar necə deyərlər, yetərsiz qalır.

Əksinə, neft gəlirlərinin artdığı və manatın dəyərinin yüksək olduğu dövrdə digər sahələrdə olduğu kimi, ehsan süfrələrində də israfçılıq elementləri artıb. Bakıda daha əvvəl mövcud olan çadırlarda mərasim təşkil edilməsi ənənəsinə “xeyir-şər evləri” əlavə olunub və qiymətlər daha da qalxıb. Son illərdə Bakıda sürətlə artan “xeyir-şər evləri” böyük gəlir gətirən ehsan biznesinə çevrilib. Bu isə bir neçə amillə izah olunur.

İlgili resim


Əsasən də Bakıda bu sahə monopoliyaya çevrilib, bir sıra “mərasim evləri” təşkil olunub, bahalı süfrələr təşkil olunur. Yəni bu iş həm də maddi qazanc yeri olduğu üçün bunun arxasında maraqlı şəxslər var. İkinci mühüm amil ehsan süfrələrinin bir növ ənənəyə çevrilməsi və insanların bunu bir öhdəlik, dünyadan köçmüş yaxınları qarşısında borc hesab edirlər.

Halbuki israfçı, böyük pullar xərclənən dəbdəbəli ehsan süfrələrinin İslam dini ilə əlaqəsi yoxdur. Çünki İslam dini dünyadan köçən müsəlman üçün 4 əsas şərtin yerinə yetirilməsini vacib bilir. Bunlar – dünyadan köçmüş şəxsin cəsədinin yuyulub qusul verilməsi, kəfənlənməsi və meyit namazı qılındıqdan sonra dəfn olunması. Bu əməllərin yerinə yetirilməsi hər bir müsəlman üçün vacibdir. Yerdə qalan məclislər, ehsan süfrələri zamanla formalaşmış adətlərdir ki, dinlə heç bir əlaqəsi yoxdur. Hətta bəzi hökmlərə əsasən, dünyasını dəyişmiş adamın evində ilk günlərdə yemək bişirilməsi tövsiyə olunmur, yaxın qohum və qonşuların yemək gətirməsi məsləhət görülür. Bu da yasa batmış insanların ikinci bir işlə yüklənməməsi üçündür. Ancaq Azərbaycanda demək olar ki, bu qaydanın əksi icra olunur, əksər bölgələrdə dünyasını dəyişən şəxsin ailəsi ilk gündən cəsəddən daha çox ərzaq, yemək, çadır tədarükü ilə məşğul olur.

Bir çox bölgələrdə isə yas mərasimlərində ehsan süfrələrinin müdafiəsinin daha praktik səbəbləri var. Çünki yas sahibi ehsan verərkən pul yığır və məclisin bütün xərclərini bununla qarşılayır. Bu səbəbdən də bir çox bölgələrdə insanlar qadağaya qarşı çıxır, bu qadağanın əksinə, kasıb ailələrə zərbə olduğunu iddia edir. Hər halda bu iddiada həqiqət payı var və dövlətin qəbir yerləri, dəfn və sair kimi məsələlərdə vətəndaşlara xidmət işini təşkil etməməsi son nəticədə dünyadan köçənin yükünü ailəsinin üzərinə qoyur.


İstənilən halda ehsan süfrələrinin nə dini, nə də milli adət-ənənələrə görə əsası yoxdur. Daha çox sovet illərində formalaşmış yas adətlərindən imtina, insanların yanaşmasının dəyişməsinə ehtiyac var. Ancaq qeyd olunan səbəblərə görə bu işləri “aşağıdan” etmək mümkün olmadı, daha doğrusu bəzi kəndlər istisna olmaqla, insanların öz təşəbbüsü ilə ehsan süfərlərindən imtinası baş tutmadı. Və daha sonra hökumət özü bu sahəyə müdaxilə etməyə qərar verdi.

İlk dəfə 2014-cü ilin avqustunda hökumət bütün ölkə boyu mübarizəyə başlayıb. Bütün ölkə boyu ehsan süfrələri qadağan olunub, qadağaya riayət etməyənlərin təşkil etdiyi məclisdən ərzaq və yemək müsadirə edilib. Hətta bəzi rayonlarda bu işə polis, icra və bələdiyyə orqanları cəlb olunub. Ancaq sonradan gözlənilmədən QMİ hökumətin bu addımına qarşı çıxıb.

Ancaq hökumət orqanları qadağaların sadəcə tövsiyə xarakterli olduğunu bildirir. İnsafən qeyd etmək lazımdır ki, inzibati metodlarla olsa da, müəyyən müsbət təsirləri var. Yeri gəlmişkən, qadağa tətbiq olunan rayonlarda ət istehlakı ciddi şəkildə azalıb. Hazırda ölkənin bir çox bölgələrində ehsan süfrələri artıq sadə şəkildə təşkil olunur. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata əsasən Naxçıvan, Gəncə və Naftalan şəhərlərində, eləcə də Füzuli, Lerik, Ağdaş, Astara, Siyəzən, Goranboy, Tərtər, Bərdə, Ağdam, Qəbələ rayonlarında əhalinin mütləq əksəriyyəti yas mərasimlərini sadə qaydada keçirir. Habelə Şirvan, İmişli, Salyan, Neftçala, Hacıqabul, Zərdab, Göyçay, Biləsuvar, Şəki, Şəmkir, Oğuz və digər rayonlarda əhali yas məclislərini əsasən sadə şəkildə icra edir. Dövlət Komitəsi hazırda bölgələrdə bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərini davam etdirir.

Ancaq müşahidələrimizə əsasən israfçı ehsan süfrələrinin tamamilə ləğv olunması bu istiqamətdə inzibati tədbirlərlə yanaşı, maarifləndirmə işlərinin paralel aparılması, həmçinin yasla bağlı süni xərclərin (qəbir yerləri, baş daşları, meyit yuyulması, molla xidməti və sair) dövlətin öz üzərinə götürməsi və nəhayət nüfuzlu şəxslərin, o cümlədən dövlət məmurlarının, mədəniyyət və ictimai xadimlərin nümunə olması lazımdır.

Həm israfçı ehsan süfrəsi, həm də bahalı başdaşı qoyulmasından imtina etmək üçün yalnız qadağa kifayət deyil, eyni zamanda ciddi maarifçi təbliğata və müsbət nümunələrə ehtiyac var.

“Yeni Müsavat”

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.