2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Elçibəy irsi

***

-Oktay bəy, Elçibəy İnstitutu təsis etmisiniz. Bu ideya hardan və ilk olaraq kim tərəfindən meydana gəldi?  Və institutun yaradıcıları arasında kimlər var?

-Mərhum prezident Elçibəyin vəfatından sonra onun irsinin araşdırılması ilə bağlı müxtəlif ideyalar səsləndirilib, forumlar, konfranslar keçirilib. Amma  görülən işlərə baxmayaraq bu tədbirlərin  sistemli xarakter alması, Elçibəy şəxsiyyəti və irsinin Azərbaycan cəmiyyətinə obyektiv şəkildə çatdırılması üçün daha optimal formata ehtiyac duyulurdu.  Son illər cəmiyyətdə  Elçibəyin şəxsiyyəti  və fəaliyyətinə  marağın ciddi şəkildə artması  bu ehtiyacı artırırdı. 2018-ci ildə Elçibəyin 80 illik yubileyinin  keçirilməsi ilə bağlı ictimai-siyasi qüvvələrin geniş spektrinin yaratdığı  Təşkilat Komitəsinin bir çox üzvlərinin təşəbbüsü və iştirakı ilə  düşünülən formatla bağlı müzakirələr intensiv xarakter aldı. 2020-ci ilin ortalarına qədər davam edən müzakirələrin nəticəsində ümumi fikir yaranacaq qurumun İnstitut formatında olmasından yana idi. Sadəcə, pandemiya şəraiti, Tovuz hadisələri və 44 günlük vətən savaşı İnstitutun təsisini gecikdirdi.  Bildiyiniz kimi, Elçibəy İnstitutu təsisi 17 noyabr 2020-ci ildə elan  edildi. Bu ideyanı bir nəfərlə bağlamaq doğru olmaz. Qeyd etdiyimiz kimi, İnstitut elan edilənədək xeyli sayda insanın məsələ ilə bağlı fikirləri alınmışdı. Bu baxımdan  İnstitutun yaranması həmin fikirlərin nəticə kimi qəbul edilməlidir. İnstitutun yaradılması ilə bağlı təşəbbüslə çıxış edən 8 nəfər- İsa  Qəmbər,  Pənah Hüseyn, Əli  Kərimli,  Arif  Hacılı, İsmayıl  Musayev,  Qiyas  Sadıqov, Arzu  Səmədbəyli və mən  Elçibəy İnstitutunun Məsləhət Şurasının üzvləridir. Təsis olunduqdan sonra da pandemiya səbəbindən toplaşmaqda  çətinliklər olsa da İnstitutun işində iştirak etmək istəyən xeyli sayda insanla müzakirələr aparılıb, gələcək fəaliyyətlərini əlaqələndirməyə çalışırıq.  

Saytların yığılması Saytlarin yigilmasi

-İnstitutun məqsədi, məramı, yeri və rolu nə olacaq? Bu bir siyasi təşkilatdır, yoxsa analitik mərkəzdir?

-Sualınızın cavabı Elçibəy İnstitutunun əsasnaməsinin birinci cümləsində verilib: “ İnstitutun  məqsədi Azərbaycan Milli Azadlıq və demokratik hərəkatının lideri, 1992- ci ildə demokratik yolla  prezident seçilmiş Ə. Elçibəyin  dövlətçiliyin inkişafı və möhkəmlənməsi üçün əhəmiyyəti və siyasi aktuallığı artan elmi- nəzəri –ideoloji irsini toplamaq, mühafizə və müdafiə, tədqiq, təbliğ və təşviq etməkdir”.  Yəni instititun məramı və məqsədi aydındır. Elçibəyin irsinin öyrənilməsi, toplanması, tədqiqi, təbliği, müdafiə edilməsi və s. Qurumun cəmiyyətdə yeri və rolu barədə müəyyən zaman müddətində fəaliyyət göstərəndən  sonra danışmaq olar. Yəni görəcəyi işlərin nəticəsinə cəmiyyətin verəcəyi qiymətlə onun yeri və rolu müəyyən olunacaq. Elçibəy İnstitutu siyasi təşkilat deyil. Bu Məsləhət Şurasının üzvlərinin birmənalı mövqeyidir. İnstitut daha çox Elçibəy irsini bütün yönləri ilə araşdırmağı qarşısına məqsəd qoymuş araşdırma mərkəzi kimi də qəbul edilə bilər. 

