Loading...
Loading...
Cəmiyyət

Ekspert: Ermənistanın təkmil dron istehsalı üçün hazırda potensialı yoxdur

Ermənistan hərbi məqsədli pilotsuz hava aparatları – hərbi dronlar istehsalını genişləndirmək istəyir. Avqustun 19-da hökumət ordunun Baş Qərargı daxilində pilotsuz uçan aparatlara dair xüsusi idarə yaradılması barədə qərar verib.

Türkiyədə havadan müdafiə üzrə hərbi təhlilçi Arda Mevluç deyir ki, Ermənistan son 10 ildir dron istehsal edir, amma bu istehalı tam hərbi məqsədlər üçün istifadəyə yararlı səviyyəyə gətirməyə hazırda onun potensialı yoxdur.

Ekspertin sözlərinə görə hətta Türkiyə 25 ildir ki, dron istehsalı ilə bağlı işlər görür, hələ indi-indi uğur qazana bilir.

“Bu sadəcə zavod istehsalı demək deyil, dron istehsalı sistemli işdir. Ermənistanın hazırkı potensialı ona yetişkin dronlar istehsal etmək imkanı vermir. Ermənistanın Azərbaycana təhdid ola biləcək bir səviyyədə dron istehsal edəcəyini gözləmirəm”.

Riçard Giraqosyan: Ermənistan müdafiə dronları istəyir

Amma Ermənistanda Regional Araşdırmalar Mərkəzinin rəhbri Riçard Giraqosyan deyir ki, Ermənistanın heç başqa ölkələri hədəfə almaq kimi planı da yoxdur, yeni baş nazir Nikol Paşinyanın imzaladığı dövlət proqramına görə Ermənistan öz ordusunu ancaq müdafiə məqsədilə qurur. Şərhçi düşünür ki, istehsal olunacaq dronlar da müdafiə xarakterlidir:

“Ermənistan Rusiya hərbi bazasını genişləndirir, özü isə silah satınalmalarını azaldacaq. PUA-ların istehsalı davam edəcək, amma bu aparatlar xüsusiyyyətlərinə görə, monitorinq, izləmə və müdafiə xarakterli olacaq. Yeni proqramdan belə nəticə çıxır ki, Ermənistan tərəfi Azərbaycanla gərginliyi azaltmaq istəyir”.

Amma Ermənistanda, xüsusilə də müxalifətdə olan rusiyayönümlü qüvvələr kimi tanınan siyasətçilər qisasçı çağırışlar edirlər. Üstəlik Ermənistanla Azərbaycan hələ heç yekun sülh sazişi də imzalamayıb.

Başqa bir ermənistanlı şərhçi – hərbi təhlilçi David Aratyunov isə Sputnik Armeniaya müsahibəsində deyib ki, yaxınmənzilli, yüngül kəşfiyyat və hücum PUA-ları istehsal etmək Ermənistanın gücü daxildədir.

Rusiyanın özünün bu sahədə köməyə ehtiyacı var

Bir məsələ də var ki, Ermənistana bir qayda olaraq müttəfiqi Rusiya dəstək verir. Bu günlərdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Rusiya Ermənistan ordusununun müasirləşdirilməsi üçün yardım etməyə hazırdır. Bu halda Rusiya dron təchizatında Ermənistana necə kömək edə bilər? Rusiyada hərbi təhlilçi Pavel Felqenhaur deyir ki, Rusiyanın özü bu istiqamətdə araşdırmaları davam etdirir:

“Hələ ki, İsrailin Searcher 2 dronu əsasında düzəldilmiş Forpost Rusiyanın ən uğurlu dronudur. Onlardan Donbas və Suriyada istifadə edib. Əmin deyiləm ki, İsrail Rusiyaya bu dronu ixrac etməyə icazə verəcək. İsrail özü bu dronu xeyli ölkəyə ixrac edir. Rusiya hazırda dron sənayesini inkişaf etdirməyə çalışır. Amma buna çoxlu vaxt, pul lazımdır. İlk baxışda dron istehsalı sadə görünə bilər, amma hərbdə uğurlu olacaq dron istehsal etmək heç də asan deyil”.

Azərbaycan keçən il Qarabağ müharibəsində son model Türkiyə və İsrail istehsalı olan hərbi PUA-lardan istifadə edib.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

Azərbaycan prezidenti müsahibələrində bildirib ki, ordunun keçənilki Qarabağ müharibəsində qalib gəlməsinin əsas səbəblərindən biri də məhz PUA-lar olub.

Mənbə
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button