2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ekspertlər ali məktəblərin bölgələrə köçürülməsinin məqsədəuyğunluğu haqqında

Bakı/23.11.21 Regionların inkişafı və Bakıda tıxacların azalması məqsədilə bəzi nazirliklərin və universitetlərin ölkənin rayonlarına köçürülməsi təklif olunur.

Ekspertlər qeyd edirlər ki, bu addım regionlarda iqtisadi aktivliyi artıracaq və əhalinin paytaxta köçməsinin qarşısını alacaq.

Lakin bu təkliflər illərdir cavabsız qalır. Təkliflər niyə nəzərə alınmır? Həmin təklifin müsbət və mənfi tərəfləri hansıdır? Nəticə nə ola bilər?

Saytların yığılması Saytlarin yigilmasi

Milli Məclisin deputatı Fazil Mustafa Turan-a bildirib ki, ağıllı təkliflərin dərhal dəyərləndirilməsi ənənəsi çox yoxdur. “Gərək tam bankrot ola, gərək o sahədə tam çöküş olsun ki, bunun bərpası haqqında düşünək”.

Onun sözlərinə görə, müəyyən müəssisələr Bakıdan regionlara köçürülməlidir. “Elə nazirliklər var ki, rayonda da fəaliyyət göstərə bilər, onun regional dəyəri daha çoxdur. Elə universitetlər də var ki, onları regionlara yaymaq lazımdır”.

O qeyd edib ki, bu məsələləri daha çevik həll etmək lazımdır. “Çünki vaxt keçdikcə məsələ daha da ağırlaşır. Şəxsi obyektlər üçün hamı şəhərdən kənarda yer tapır, amma vacib infrastrukturun qurulması üçün heç kəs heç nə etmir. Bakıda yollar çəkilib, hərdən baxırsan ki, yol gedib mənasız yerdə buruldu. Çünki kimsə villanı yol layihəsi üzərində tikib və ona toxunmaq olmaz”.

Deputat Ceyhun Məmmədov isə hesab edir ki, köçürmədən daha çox, bölgələrdə yeni universitetlərin və müəssisələrin yaradılması barədə düşünmək lazımdır.

“Bölgələrdə çoxlu yeni iş yerlərinin yaradılması Bakıda əhalinin sıxlığının azaldılmasına ciddi töhfə verə bilər. Hazırda bölgələrdə bir sıra universitetlər fəaliyyət göstərir. Ora qəbulun artırılması və müvafiq infrastrukturun yaradılması məqsədəuyğun olar”.

Onun sözlərinə görə, bu baxımından Qarabağ Universitetinin yaradılması xüsusi önəm daşıyır.

Nazirliklərin bölgələrə köçürülməsinə gəlincə isə, deputat bunu hazırda məqsədəuyğun hesab etmir. “Çünki bir sıra hallarda vətəndaş paytaxta gələrək burada bir neçə quruma ona lazım olan müraciətləri edir. Belə olanda bir məsələ üçün bir rayona, digər məsələ üçün başqa rayona getməlidir. Bu isə müəyyən çətinliklər yarada bilər”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, köçürülmə planlaşdırılmış şəkildə olmalıdır. “Buna həm Bakının yükünün azaldılması və regionların iqtisadiyyatda rolunun artırılması kimi baxmaq lazımdır. Ölkə gəlirlərinin formalaşmasında regionlar cəmi 11 faiz paya malikdir. Bu, regionların inkişaf etmədiyinin, 3 regional inkişaf proqramının yerinə yetirilmədiyinin bariz nümunəsidir”.

Onun sözlərinə görə, müəyyən dövlət və hökumət institutlarının regionlara köçürülməsi həmin rayonların cazibəsinin artmasına səbəb olur və nəticədə həmin rayonların inkişafında rol oynayır. “Universitlər iqtisadi fürsətləri yaradan bir alətdir. Bir universitetdə 10-15 min tələbə oxuyursa, minə yaxın müəllim və texniki işçi çalışırsa, bu, böyük bir qəsəbənin yaranmasına səbəb olur və bunun ətrafında kafelər, restoranlar, hotellər və bununla da iqtisadi fürsətlər yaranır”.

Ekspertin fikrincə, regionlarda xarici universitetlərin filiallarını açmaq daha məntiqli olardı. “Bununla da Bakıdakı universitetlərə maraq azalardı və paytaxtda əhalinin sayı da azalardı”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə bildirib ki, hazırda respublika üzrə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir. “Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Ölkədə ümumilikdə 167 662 tələbə bakalavr, 13 442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 142 687 nəfər Bakıda təhsil alır”.

Ekspert deyir ki, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. “Danılmazdır ki, ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər”.

Onun fikrincə, paytaxtdan kənara köçürülməsinə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti, İqtisad Univeristeti, Slavyan Universiteti və Pedaqoji Universitetdir.  “Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt , Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olardı”.

Onun sözlərinə görə, Amerikada və dünyanın başqa böyük ölkələrində universitetlər şəhərdə də, şəhərdən kənarda da yerləşir. “Qardaş Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər”.

O qeyd edib ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. “Bu, o deməkdir ki, yaxın vaxtlarda biz universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik. Artıq Lomonosov adına Moskva Dövlət Univeristetinin Bakıdakı filialı və Bakı Ali Neft Məkətəbi şəhər ətrafına köçürülüb”

Ekspert hesab edir ki, önəmli olan təhsilin keyfiyyətidir. “Universitetin harada olmasından aslı olmayaraq, bütün güc təhsilin səviyyəsinin qaldırılmasına yönəldilməlidir”.

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button