-Niyə məhz Elçibəy institutu? Yəni institutun təsisçiləri sırasında olan şəxsləri ancaq bu ad birləşdirə bilərdi deyə bu adı seçmisiz, yoxsa institutun fəaliyyət istiqamətlərində əsasən Əbülfəz Elçibəyin siyasi-ideoloji baxışlarından istifadə olunacaq?

-Bu ad fərqli siyasi mövqeləri olan insanları birləşdirmək üçün yox, fəaliyyətinin əsas istiqaməti Elçibəy ideyaları və irsini araşdırıb toplamaq olan bir qurum üçün seçilən addır.  İnstitutun fəaliyyətinin əsasını Elçibəyin siyasi-ideoloji baxışları təşkil edəcək. Qurumda birləşən şəxslərin mövqeyi bundan ibarətdir.

-Amma təcrübə deyir ki, institutun yaradıcıları sırasında adı çəkilən liderlər bir neçə dəfə başqa siyasi təşkilatlarda bir arada olublar və bu birliklər heç də uğurlu iş birliyi ilə nəticələnməyib. Sizcə, bu institutun taleyi də həmin siyasi birliklərin aqibətini yaşamayacaq ki? Və bu aqibəti yaşamaqdan institutu necə sığortalayacaqsız?

-Əvvəlllər yaradılmış formatların məramı və məqsədi fərqli olduğundan onların əksəriyyəti arzuladığı nəticələri əldə edə bilməyib. Elçibəy İnstitutunun yaranmasının məqsədi isə həmin qurumlarınkından fərqlidir. Məhz bu baxımdan Elçibəy İnstitutunun taleyinin fərqli olacağını söyləyə bilərik. Məram və məqsədimiz aydın olduğu üçün, fəaliyyətinin uğurlu olacağına inanıram. Qeyd etdiyiniz təşkilatların taleyini yaşamamaq üçün  öz işimizlə məşğul olub, elan etdiyimiz  istiqamətdən kənara çıxmamaq yetərlidir.

-İnstitutun elan olunması əvvəlki siyasi birliklərin elan olunması ilə müqayisə etdikdə o qədər də ajiotaj yaratmadı. Hətta reaksiyalardan da görünür ki, bu institutu “pensionerlər klubu” kimi qələmə verənlər də var. İnstitut bunun əksini cəmiyyətə necə sübut edəcək və ictimaiyyətə təsir edə bilmək gücündə olduğunu hansı fəaliyyəti ilə ortaya qoyacaq?

-Elçibəy İnstitutunu təsis edərkən məqsədimiz ajiotaj yaratmaq deyil, elan etdiyimiz fəaliyyətlə məşğul olmaqdır. Cəmiyyətdə  münasibət və gözləntilər, o cümlədən qiymətləndirmələr fərqli ola bilər. Bizim üçün vacib olan nəzərdə tutduğumuz  işləri görmək, Elçibəy irsini toplayıb sistemli şəkildə cəmiyyətin istifadəsinə  təqdim etməkdir. Bunun üçün Elçibəy irsininə və onun toplanmasına maraq göstərib yardım etmək istəyən şəxslər və qurumlarla əməkdaşlıq etməyi düşünürük. Qarşıda görüləcək xeyli iş var. Elçibəyin fəaliyyətini bütün istiqamətləri ilə araşdırıb, materialları toplayıb sistemləşdirmək həddən artıq vaxt, enerji tələb edir. Düşündüklərimizi edə bilsək,  o zaman cəmiyyətin nəticəyə görə verəcəyi qiymətin  necə olacağını rahatlıqla söyləmək olar.    

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button