2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Elçin Quliyev: Mənim hər sözüm dövlət sirrini təşkil edir

Antiterror Mərkəzinin rəisi ifadə verməkdən imtina etdi

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 3-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər mülki iddia ilə çıxış ediblər. Məhkəmə onların iddialarını qəbul edib. Hakim bildirib ki, məhkəmə iclaslarında həmin iddialar araşdırılacaq. 

İclasda çıxış edən zərərçəkmiş şəxslərdən Mətləb Mustafayev sabiq MTN naziri Eldar Mahmudovun, Səbail və Nəsimi rayon məhkəmələrinin bəzi hakimlərinin əlavə şahid kimi çağırılıb dindirilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb. 

İclasda çıxış edən Azər Mehdiyevin vəkili Qubad Salayev isə müdafiə etdiyi şəxsin barəsində həbs-qətimkan tədbirinin həbslə əlaqədar olmayan qətimkan tədbiri ilə əvəz edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. 

Azər Mehdiyevin vəkili zərərçəkmiş Maqsud Mahmudovun barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə vəsatət verib. O bildirib ki, Maqsud Mahmudov 1993-94-cü illərdə və 1998-ci ildə 1 saylı Əsəb Dispanserində müalicə alıb.

Vəsatətə münasibət bildirən Maqsud Mahmudov bildirib ki, Qarabağ döyüşlərində iştirak edib və bu səbəbdən 1994-cü ildə müalicə alıb. 

İclasda çıxış edən Elçin Quliyev isə bildirib ki, Maqsud Mahmudov əvvəllər dələduzluq ittihamı ilə məhkum olunub: “Ona pornoqrafik videolarla qadınları şantaj etməsi ilə bağlı cinayət işi də olub. Bu şəxs peşəkar şantajçıdır. Onun barəsində ekspertizanın keçirilməsinin tərəfdarıyam”. 

Müşavirə keçirən hakimlər vəsatəti təmin etməyib. 

Daha sonra Elçin Quliyevin vəkili məhkəmə istintaqının çəkilişlə aparılmasını istəyib. Bildirib ki, sonuncu məhkəmə iclasından sonra mətbuatda xoşagəlməz məlumatlar yayılır: “Biz istəyirik ki, çəkiliş aparılsın, həmin çəkilişlə məhkəmə iclasının protokolları uyğunlaşdırılsın. Hələ burada məhkəmə istintaqı başlanmamış mətbuatda Elçin Quliyevin açıqlanmaları yayılıb. Elə məlumatlar yayırlar ki, onların açıqlanması qanunla qadağandır”. 

Elçin Quliyev isə belə vəziyyətdə ifadə verə bilməyəcəyini, prosesin qapalı keçirilməsini istəyib. Prokuror isə bildirib ki, məhkəmə iclası protokollaşdırılır: 

“Protokoldan narazı qalanlar isə qeydlərini edə bilər. Məlumatların yayılmasına gəlincə, ölkəmizdə azad mətbuat var. Mətbuatda yazılanların işə adiyyatı yoxdur. Video çəkilişlə bağlı hissədə vəsatət təmin edilməsin. Prosesin qismən qapalı aparılması barədə bizim tərəfimizdən vəsatət var. Həmin vəsatətə əsasən dövlət sirrinin və şəxsi ailə sirrinin yayılmaması üçün prosesin qismən qapalı keçirilməsini istəyirik”.

Prosesin qapalı keçirilməsini zərərçəkmiş Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini olmuş Ələkbər Heydərov də istəyib: 

“On il əvvəl olan işləri mətbuat yazır. Yazırlar ki, əli ilə 5 göstərib, 500 min istədi. Buna görə də prosesin tam qapalı keçirilməsini istəyirik”. 

Hakimlər prosesin video çəkilişlə aparılması barədə vəsatəti təmin etməyiblər. Amma prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. 

Daha sonra məhkəmə istintaqı başlanılıb və dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. 

Elçin Quliyevə ifadə vermək təklif edilsə də, hazırkı mərhələdə ifadə verə bilməyəcəyini deyib. Bildirib ki, zərərçəkmişlərin də iştirak etdiyi prosesdə ifadə verə bilməz: 

“Mənim hər sözüm dövlət sirrini təşkil edir. Bizim əməkdaşlarımızın adını açıqlayırlar. Onlar terror şəbəkələrinin hədəfində ola bilərlər. Meşə qardaşları, Kamran Əsədovun dəstəsi, İŞİD, Əlqaidə, digər terror şəbəkələri əlaqələri olan şəxsləri ifşa etmişik. Mən özümü kənara qoyuram. Daha mənim adımı açıqlayıblar. Bu əməkdaşlarımızın adını açıqlamaq düzgün deyil. Onların ailəsinə bir şey olsa, kim məsuliyyəti üzərinə götürəcək?” 

O, sonda ifadə verəcəyini bildirib. Digər təqsirləndirilən şəxs də susmağından istifadə etdiyini qeyd edib. 

Bundan sonra zərərçəkmiş Xalıq Sadıxov ifadə verib. O, bildirib ki, “Elite Travel” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və direktoru olub. Onun sözlərinə görə, MTN əməkdaşları tərəfindən 2010-cu ildə saxlanılıb: “Məni MTN-ə gətirdilər. Orada Ayaz Gərayzadə dindirdi və bildirdi ki, 100 min manat verməlisən. Məni saxta viza verməkdə ittiham ediblər. Sonra şirkətin lisenziyasının ləğv edilməsi ilə hədələdilər və hər ay aylıq verməyimi tələb etdilər. Bildirdilər ki, bütün turizm şirkətləri bizimlə belə işləyirlər”. 

Zərərçəkmişin sözlərinə görə, ikinci dəfə MTN-ə 2013-cü ildə aparılıb. Onun ifadəsinə görə, ikinci dəfə də hədə-qorxulara məruz qalıb: “Ayaz Garayzadə, Nail Tağızadə və digərləri şirkətimizdən öz adlarına, ailə üzvlərinin adlarına tur paketlər götürürdülər. Elə hərəkət edirdilər ki, şirkət onlarındır. Onların bu hərəkətləri barədə heç yerə şikayət etməmişəm. Müraciət edə bilməzdim. Şikayət etsəydim, evimdə məni güllələyərdilər”.

Daha sonra zərərçəkmiş, uşaq həkimi Elşən Tağıyev bildirib ki, 2015-ci ilin sentyabrın 27-də işlədiyi “Ankara” klinikasının qarşısında MTN əməkdaşları tərəfindən saxlanılıb və nazirliyə aparılıb: 

“Nazirlikdə mənə bildirdilər ki, hansına qadına qarşı əxlaqsız hərəkətlər etmişəm. Sonra məndən 50 min, daha sonra isə 30 min istəyiblər. Amma MTN əməkdaşlarına heç bir vəsait ödəməmişəm”. 

Elşən Tağıyev bildirib ki, barəsində olan şikayətlə bağlı sonradan Sabunçu rayon Polis İdarəsində araşdırma aparılıb və şikayət sübuta yetirilmədiyi üçün cinayət təqibinə xitam verilib. O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyib. 

Elçin Quliyev bildirib ki, zərərçəkmişin əməlləri ilə bağlı MTN-ə şikayət edilib: “Şikayət əsasında həmin şəxs MTN-ə çağırılıb və dindirilib. Çoxları fikirləşir ki, MTN ancaq dövlətin təhlükəsizlik işləri ilə məşğul olmalıdır. Amma bu belə deyil. Bizim işimiz insanlarla işləməkdir. Bu zərərçəkmiş ərəb ölkələrində işləyib. Biz də insanların fəaliyyətində seçim edirik, bu üsulla onları nazirliyə dəvət edib, əlaqə yaradırıq”. 

Məhkəmə iclası mayın 8-də davam edəcək.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Ona Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button